Rusiya-Ukrayna savaşının yaratdığı ekofəlakət: Qara dənizdə canlılar məhv ola bilər – ARAŞDIRMA + FOTO

Baxış sayı: 495 dəfə baxılıb.

Rusiya-Ukrayna savaşının yaratdığı ekofəlakət: Qara dənizdə canlılar məhv ola
bilər – ARAŞDIRMA + FOTO

2014-cü ilin əvvəlindən etibarən Rusiya ilə Ukrayna arasında münaqişə hökm
sürür. Bu münaqişə çərçivəsində 2021-ci ildə Rusiya Ukrayna ilə sərhəd
yaxınlığında və Belarus daxilində böyük hərbi qüvvə yaradıb. 2022-ci il
fevralın 24-də isə Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi
əməliyyat elan edərək iki ölkə arasında müharibənin miqyasının genişlənməsinə
səbəb olub. Nəticədə nə vaxt başa çatacağını proqnozlaşdırmaq mümkün olmayan
müharibə ötən dövr ərzində minlərlə insanın həyatına son qoymaqla yanaşı, dünya
iqtisadiyyatına və ekologiyaya ciddi ziyan vurub və vurmaqda da davam edir.
Lakin sosial-mədəni problemlər və iqtisadiyyata dəyən ziyan vaxtaşırı müzakirə
mövzusu olsa da, müharibənin təbiətə vurduğu zərər, planetin ekoloji
təhlükəsizliyinə qarşı yaranmış təhdid müəyyən qədər diqqətdən kənarda qalır.
Müzakirəsinə böyük ehtiyac olan mövcud qlobal ekoloji problemin ən mühüm
hissəsi isə məhz Qara dənizin müharibə səbəbi ilə çirklənməsidir. Çünki Qara
dənizi qidalandıran mühüm su ehtiyatları Ukrayna sərhədləri daxilində olduğu
üçün müharibə bu gün ərazidə bərpası mümkün olmayan dağıntılara yol açır.

Məlum olduğu kimi Ukrayna iqtisadiyyatı əsasən kimya sənayesi, nüvə enerjisi
və kənd təsərrüfatına söykənir. Ukrayna Fövqəladə Hallar Xidmətinin 2021-ci il
siyahısına əsasən isə. ölkədə 219 min tondan çox zəhərli kimyəvi maddənin
saxlanıldığı 609 sənaye müəssisəsi mövcuddur ki, bu müəssisələrin bir çoxu
kimya sənayesinin su sərfiyyatı ilə əlaqədar çayların və su anbarlarının
yaxınlığında yerləşir. Yəni müharibə səbəbi ilə müəssisə və infrastrukturların
zədələnməsi kimyəvi maddələrin sulara qarışmasına və geniş spektrdə Qara
dənizin çirklənməsinə yol açır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) mövzu ilə bağlı hesabatına görə,
müharibə zamanı bu təhlükəni dəstəkləyən bəzi hadisələr baş verib. Bunlardan
biri Qara dənizi qidalandıran ən böyük çaylardan biri olan Dnepr çayının
yaxınlığındakı Çerniqovda 12 ton maye ammonyakla doldurulmuş çənin sıradan
çıxması nəticəsində obyektdə yanğın baş verməsidir. Ümumiyyətlə, Rusiya-Ukrayna
müharibəsi zamanı intensiv döyüşlər üzündən silah-sursat anbarlarının, eləcə də
kimyəvi maddələrin saxlandığı müəssisələrin partladılması ilə bağlı onlarla
nümunə mövcuddur. Bunlar da Qara dənizin hansı səviyyədə çirklənməyə məruz
qalmasından xəbər verir. Digər bir problem isə bu dənizin 150 metrdən aşağıda
olan su qatında 92 faiz hidrogen sulfidin olmasıdır. Zəhərli qazı Türk Dəniz
Araşdırmaları Fondu böyük bir təhlükə hesab edir.

