87e7925b-4bad-4d3a-be83-546ef7075866..jpg

Rövşən Binnətli: “Arzun “Santyaqo Bernabeu” da ola bilər, amma “İmarət”…” – MÜSAHİBƏ

Baxış sayı: 4. 269 dəfə baxılıb.

Rövşən Binnətli: “Arzun “Santyaqo Bernabeu” da ola bilər, amma “İmarət”…” –
MÜSAHİBƏ

“Hələ uşaq yaşlarından futbol şərhçisi olmaq arzum idi. Uşaqlıq illərimin
arzusu ilə həmişə bərabər addımlamışam. Lakin jurnalistika fəaliyyətinə yazılı
mediada başlamışam”.

Bunu Cixisyolu.com-a müsahibəsində tanınmış idman jurnalisti, şərhçi Rövşən Binnətli
deyib.

Müsahibəni təqdim edirik:

– Azərbaycan idman jurnalistikasının “ağır artilleriya”larından biri olan
Rövşən Binnətli 64 yaşına qədəm qoydu. Rövşən bəy, geri dönüb baxdıqda bu 64
ildə nələr görürsünüz?

– İdman jurnalistikasının ölkə mediasında ayrıca bir qol kimi inkişaf etməsi
olduqca sevindirici haldır. Jurnalistikanın müxtəlif sahələri var, bilirsiniz,
amma idman jurnalistikası hər zaman adı ilə çağırılır, xüsusi vurğulanır. Bu da
onun spesifik cəhətlərindən biridir. Geniş xarakterli olduğunu göstərir. İdman
jurnalistikası, ümumiyyətlə, asan bir sahə kimi qavranılıb. Amma əslində, çox
çətin bir sahə, məsuliyyətli işdir. Azı 20-yə yaxın idman növü var.

Yəni bu, kənardan göründüyü qədər asan sahə deyil. Hər kəs bunu bacarar deyə
bir fikir ola bilməz, bu, yanlış yanaşmadır. Oxucuya, izləyiciyə dolğun məlumat
çatdırmaq üçün jurnalistin bilik və dünyagörüşü geniş olmalıdır. Məni
sevindirən odur ki, Azərbaycanda xeyli idman jurnalisti var ki, bu sahədə öz
sözünü deyə bilir.

Lakin sovet dönəmində jurnalistdən tələb olunan bu idi ki, əgər sən
jurnalistsənsə, bu gün kənd təsərrüfatından, sabah mədəniyyətdən, o biri gün
iqtisadiyyatdan yazmalısan. Yəni yanaşma bu cür idi.

Düşünürəm ki, yaxın beş ildə Azərbaycanda idman jurnalistikası bir qədər də
genişlənəcək və xeyli sayda peşəkar jurnalistimiz yetişəcək. İndi təkcə
futboldan reportaj aparana da idman jurnalisti deyirlər. Amma əslində, bunlar
tamamilə fərqli məsələlərdir. Gələcəyə nikbin baxmağa əsas verən məqamlar var.
Geriyə boylananda görürəm ki, təxminən 1994-95-ci illərdən bu sahə inkişaf
yoluna qədəm qoyub və ümidvaram ki, yaxşı bir nöqtəyə gəlib çıxacaq.

– Ağdamda başlayan, Bakıda davam edən, qəzetdən televiziyaya qədər uzanan
karyeraya sahibsiniz. Sizin üçün hansı dönəm daha dəyərlidir?

– Mən hansı sahədə olmuşamsa, tələbləri yerinə yetirməyə çalışmışam. Hələ uşaq
yaşlarından futbol şərhçisi olmaq arzum idi. Uşaqlıq illərimin arzusu ilə
həmişə bərabər addımlamışam. Lakin jurnalistika fəaliyyətinə yazılı mediada
başlamışam. Orada da tələb nə olubsa, yerinə yetirmişəm. Eyni zamanda,
bilmədiklərimi öyrənməyə çalışmışam. Arzuma çox gec yaşda çatsam da, davam
etdirmişəm.

