Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı tədbir keçirilib –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı
kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim
keçirilib.
Bu barədə Cixisyolu.com-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin,
Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi nümayəndələri, hərbi
qulluqçular və media nümayəndələri iştirak ediblər.
Qonaqlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi
rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra
fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.
Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət
himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev tədbirdə çıxış
edib.
Daha sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş
Qərargah rəisi general-polkovnik Aleksandr Lapin çıxış edərək Azərbaycan
Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya
Federasiyası sülhməramlı kontingentinin fəaliyyətindən danışıb. Rusiya
Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adından Rusiya
sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə
yerinə yetirdiyinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin
minnətdarlığını bildirib.
Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə
təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar
arasında hədiyyə mübadiləsi baş tutub.
Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı
kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
15:25
Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən
çıxarılmasına həsr olunmuş tədbir keçirilib.
“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və
Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini,
Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov
iştirak ediblər.
Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra
bir qrup hərbi qulluqçular medallarla təltif olunub. Rəsmi hissədən sonra
konsert proqramı başlayıb.
13:59
Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən
çıxarılmasına həsr olunmuş tədbir keçirilir.
“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə
hər iki ölkənin yüksəkrütbəli hərbçiləri iştirak edirlər.
12:12
Bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ
bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.
Tədbirdə hər iki tərəfdən yüksəkrütbəli hərbi rəsmilərin iştirakı gözlənilir.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya
prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə
bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə
yerləşdirilmişdi.