Əməkdar artist Röya Ayxan “Xəzər” TV-də yayımlanan “Xəzər maqazin” proqramına müsahibə verib.
ÇıxışYolu.Com xəbər verir ki, müsahibə zamanı küsülü olan həmkarlarına barışıq əli uzadan sənətçi öncə “W-trio”nun keçmiş üzvləri, müğənnilər Natavan Həbibi və Elnarədən danışıb.
O bildirib ki, hər iki ifaçını ailəsi kimi görür:
“Küsülü olmağım yadımdan çıxır. Mən hər kəsə salam verirəm. Ona görə də içimdə heç kimə qarşı küsülülük yoxdur. O iki qız nə vaxt istəyir küsüb-barışsınlar, mən onlardan heç vaxt küsmürəm. Mənim üçün əzizdirlər, ailəm kimidirlər. Üçümüzün də çox ağır həyatı var. Hamımız çiynimizdə yük daşıyırıq, onlar bilir ki, məndə olan yük isə daha çoxdur”.
Röyanın şənbə günü efirə gedən bu açıqlamasından öncə isə “Instagram” hesabında Natavan Həbibinin fotosunu paylaşıb. Ona Anar Ağakişiyevin etdiyi makiyajın çox yaraşdığını deyən Röya şəkilə “Yaraşan və ürəyi açan bir zəhmət” sözlərini yazıb.
“Xəzər maqazin”də ötən ilin sonu “Altın Kelebek” mükafatlarından sonra arasında qalmaqal yaşanan Nigar Camaldan da danışan Ayxan söyləyib ki, Camala əsəbiləşə bilmir:
“Sizə bir söz deyim ki, Nigar yeganə adamdır ki, ona hirslənə bilmirəm. Bilirsiniz, belə pis oldum, doğrudan, çox istəyirdim. Sonra başa düşdüm ki, bu qıza əsəbiləşə bilmirəm. Vallah, onun haradasa ağ tükü var, qopardın onu”.
Əməkdar artist daha sonra qeyd edib ki, aralarında olan məsələni uzatmaq istəmir:
“Heç uzatmamışam, söhbəti uzadan adam deyiləm. Ancaq kəskin acı dilim var. Bir dəfə deyirəm, çıxır gedir”.
Röyanın barışıq jestləri bununla da bitməyib. O, “Instagram Story”də bu dəfə aralarında soyuq küləklər əsən Əməkdar artist Lalə Məmmədovanın fotosunu paylaşıb. Müğənninin yeni fotosessiyasını bəyəndiyini deyən Ayxan çəkilən zəhmətin uğurlu olduğunu qeyd edib:
“Qoy deyim ürəyimdə qalmasın, bu zəhmətə vuruldum”.
Qeyd edək ki, Röya Ayxan son zamanlar bütün həmkarları ilə barışmağa çalışır. O, bir müddət öncə Əməkdar artist Sevda Ələkbərzadə, müğənnilər Nura Suri, Elton Hüseynəliyev, prodüser Tolik və başqaları ilə barışıb.