“Livanda “Hizbullah” üzvlərinin peycerlərinin partladılması ilə bağlı vəziyyət
onu göstərdi ki, MDB ölkələri də daxil olmaqla, dövlət rəsmilərinə qarşı da
analoji hücum təhlükəsi var”.
Cixisyolu.com-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu sözləri Rusiya Federal
Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB-nin
təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri şurasının iclasında
deyib.
“Livanda və Suriyada peycerlərin və ratsiyaların partladılması ilə bağlı son
hadisələr göstərdi ki, düşmən kəşfiyyat xidmətlərinin informasiya resurslarında
boşluqlar və proqramların gizli tətbiqi üzrə işlərinin nəticələrindən təkcə
kritik informasiya infrastrukturunu məhv etmək üçün deyil, həm də lazımi anda
dövlət məmurlarına qarşı sui-qəsdlərin təşkili üçün də istifadə edilə bilər.
Bu, MDB ölkələrinin təhlükəsizliyinə birbaşa təhdiddir”, – deyə xüsusi
xidmətin rəhbəri bildirib.
Bortnikov vurğulayıb ki, birlik ölkələrində daxili siyasi vəziyyətin gələcək
inkişafı və son nəticədə dövlətlərin təhlükəsizliyi ölkələrin kəşfiyyat
xidmətlərinin beynəlxalq terrorizm, transmilli cinayət, narkotrafik və digər
təhdidlərlə mübarizədə birgə fəaliyyətindən çox asılıdır.
Xatırladaq ki, sentyabrın 17-də “Hizbullah” üzvlərinə aid peycerlər bütün
Livanda kütləvi şəkildə partlamağa başlayıb, ertəsi gün digər rabitə
cihazlarının partlayışlarının ikinci dalğası baş verib. Birinci partlayışlar
seriyası nəticəsində 4 min insan yaralanıb, onlarla insan həlak olub, 500-ə
yaxın “Hizbullah” üzvü görmə qabiliyyətini itirib.
“The New York Times” (NYT) nəşrinin mənbələrə istinadən yazdığı kimi, İsrail
peycerlərin istehsalı üçün ən azı üç şirkət yaradıb ki, onlardan biri “BAC
Consulting”dir. Faktiki olaraq, qurğular İsrail “Mossad” kəşfiyyatının
zabitləri tərəfindən istehsal edilib. Peycerlərə partlayıcı yük və detonator
yerləşdirilib ki, bunlar müəyyən siqnal alındıqda işə düşür.