Rəsmi Moskva ABŞ-ın yeni sanksiyalarına cavab tədbirlərinin hazırlanması ilə məşğul olacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə cümə axşamı Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova bəyan edib.
“Rusiya tərəfi dəfələrlə xəbərdarlıq edib ki, (Rusiya ilə) güc və ultimatumlar mövqeyindən danışmaq faydasız və perspektivsizdir”, – deyə, o, qeyd edib.
Zaxarova bildirib ki, Moskvada Solsberidə hadisə ilə bağlı ABŞ-ın Rusiyaya qaşrı sanksiyalar tətbiq etmək niyyətini uydurulmuş bəhanə hesab edirlər.
Rusiyanın keçmiş kəşfiyyatçı Sergey Skripalın və onun qızı Yuliyanın zəhərlənməsində əli olması ilə bağlı ittihamları cavablandıran XİN rəsmisi bildirib ki, “Rusiya ABŞ-dan fərqli olaraq bütün kimyəvi silah ehtiyatını tam ləğv edib”.
Qeyd edək ki, avqustun 8-də ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Nauert Moskvanı “beynəlxalq hüququ pozaraq və ya öz vətəndaşlarına qarşı bioloji yaxud kimyəvi silahdan istifadə etməkdə” ittiham edərək, Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib.
Avqustun 22-dən qüvvəyə minən birinci bloka ikili təyinatlı elektron avadanlıqlar və cihazların Rusiyaya ixracına tam qadağa daxildir. İkinci blok üç ay fasilə ilə qüvvəyə minir və diplomatik münasibətlərin səviyyəsinin azaldılması, “Aeroflot” şirkətinin ABŞ-a uçuşlarına icazəsinin ləğvi, həmçinin ölkələr arasında mal dövriyyəsinin demək olar ki, tam dondurulmasını nəzərdə tutur.
Valyuta birjaları bu bəyanata dərhal reaksiya verib və nəticə olaraq, Rusiya rublunun məzənnəsi 2016-cı ilin göstəricilərinədək düşüb.