Rusiya baş nazirinin Bakı səfəri: Kremlin “Azərbaycan gündəliyi” – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri iki
ölkə arasında son dərəcə uğurlu və səmərəli əməkdaşlıq mühitinin gələcəyini
proqnozlaşdırmağa imkan verir.
Mişustinin Bakı qrafiki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, verilən
mesajlar strateji tərəfdaşlıq əlaqələrinin güclənəcəyi ehtimalını artırır.
Söz yox ki, Mişustinin Bakıya səfəri Rusiya ilə Ermənistan strateji
əlaqələrindəki əhəmiyyətli soyuma prosesi fonunda Kremlin “Azərbaycan
qiymətləndirməsindəki” yeniliklərlə əlaqədar da şərh oluna bilər.
Bildirmək zəruridir ki, Ermənistanın Rusiyanı bəyanatlarla “dişləməsi”nin,
vektorunu sürətlə Qərbə tərəf dəyişdirməsinin doğura biləcəyi təhlükəli
regional ssenarilər Bakının da təhlil predmetinə daxildir.
Çünki Rusiyanın Ermənistanı necə cəzalandıracağı hələ tam aydın deyil və bunun
regionun həssas bucaqlarına təsirləri qeyri-müəyyəndir.
Azərbaycan, onsuz da, başa düşür ki, Rusiya-Ermənistan siyasi-diplomatik
gərginliyi hərbi fazaya qədər irəliləyə bilər.
Buna görə də Rusiya ilə Ermənistanın bir-birlərinə verdiyi qarşılıqlı
siqnalların analizinə ehtiyac duyulur. Bakı Moskva ilə İrəvanın interaktiv
ritorikalarının Ermənistanın başına gətirə biləcəyi fəlakətli nəticələri
diqqətdə saxlayır.
Çünki səbəb nə olursa-olsun, Ermənistanın Qərbdən aldığı təlimatların taktiki
ardıcıllığı razılaşdırılıb və İrəvan prosesi sürətlə icra etməyə başlayıb.
İrəvanın vermək istədiyi rəsmi qərarların Rusiyanın Ermənistandakı iqtisadi,
siyasi və hərbi mövcudluq sferasına mənfi təsir göstərəcəyi aydındır.
Təbii ki, bu, regiondankənar oyunçuların Ermənistan üzərindən Rusiyaya qarşı
strateji cəbhə açmaq direktivlərini təcəssüm etdirir. Azərbaycan prosesin
Bakı-İrəvan sülh gündəliyinə təsirlərini incə akt kimi nəzərdən keçirir. Bu
baxımdan, Azərbaycan Moskva ilə əlaqələrin dinamikasına və Qərblə Rusiya
arasındakı xarici siyasətinin balansına xüsusi diqqət yetirir.
Hər bir vəziyyətdə, Mişustinin Bakı proqramı Rusiyanın Azərbaycan və
Ermənistan arasındakı çəki fərqini ciddi şəkildə dəyişdirməsinin baş verdiyi
zamanda diqqətəlayiqdir.
Rusiya, sözsüz ki, Azərbaycanın yaratdığı geosiyasi reallıqların cövhərini
nəzərə almağa məcburdur, Ukraynadakı müharibə səbəbi ilə Moskvanın üzləşdiyi
qlobal təchizat problemi onu Bakı ilə bir az da yaxınlaşdırır.
Başqa bir cəhətdən, Kreml Azərbaycanın:
– Türkiyə ilə strateji müttəfiqliyinin geosiyasi təsirlərini,
– Qərblə əlaqələrinin Moskvaya qarşı ox yaratmaq niyyətində olmadığını,
– Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizindəki tranzit qiymətini,
– Hərbi qüdrətinin regional reallıq formalaşdırmaq bacarıqlarının mövcudluğunu
nəzərə almaq məcburiyyətindədir.
Mişustinin səfəri bütün bu sadalananların müşayiətində sonrakı regional
proseslərin gedişini ortamüddətli perspektivdə müəyyən edəcək hadisələrdən
biridir.
Cari hədəflər üçün isə Qərbin sanksiya təzyiqi altında olan Rusiya yeni
bazarları inkişaf etdirməyə, tərəfdaşlarla ticarət dövriyyəsini artırmağa kömək
edəcək nəqliyyat və logistika sistemi yaratmağı planlaşdırır.
Azərbaycan hazırda Rusiya üçün çıxışı bağlı olan digər bazarların bir
hissəsini əvəz edə biləcək böyüyən bazardır.
Rusiyanın Baş naziri Mişustinin Bakıya gətirdiyi “gizli qovluq”da bu
məsələlərin daha çox əks olunduğunu deyə bilərik.
Verilən bəyanatların da ruhundan bunu hiss etmək mümkündür. Bu, geoiqtisadi
sfera vasitəsilə uzunmüddətli perspektiv üçün geosiyasi alətlər formalaşdırıb
inkişaf etdirmək layihəsinin bir hissəsidir.
Hesab etmək olar ki, Azərbaycanla Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizi
çərçivəsində alternativ bazarlar ideyasını inkişaf etdirəcək.
Nəqliyyat qovşaqlarının gücləndirilməsi məsələsi vacib olduğundan Zəngəzur
dəhlizi layihəsinin də əhəmiyyəti Rusiyanın gözündə daha da böyüyəcək.
Aqşin Kərimov