654498b5-4d77-45b6-8033-71f930a2ea0d..jpg

Rusiya-Ukrayna müharibəsində ölən Tacikistan vətəndaşı: Rokossovski ola bilməyəcək məhbuslar – ŞƏRH + FOTO

Baxış sayı: 931 dəfə baxılıb.

Rusiya-Ukrayna müharibəsində ölən Tacikistan vətəndaşı: Rokossovski ola
bilməyəcək məhbuslar – ŞƏRH + FOTO

Rusiya Ukraynada döyüşmək üçün məhbuslardan da yararlanır. Bu ilin yazında
tərəflərin qəti hücuma keçəcəkləri barədə məlumatlar yayılır. Hətta Rusiyanın
səfərbərlik planı ilə bağlı da müxtəlif informasiyalar gündəmi zəbt edib.
Britaniyanın “The Times” nəşri yazıb ki, Rusiya 500 min nəfərlik səfərbərlik
planı hazırlayır və qərar yaxın günlərdə qəbul olunacaq:

“Orduya çağırılanlar yeni genişmiqyaslı hücum üçün cəbhəyə göndəriləcəklər”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən isə bildirilib ki,
Rusiya 2 milyonluq ordu yaratmağa çalışır, bunun üçün növbəti dəfə səfərbərlik
elan olunacaq. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki,
səfərbərlik haqqında məlumatı yalnız ölkənin rəsmi orqanları yaya bilər. O, bu
mövzuda teleqram kanallarında yayılan məlumatlara etibar etməməyə çağırıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada
qismən səfərbərlik elan edib, oktyabrın 31-də isə onun başa çatdığını
açıqlayıb. Kreml artıq ikinci səfərbərlik dalğasının planlaşdırılmadığını
bildirib. Rəsmi mənbələrin məlumatına əsasən, 300 mindən çox Rusiya vətəndaşı
səfərbər edilib.

Cəbhədə vəziyyət gərginləşdikcə müharibəyə Rusiyadakı cəzaçəkmə
müəssisələrindəki məhbusların da cəlb olunduğu barədə məlumat yayılır.
Bildirilib ki, bu fəaliyyətlə daha çox Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkəti
məşğul olur. Şirkətin sahibi, Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamı
sayılan Yevgeni Priqojin məhbuslara Ukraynada müharibədə 6 ay iştirak
qarşılığında əfv vəd edir. Bu günlərdə Tacikistana Rusiya cəzaçəkmə
müəssisəsində məhbus həyatı yaşamış, Ukraynada müharibədə ölmüş daha bir
nəfərin meyiti gətirilib və qohumlarına təhvil verilib. 47 yaşlı Bülbül
Davlatşoyev Tacikistanın Xatlon vilayətinin Dusti rayonunda anadan olub.
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün mühakimə olunub.
2007-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində həbsxanada cəza çəkib.
Qohumlarının dediyinə görə, Bülbül Davlatşoyev 2022-ci il oktyabrın 19-da
Rusiya tərəfdən Ukraynada müharibəyə cəlb olunub. Bülbülün qardaşı deyib ki,
Rusiya hakimiyyəti ölümün rəsmi olaraq “döş qəfəsindən güllə yarası və güclü
qanaxma”dan baş verdiyini açıqlayıb. Davlatşoyevlər ailəsi Bülbülün Ukraynada
müharibəyə göndərilməsi şəraitini müəmmalı adlandırıblar. Dusti rayon
hakimiyyətinin nümayəndəsi xəbəri təsdiqləyib, lakin hadisə barəsində ətraflı
məlumat verməyib. Məlumata əsasən, Bülbül Davlatşoyev Rusiya tərəfdən döyüşüb
Ukraynada ölən ilk məhbus tacikistanlı deyil. 2022-ci ilin dekabrında Xatlon
vilayətində iki nəfər dəfn olunub. Onlar da Rusiyada narkotik maddələrin
qanunsuz ticarəti ilə məşğul olduqları üçün cəza çəkib və Ukraynada müharibədə
ölüblər. 22 yaşlı Boboəziz Tuydiyevin meyiti ötən il dekabrın 12-də Rusiyadan
ölkəsinə gətirilərək Yavan rayonunda dəfn edilib. 28 yaşlı Mənuçehr Şodovun
meyiti isə Kuşoniyonda torpağa tapşırılıb. Mənuçehrin atası Hokimşah Şodov
müsahibəsində vurğulayıb ki, oğlunun müharibəyə aparılmasını onlardan
gizlədiblər: “İndi heç nə edə bilmərəm. İddiam da yoxdur. Oğlumu öldürüblər”.

Əslində, bu hadisələr bir sıra suallar yaradır. Tacikistan hakimiyyəti
hadisələrə necə münasibət bildirir? Vətəndaşının hüququnu müdafiə edəcəyi
öhdəliyini götürən dövlət başçısı hansı addımı atacaq? Hüquq müdafiəçilərinin
də hadisə ilə bağlı irəli sürdükləri iddialar əsassız deyil. Məsələnin başqa
tərəfi də təəccüblüdür. Ukraynada müharibədə ölən tacikistanlılar narkotik
maddələri sataraq Rusiya vətəndaşlarını zəhərləyirlər. Deməli, Rusiyanın bütün
baxımlardan təhlükəsizliyinə zərbə vurublar. Belə insanların Rusiyanın mənafeyi
və maraqlarını müdafiə edəcəyi nə dərəcədə mümkündür?! Təbii ki, paradoksdur.

Yeri gəlmişkən, məhbus döyüşçüdən söz düşmüşkən Sovet İttifaqı Marşalı
Konstantin Konstantinoviç Rokossovskini xatırlamağın yeri var. Rusiya
sərkərdəsi 1938-ci ildə həbs olunub və 1940-cı ildə azadlığa buraxılıb. İkinci
Dünya müharibəsi zamanı inzibati taqıma başçılıq edib. Həmin hərbi hissədəkilər
keçmiş məhbus olub. Onların çoxu siyasi əqidəsinə görə həbs olunmuş şəxslər
olublar. Rokossovski bu müharibənin qəhrəmanlarından olub. Çünki vətənini
sevib. Ancaq Priqojinin məhbus döyüşçüləri əqidə adamı deyillər. Bu səbəbdən
onlar heç vaxt öz dövrlərinin Rokossovskisi ola bilməzlər. Çünki
şirnikləndirilərək “Vaqner”ə cəlb olunanlar Rusiyanın itkilərinin sayının
artmasına xidmət edirlər, əlavə xərcdirlər.

Nəhayət, 2017-ci ilin məlumatına əsasən, Rusiya həbsxanalarında xarici
ölkələrin 29 397 vətəndaşı saxlanılır. Onların 90 faizi ağır və xüsusilə ağır
cinayətlər törədiblər. Həmin ilin statistikasına əsasən, birinci yerdə 8 002
məhbusla Tacikistan ilk sırada dayanır. Ondan sonrakı yerləri 6 362 məhbusla
Özbəkistan, üçüncü yerdə isə 4 761 məhbusla Ukrayna tutur.

“Report” İnfomasiya Agentliyi

Source link