Müharibədən əvvəl də, Qara dənizin dayaz, qarışıq səth suları azot və fosfor
ehtiva edən maddələr ilə çox yüklənmiş və sənaye və mədən tullantıları ilə
çirklənmiş çay axınlarını qəbul edib. Bundan əlavə, sahilyanı sənaye
tullantıları çox az və ya heç bir şəkildə təmizlənmədən birbaşa dənizə atılıb.
Müharibə isə vəziyyəti ikiqat ağırlaşdırıb. BMT-nin 2022-ci il hesabatına
əsasən, sürətli sənayeləşmə və çirklənməyə nəzarətin olmaması səbəbindən
Ukraynada uzun müddət davam edən ekoloji problemlər mövcud müharibə şəraitində
ekoloji tarazlığın ciddi şəkildə pozulmasına gətirib çıxarıb.

“Taxıl sazişi”ndən çıxaraq razılaşmanı faktiki olaraq qüvvədən salan Rusiyanın
Qara dənizdəki bütün yükdaşıma gəmilərinə hərbi hədəf gözü ilə baxaraq onları
sıradan çıxaracağını açıqlaması və bu prosesdən əvvəl də dənizdə bir çox
texnikanın məhv edilməsi buradakı həyatı olduqca ağırlaşdırıb. İndiyədək Qara
dənizə atılan, orada partlayan minaların dəqiq sayı heç kimə məlum olmadığı
üçün dəniz ekosisteminə dəyən ziyanın həcmi də məlum deyil. Amma bərpası çətin
və ya bərpaolunmaz problemlərin ortaya çıxdığı bir reallıqdır. Bu gün Qara
dənizdə yükdaşımaların həyata keçirilməsi belə buradakı biomüxtəlifliyə mənfi
təsir göstərir. Belə ki, bu prosesin icrası zamanı faunaya daha kiçik ölçülü
dəniz canlıları ilə qidalanan yeni növlər daxil olurlar ki, nəticədə həmin
kiçik canlıların tükənmə təhlükəsi ortaya çıxır. Rusiya-Ukrayna müharibəsi Qara
dənizdə balıqçılığa, qida təhlükəsizliyinə və Qara dəniz ölkələrində yay
turizminə də böyük zərbə endirib. Xüsusilə balıq ovunun 60 faizindən çoxunu
Qara dəniz hesabına həyata keçirən qardaş ölkə Türkiyə bu istiqamətdə ciddi
itki ilə üzləşib. Çirklənməyə görə bu bölgədəki turizmdən gəlirlər də azalıb.
Çünki hər il müxtəlif ölkələrdən Qara dəniz sahillərinə istirahətə gedən
turistlər, çirklənmə səbəbi ilə başqa yerlərə üz tutmağa başlayıblar. Bunu
turistik ölkələrdən olan Gürcüstanda da açıq şəkildə sezmək mümkündür.

Qara dənizdə yaşanan ekoloji fəlakətə reaksiya, bu qlobal problemin
araşdırılma və işıqlandırılma səviyyəsi isə baş verənlərin həcminə adekvat
görünmür. Məsələ ilə bağlı araşdırma apardıqda Qara dəniz üzrə türk
mütəxəssislərin dəqiq faktlara söykənən müəyyən elmi məqalələrinə rastlaşsaq
da, media materiallarında müəyyən səhv informasiyaların da ötürüldüyünü
görürük. Elə həm bu problemi aradan qaldırmaq, həm də təbiətə və iqtisadiyyata
böyük zərbə olan Qara dənizin dəyişən ekosisteminə diqqət çəkmək üçün vaxtaşırı
bu istiqamətdə seminarların və konfransların təşkilinə ehtiyac duyulur. Hazırda
az da olsa, bu istiqamətdə maariflənməyə xidmət edən belə tədbirlərdən biri
iyun ayının son günlərində “Müharibə dövründə Qara Dəniz Bölgəsində Ekoloji
Problemlər” adı altında Gürcüstanda keçirilib.

Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistandan olan
jurnalist və bloqerlər üçün təşkil edilmiş seminarda əsas təlimçi İstanbul
Universitetinin professoru, Su Elmləri Fakültəsinin Dəniz biologiyası
kafedrasının müdiri, Türkiyə Dəniz Araşdırmaları Vəqfinin prezidenti Bayram
Öztürk olub. “Qara dəniz regionunda ətraf-mühit: müharibələr, dəymiş ziyan və
gələcək perspektivlər” başlıqlı təqdimatda türk araşdırmaçı müharibənin
yaratdığı təhdidlərdən söz açaraq qeyd edib ki, tullantı sularının axıdılması
səbəbi ilə Qara dənizdə ciddi ölçüdə kirlilik yaranıb, suyun keyfiyyəti olduqca
aşağı düşüb, radioaktivlik azalıb. Bundan əlavə, dənizdəki hazırda hərbi
fəaliyyətlər səbəbi ilə akustik çirklənmə də mövcuddur. Bütövlükdə isə müharibə
Qara dənizin ekosisteminə ciddi ziyan vurub və vurmaqda davam edir.

