Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukraynada bu ölkənin başçısı Pyotr Poroşenko ilə görüşüb.
ÇıxışYolu.Com Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə SOCAR rəhbəri Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasının işində iştirak imkanına görə Poroşenkoya minnətdarlığını bildirib.
R. Abdullayev SOCAR-ın “Ukraynada özünü rahat hiss etdiyini və sürətlə inkişaf etdiyini” qeyd edib.
Görüşdə tərəflər həmçinin SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələri, Ukraynanın həmin layihələrə cəlb olunması və bu ölkənin neft emalı kompleksinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Rövnəq Abdullyevin sözlərinə görə, SOCAR-ın Türkiyədəki strateji layihələri başa çatdıqdan sonra rəhbərlik etdiyi şirkət Ukrayna bazarında biznesin inkişafını nəzərdən keçirəcək, “çünki, burada inkişaf çox uğurla gedir”.
SOCAR rəhbəri həmçinin biznesə göstərilən diqqət və əlverişli investisiya şəraitinin yaradılmasına görə Poroşenko və Ukrayna hökumətinə minnətdarlığını bildirib.
Öz növbəsində, Ukrayna və Azərbaycan prezidentləri arasında isti dostluq münasibətlərini qeyd edən Pyotr Poroşenko dövlətlər arasında əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib.
“Hesab edirəm ki, biz əməkdaşlığın inkişafı və dərinləşdirilməsi imkanlarından, o cümlədən energetika sahəsindəki imkanlardan tam gücü ilə istifadə etməliyik”, – deyə, Ukrayna prezidenti bildirib və həmin potensialdan Ukraynada enerji təchizatının şaxələndirilməsi üçün istifadə imkanlarının əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər həmçinin yüksək keyfiyyətli aviasiya yanacağının tədarükü və Ukrayna hava limanlarında sərnişin axınının kəskin artması ilə əlaqədar bu yanacağın Ukraynada istehsakı imkanları sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.