Braziliya millisinin və “Barselona” klubunun keçmiş üzvü Ronaldinyonun 57 əmlakına həbs qoyulub. Futbolçunun Braziliya və İspaniya pasportları isə ödənilməmiş vergi və cərimələrə görə müsadirə edilib.
ÇıxışYolu.Com Braziliyanın “Folha de Sao Paulo” qəzetinə istinadən xəbər verir ki, iki dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş Ronaldinyo Portu Aleqri şəhərindəki evində qanunsuz pirs tikdiyi üçün 9.5 milyon rial (təxminən 4,3 milyon manat) cərimələnib.
Bundan başqa, kreditorlar ondan bələdiyyə vergiləri də daxil olmaqla, digər borclarını ödəməyi tələb edir. Portu Aleqri məhkəməsinin hakimi məxfilik qaydalarına görə, sözügedən qəzetin məlumatını nə təsdiq, nə də təkzib edib.
Ronaldinyonun var-dövlətinin 80-100 milyon funt təşkil etdiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl Braziliya millisinin daha bir sabiq futbolçusu Kafu maliyyə problemləri ilə üzləşmişdi. Onun Braziliyada sahib olduğu mənzillərinə müvafiq orqanlar tərəfindən həbs qoyulub.
Səbuhi Musayev