0e1ab0e0-153f-48b8-9c47-8e3b5df330c6..jpg

Rusiyada kənd təsərrüfatı məhsulları bahalaşıb – Azərbaycandan ixrac artacaq? – FOTO

Baxış sayı: 2. 650 dəfə baxılıb.

Rusiyada kənd təsərrüfatı məhsulları bahalaşıb – Azərbaycandan ixrac artacaq?
– FOTO

Rusiyada bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən xiyar və
pomidorun on dəfəyə qədər bahalaşması müzakirələrə səbəb olub. Bahalaşmanın
əsas səbəbi kimi fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ və onun
fəsadları, bəzi mənbələrdə isə ötən il məhsuldarlığın aşağı səviyyədə olması
göstərilir.

Rusiyanın bu məhsulların idxalını həyata keçirdiyi əsas tərəfdaşlarından biri
də Azərbaycandır. Bəs maraqlıdır, Rusiya bazarlarında kənd təsərrüfatı
məhsullarına tələbat artarsa, Azərbaycandan bu ölkəyə ixracın artımı da
genişlənəcək? Azərbaycanlı sahibkarlar Rusiya bazarının əlavə tələbatını
qarşılaya bilərmi?

Bununla əlaqədar Cixisyolu.com-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin
sədriTahir Rzayev bildirib ki, kənd təsərrüfatı, ümumilikdə qida məhsullarının
bahalaşması dünyada gedən proseslərlə əlaqədardır. Komitə sədrinin fikrincə,
müharibələr, pandemiya və xəstəliklər, təbii fəlakətlər bahalaşma ilə bərabər
qıtlığa da gətirib çıxarır:

“Türkiyə ən böyük istehsalçı və istehlakçı ölkələrdən biridir. Ona görə,
qardaş ölkədə zəlzələnin fəsadları kənd təsərrüfatında da ciddi hiss edilir.
Türkiyədən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının azalması
təbiidir və bu bahalaşmaya səbəb olub.

Dünyanın bütün ölkələrində bahalaşma prosesi gedir və müxtəlif səbəbləri var.
Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarının miqdarında isə
ildən-ilə artım mövcuddur. Ötən il kənd təsərrüfatı məhsullarının ixrac həcmi
877 milyon manatdan 1 milyard manata qədər yüksəlmişdi. Bu, kifayət qədər
yüksək rəqəmlərdir. Əgər Rusiyada bahalaşma mövcuddursa, bu əvvəla sahibkarlara
gəlir gətirir. Amma Rusiyanın tələbatı da artır və ixracatda çətinliklər
yaranır. Azərbaycan sahibkarları bu tələbatın qarşılanmasında, ixracın
artırılmasında maraqlı olmalıdırlar.

İstixanalara təkcə fərdi şəxslər deyil, hüquqi şəxslər, iri sahibkarlar da
nəzarət edirlər. Ona görə, bu sahibkarlar tələbatın artdığını nəzərə almalı,
daha çox, daha keyfiyyətli və daha tez olmaqla məhsul ixracını həyata
keçirməli, yüksək gəlir əldə etməyə çalışmalıdırlar”.

Tahir Rzayev vurğulayıb ki, istehsalın artırılması üçün yeni texnologiyaların
tətbiqi vacibdir:

“Kənd təsərrüfatı elə bir sahədir ki, insanların özündən asılı olmaqla
bərabər, təbiət hadisələri, iqlim dəyişikliklərinin də təsirinə məruz qalır.
Əgər ani iqlim dəyişikliyi, quraqlıq, Türkiyədəki kimi təbii fəlakətlər baş
verərsə, bu, istehsala birbaşa təsir edəcək. Şirin su problemi bu gün bütün
dünyada olduğu kimi Azərbaycanda da özünü göstərir. Məhsulların vaxtında
suvarılmasında ciddi problemlər yaranır.

Bütün bunları nəzərə alaraq, müasir texnologiyalardan istifadəni
genişləndirməliyik. Yeniliklərə açıq olsaq, istehsalın artırılması, keyfiyyətin
yüksəldilməsi, eləcə də suya və digər vasitələrə qənaət etməklə, məhsuldarlığın
yaxşılaşdırılması mümkündür”.

Aysel Aslan

Source link