e993f54d-661e-430a-b721-574560884582..jpg

Rövşən Hüseynli: “Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək”

Baxış sayı: 789 dəfə baxılıb.

Rövşən Hüseynli: “Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80
faiz aydınlıq gətirəcək”

“Qazaxıstanla keçirəcəyimiz iki oyunun nəticəsi qrupla bağlı suallara 80 faiz
aydınlıq gətirəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan futzal millisinin qapıçısı Rövşən
Hüseynli DÇ-2024-ün elit-raundunda üz-üzə gələcəkləri Qazaxıstanla oyunlar
barədə danışarkən deyib.

Karyerasını Qazaxıstanın “Atırau” klubunda davam etdirən qolkiper qarşıdakı
matçlarda şansları yarı-yarıya görür:

“Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyırıq. Onun hansı oyun
üslubuna, taktiki gedişlərə üstünlük verdiyini bilirik. Oyunöncəsi şanslar
bərabərdir. Bizim heyətdə də oyunu dəyişə biləcək futzalçılar var. Artıq yeni
baş məşqçinin rəhbərliyi altında oynayırıq. Onun oyun fəlsəfəsi, düşüncəsi,
tələbləri fərqlidir. Bu fərqlilik rəqibi çaşdıra bilər”.

R.Hüseynlinin fikrincə, rəqibin əsas üstünlüyü oyunçuların daha rəqabətli
çempionatda çıxış etmələridir:

“Düzdür, ölkə xaricində ancaq Leo oynayır – Braziliya çempionatında. Amma
Qazaxıstan çempionatı da bu gün Avropada seçilən liqalardandır. Klublar
bir-biriləri ilə başabaş mübarizə aparacaq gücdə olduqlarından, oyunçular daha
hazırlıqlı olur. Bizdə vəziyyət bir qədər fərqlidir. Toplanış zamanı bu fərqi
aradan qaldırmağa çalışacağıq”.

Futzalçı əsas məqsədlərinin Bakıdakı ilk görüşdə Qazaxıstana qalib gəlmək
olduğunu söyləyib: “Doğma meydan amilindən yararlanmalı, maksimum xalla
ayrılmalıyıq. İkinci oyun rəqib meydanında olacaq, bu dəfə onlar bundan
maksimum istifadə etməyə çalışacaqlar. Üstəlik, biz səfər edəcəyimizə görə yol
yorğunluğu ola bilər. Bundan başqa, ilk matçdan sonra hər iki komanda
bir-birini daha yaxşı tanımış olacaq. Onlar da qarşılaşmaya ciddi
hazırlaşırlar. Təsadüfi deyil ki, toplanışa daha erkən başlayıblar”.

Millinin üzvü hesab edir ki, Rumıniyaya gözlənilməz məğlubiyyətdən sonra
Niderland üzərindəki böyükhesablı qələbəni seriyaya çevirə bilərlər:

“Rumıniya ilə oyundan əvvəl komanda şəklində az hazırlıq keçmişdik. Martdan
sonra, demək olar ki, komanda toplaşmamışdı. Ona görə də anlaşılmazlıq var idi.
Futzalda standart vəziyyətlərin önəmi böyükdür. Bunu da düzgün icra etmək üçün
daha çox bir yerdə məşq etməli, oyun keçirməlisən. Həm də Rumıniyadakı zalın
örtüyü intensiv, sürətli oyun keçirməyə imkan vermirdi. Niderlandla
qarşılaşmada anlaşma daha yaxşı idi. Yeni baş məşqçinin nə istədiyini bilirdik”.

Rövşən Hüseynli Qazaxıstanda çıxış etdiyi üçün topladığı məlumatları baş
məşqçiyə çatdıracağını sözlərinə əlavə edib:

“Əliboş gəlməmişəm. Müəyyən qeydlərim var. Amma baş məşqçi ilə hələ görüşümüz
olmayıb. Toplanış vaxtı danışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 6-da Qazaxıstanı Bakı İdman
Sarayında qəbul edəcək. Ayın 11-də bu komandalar Astanadakı Jekpe-Jek Sarayında
qarşılaşacaqlar.

Source link