Rusiya və Azərbaycan Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsini
müzakirə edib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Baş nazirinin müavini
Aleksandr Novak ilə Rusiya Enerji Həftəsi çərçivəsində görüş keçirib.
Görüşdə Rusiyadan Azərbaycana neftin əks tədarükü üçün Tixoretsk-Bakı neft
kəmərinin genişləndirilməsi imkanları müzakirə edilib.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda
deyilir.
“Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla görüşdə iki
ölkə arasında neft-qaz, elektrik enerjisi və nüvə sektorlarında əməkdaşlığın
genişləndirilməsi məsələləri qaldırılıb. Rusiya neftinin Azərbaycana əks
tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi haqqında fikir
mübadiləsi aparılıb”, – məlumatda deyilir.
Tərəflər Rusiyada idxalı əvəzləmə siyasəti çərçivəsində Rusiya və Azərbaycan
şirkətləri arasında texnoloji əməkdaşlığın qurulması perspektivlərini də
müzakirə ediblər.
Mənbə: TASS