Rövşən Nəcəf: “Azərbaycan etibarlı enerji təchizatçısı kimi regionun lider
dövlətinə çevrilib” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Heydər Əliyev İli” çərçivəsində ADA Universitetində “Heydər Əliyevin uğurlu
xarici siyasəti və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans
keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) verdiyi məlumata görə, konfransda
Azərbaycan Prezidentinin köməkçisi və Prezidentin Administrasiyasının xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, elm və təhsil naziri Emin
Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, həmçinin mühazirələrin
keçirildiyi ali təhsil müəssisələrinin rektorları, tələbələri və SOCAR
könüllüləri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunmuş sərgi ilə tanış olublar. Azərbaycanın Dövlət Himninin
səsləndirilməsi ilə başlayan konfransda şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Daha sonra ulu öndər Heydər Əliyev və gənclərə həsr olunmuş, həmçinin “Heydər
Əliyev İli” çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə ali təhsil müəssisələrində
keçirilən mühazirə və turları əks etdirən videoçarxlar nümayiş etdirilib.
Konfransın moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə
“Heydər Əliyev İli” çərçivəsində universitet tərəfindən təşkil olunan
beynəlxalq konfrans, forum və seminarlar barədə məlumat verib.
Konfransda çıxış edən Hikmət Hacıyev müasir Azərbaycan dövlətçiliyinin
təməlinin qoyulmasının və möhkəmləndirilməsinin bilavasitə ulu öndər Heydər
Əliyevin adı ilə bağlı olduğunu qeyd edib, ümummilli liderin xalqın dəvəti ilə
hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişafının əsas
istiqamətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
H.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir
müstəqil Azərbaycan dövlətinin ulu öndərin siyasi kursu əsasında hərtərəfli
inkişaf edərək qüdrətli və qalib ölkəyə çevrildiyini vurğulayıb. Prezidentin
köməkçisi xalqımızın milli maraqlarına, beynəlxalq hüquq normalarına, praqmatik
və realist prinsiplərə əsaslanan xarici siyasət xəttinin ölkəmizin əməkdaşlıq
əlaqələrinin qurulmasını, regionun lider dövlətinə çevrilməsini təmin etdiyini
diqqətə çatdırıb.
Emin Əmrullayev çıxışında ulu öndərin müəllifi olduğu strateji inkişaf
konsepsiyası və onun əsas istiqamətlərindən biri olan insan kapitalının
gücləndirilməsi, eləcə də yüksəkixtisaslı kadr potensialının formalaşdırılması
sahəsində görülən əsaslı işlərdən danışıb. Nazir ölkəmizdə elm və təhsilin
inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tədris
sisteminin tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan innovativ
infrastrukturun yaradılması istiqamətlərində genişmiqyaslı islahat və dövlət
proqramlarının həyata keçirildiyini vurğulayıb.
Ulu öndərin müdriklik, uzaqgörənlik və dəqiqliklə müəyyənləşdirdiyi yeni
enerji strategiyasının ölkəmizin hərtərəfli inkişafının əsaslarını qoyduğunu
söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf bu strategiyanın uğurlu icrasının
beynəlxalq enerji şirkətlərinin Azərbaycanın neft və qaz yataqlarının
işlənilməsinə cəlb olunmasını, xam neftin və qazın daşınma yollarının
şaxələndirilməsini, gəlirlərin səmərəli idarə olunmasını, rəqabətli insan
kapitalının gücləndirilməsini və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm
qoymasını şərtləndirdiyini qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli liderin qurub yaratdığı müasir
Azərbaycanı inklüziv inkişafa, qüdrətli orduya, güclü beynəlxalq nüfuza malik
dövlətə çevirdiyini vurğulayan R.Nəcəf ölkə başçısının məqsədyönlü siyasəti
nəticəsində iqtisadiyyatın bütün sahələrinin, o cümlədən neft-qaz sektorunun
sürətlə inkişaf etdiyini, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi
regionun lider dövlətinə çevrildiyini deyib.
SOCAR-ın prezidenti ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə həyata
keçirilən strateji əhəmiyyətli enerji layihələrinin Azərbaycanın iqtisadi
qüdrətini artırmaqla yanaşı, beynəlxalq bazarlarda mövqelərini daha da
möhkəmləndirdiyini bildirib.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın Tədbirlər Planına
uyğun olaraq silsilə tədbirlər, o cümlədən ali təhsil müəssisələrində
mühazirələr, məktəblilərin SOCAR-ın müəssisələrinə turları, şəhid və qazi
övladları üçün düşərgələr təşkil olunub, müxtəlif elmi-praktiki seminarlar,
bilik və idman yarışları keçirilib.
“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələr
SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt
Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində keçirilib.
Bununla yanaşı, Azərbaycan-Britaniya Kollecinin və Bakı-Fransız Liseyinin
şagirdləri üçün “SOCAR Tower”də yerləşən Azərbaycan Nefti Sərgisinə, 23 nömrəli
məktəbin şagirdləri üçün Heydər Əliyev adına Neft Emalı Zavodu ərazisinə, 6
nömrəli məktəb-liseyin şagirdləri üçün Heydər Əliyev adına Bakı Dərin Özüllər
Zavodu ərazisinə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri
üçün “EKO Park” ərazisinə, “İdrak” Liseyinin və Heydər Əliyev adına Liseyin
şagirdləri üçün “Bibiheybətneft” NQÇİ-nin ərazisinə turlar təşkil olunub.