Şərhçilik dönəmində futbolla yanaşı, voleybol, bədii gimnastika və qış idman
növlərinin oyunlarını da şərh etmişəm. Hər birinə maksimum məsuliyyətlə
yanaşmışam. Bilmədiyim bir sahə olubsa, onun mütəxəssisini tapıb, məlumat
almışam. Qaydaları onunla müzakirə edib, öyrənməyə çalışmışam ki, tamaşaçı
qarşısında çətin vəziyyətdə qalmayım.

Təbii ki, qüsursuz mümkün deyil. Belə düşünürəm ki, tamaşaçılarımı şərhlərdə
tam qane etməsəm də, onları çox da narazı salmamışam. Bütün dönəmlər dəyərli
olub.

– Karyeranızda ən yaddaqalan hadisə hansıdır?

– Hər biri özlüyündə yaddaqalandır. Eləsi var, xoş xatirə kimi yada salırsan,
eləsi də var, səni narahat edir. Bəzən qərəzli, bəzən də qeyri-obyektiv tənqid
olub. Amma acısı ilə, şirini ilə hamısı doğmadır. Çünki peşəmizin xarakteri
belədir. Bu ağırlığa çiynin tab gətirməsə, onda bu yol ilə gedə bilməzsən.

Yazdığım yazını redaktor oxuyub qırmızıladıqca işimə daha məsuliyyətlə
yanaşmışam. Redaktoruma qarşı içimdə inciklik qalmayıb. Düşünmüşəm ki, niyə
mənim yazımın üzərində bu qədər qeyd var? Demək ki, hansısa məqamları mən düz
etməmişəm. Onları bir-bir analiz etmişəm. Daha sonra “qırmızı”ların azaldığını
gördüm. Çalışmaq lazımdır ki, hər gün nəsə öyrənəsən. Gənc nəsillə də
ayaqlaşmağa çalışıram.

– Bu illər ərzində peşənizlə bağlı peşman olduğunuz anlar olubmu?

– O qədər əsassız məqamlar olub ki, ümumiyyətlə uzaqlaşmaq istəmişəm. Sonra
yenidən toparlanmağa çalışmışam. İndi elədir ki, tamaşaçılarla görüşə bilmirəm.
Hər bir şərh edəcəyin yarışa, oyuna ciddi hazırlaşmalısan. Bu isə xeyli vaxt
tələb edir. Amma tamaşaçılarla görüşmək istəyi içimdə var və düşünürəm ki, hələ
bu görüşlərimiz olacaq.

– Televiziyaya kifayət qədər gec, 42 yaşınızda gəlsəniz də, çox uğurlu karyera
qurmusunuz. Bunu isə hər adam bacarmır. Müqayisə etsək, sizcə, hansı daha
asandır – telejurnalistika, yoxsa qəzet jurnalistikası?

– Mənə elə gəlir ki, qəzet jurnalistikası peşənin bütün incəliklərini
öyrənməkdə jurnalistə çox kömək edir. Yəni televiziya jurnalisti də bir tədbirə
gəlir, yazılı medianın nümayəndəsi də. Yazılı media nümayəndəsi orada baş
verənləri oxucusuna çatdırmaq üçün bəlkə, 150 cümləlik bir material yazır.
Yazılı mediada tamamilə fərqlidir, çünki onun orada görüntüsü yoxdur,
yazmalısan. Ona görə sən fikrini daha dolğun şəkildə ifadə etməlisən. Bu
cəhətdən, düşünürəm ki, mənim yazılı mediadan televiziyaya gəlməyim daha yaxşı
oldu, artıq lakonik şəkildə fikrimi ifadə edə bilirəm.

Mən ümidsiz olduğum zamanlarda da televiziya eşqi ilə yaşamışam. Həmişə özümü
televiziyada görmüşəm. Televiziyada işləyənlərə ideal kimi baxmışam. Saatlarla
güzgünün qarşısında oturub, özümü efirdən materialları oxuyan diktorların
yerində təsəvvür eləmişəm, məşq etmişəm. Baxmayaraq ki, 42 yaşında gəlmişəm,
amma ruhən ondan öncə də televiziyada “yaşamışam”.