Bayram Öztürk bildirib ki, Qara dənizdə mavi üzgəcli tuna və qılıncbalıq
ehtiyatları tükənib, nərə balığının sayı kəskin azalıb. Hazırda Qara dənizdəki
çirklənmə səbəbi ilə ən çox təhlükə altında olan növlər isə dəniz məməliləri,
köçəri dəniz quşları və sahil balıqlarıdır.

Xəbər hazırlayarkən elmi araşdırmalara söykənməyin əhəmiyyətindən də söz açan
B.Öztürk bu mövzuda delfinlərlə bağlı yayımlanmış reallığı əks etdirməyən
xəbərlərə diqqət çəkib. Professor Qara dənizdə müharibə üzündən beş mindən çox
delfinin öldüyünün iddia edildiyi xəbərləri nümunə olaraq göstərib. Əlavə edib
ki, onun araşdırmalarına əsasən, müharibə dövründə müharibənin yaratdığı
problemlər səbəbi ilə ölən delfinlərin sayı mindən azdır.

“Amma buna baxmayaraq, müharibənin delfinlərin həyatı üçün böyük bir təhlükə
formalaşdırdığı reallıqdır”, – deyə professor bildirib.

B.Öztürk “Qara dənizin çirklənmədən qorunması” haqqında 1992-ci ilin aprelində
imzalanmış Buxarest Konvensiyasını da jurnalistlərin nəzərinə çatdırıb:

“Konvensiya 1994-cü ilin əvvəlində bütün Qara dəniz ölkələri tərəfindən
ratifikasiya edilib. Əsas hədəfi dəniz mühitinin mühafizəsi məqsədilə Qara
dənizdə çirklənmənin qarşısının alınması və ona nəzarət üzrə razılığa gələn
tərəflərin ümumi öhdəliyini əsaslandırmaq və bu öhdəliyi yerinə yetirmək üçün
əməkdaşlıq və razılaşdırılmış tədbirlərlə bağlı hüquqi bazanı təmin etməkdir”.

Sonda professor mövcud problemlərdən qurtulmaq üçün sülhün vacib olduğunu
vurğulayıb. Qeyd edib ki, Rusiyanı anlamaq üçün onun fantom sindromunu
dəyərləndirmək lazımdır.

“Rusiya müharibəni davam etdirəcəyi və sülhə razı olmayacağı təqdirdə, Qara
dənizdəki çirklənməni azaltmağın alternativ bir yolu varmı? Digər dörd dövlət
bu istiqamətdə hansısa danışıqlar həyata keçirə və Rusiyaya qarşı real addımlar
ata bilərmi?” sualına cavabında isə Öztürk bildirib ki, mövcud vəziyyətdə hər
ölkənin ancaq öz ərazisinə daxil olan hissədə müəyyən tədbirlər görməsi
mümkündür.

Bu seminardan sonra B.Öztürk iyulun 26-da araşdırmaları və Qara dənizdəki son
vəziyyət barədə xarici media nümayəndələrini məlumatlandırmaq üçün onlayn
formatda başqa bir görüş təşkil etdi. Təbii ki, hazırkı vəziyyətdə cəmiyyətə
ötürülən informasiyanın dəqiqliyi baxımından bu tip tədbirlərin həyata
keçirilməsi vacibdir. Ümumiyyətlə, hazırda dünyada ekologiyaya diqqət
əhəmiyyətli məsələlərdən biridir. Qara dəniz də bir neçə dövlətin əhatəsində
olduğu və həmin dövlətlərin ticarətində və iqtisadiyyatında böyük yer tutduğuna
görə onun çirklənməsi bütün Avropada və Afrikanın şimalındakı vəziyyətin
pisləşməsinə səbəb ola bilər.

“Report” İnformasiya Agentliyi

Source link