– Uzun zamandır ki, oyun şərh etmirsiniz. Televiziyada rəhbər kimi fəaliyyət
göstərirsiniz. Bir gün Ağdamda, “İmarət” stadionunda yenidən “Qarabağ”ın
matçını şərh etmək istərdinizmi?

– Bu sualdan tüklərim biz-biz oldu… Əlbəttə, hər bir futbol şərhçisinin
ürəyindən keçər ki, böyük arenalardan reportajlar versin. Bu, “Santyaqo
Bernabeu” da ola bilər, başqası da… “İmarət” stadionunda oyun şərh etmək
arzumdur. Bu, şərhçilik karyeramın zirvəsi olardı. Ümidim böyükdür. Mən
düşünürəm ki, o gün qismətimiz olacaq və biz işğaldan azad olunmuş
torpaqlarımızda – Ağdamda, Şuşada, digər bölgələrimizdə – möhtəşəm işlər
görəcəyik. İnşallah, Ağdamdan sizi salamlayarıq.

– Sizcə, Azərbaycanda idman jurnalistikasının əsas problemləri nələrdir?

– Bəlkə də, bu sualınıza cavabım kimlərinsə xoşuna gəlməyə bilər: öyrənmək
meylinin azalması müşahidə olunur. Lakin öyrənmək mütləqdir. İdman
jurnalistikası ümumi olmalıdır. Tək bir idman növündən yapışmaq olmaz. Böyüklər
də nələrisə öyrənməlidirlər.

Rəqabət çox önəmlidir. Özlərindən güclülərlə rəqabətə hazırlıqlı olmalıdırlar.
Eynilə idman növlərindəki kimi. Düşünürəm ki, yaxın gələcəkdə alternativsizlik
getdikcə aradan qalxacaq və rəqabət məsələsi idman jurnalistikasında da
artacaq. Mənə elə gəlir, işimizin xeyrinə olacaq.

Jurnalistikamızın çatışmazlıqlarından danışanda bu amil də mütləq qeyd
olunmalıdır: bir tədbir olur, hamı bir-birindən köçürür, özlərini zəhmətə
salmaq istəmirlər. Tədbirə gələn insan yazını özü yazmalıdır. Jurnalistika da
peşəkarı belə qazanır. İnsan yaza-yaza püxtələşir.

– Bir çox yeni nəsil jurnalistlər, şərhçilər özlərini mənəvi olaraq sizin
davamçınız, yetirməniz kimi təqdim edirlər. Bəs siz gənclərdən kimləri
fərqləndirərdiniz?

– Məni özünə müəllim sayan hər bir həmkarıma təşəkkürümü bildirirəm.
Müəllimlik çox ağır işdir. O sözün arxasında çox böyük məsuliyyət dayanır.
Mənim ilk işlədiyim gənclərimiz indi, maşallah, kamilləşiblər. Pərviz Musayevi,
Şəmsəddin Abbasovu, Rövşən Məmmədovu, Tərlan Şahinoğlunu, Rəşad Rafiqoğlunu,
Fərid Axundovu misal gətirə bilərəm. Onlar çox istedadlı uşaqlardır. Mən,
sadəcə, onlara istiqamət vermişəm. İndinin özündə də şərhlərində nəsə problem
olanda anında bildirirəm.

Bu, bir zəncirin yaranmasıdır. Ancaq biz gərək elə edək ki, o zəncir möhkəm
olsun, yəni qırılmasın, çalışdığımız bu olmalıdır ki, öyrəndiklərimizi maksimum
düz bilək, sonrakı nəslə də biliklərimizi düzgün ötürək. Çünki bir yanlışlıqdan
digərləri və daha betərləri yaranır.

Nəzrin Vahid

Source link