Rusiyadan Azərbaycana üç nəfərin ekstradisiyası təmin edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq
Azərbaycan Respublikasının vətəndaşları Abbasov Vüqar Tiflis oğlu, Bədəlov
Əzizağa Şabi oğlu və Səlimov Həbib Pərviz oğlunun ekstradisiyaları haqqında Baş
Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən
təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Belə ki, Vüqar Abbasovun xeyli miqdarda ziyan vurmaqla oğurluq, Əzizağa
Bədəlovun xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq və Həbib Səlimovun
isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri xeyli miqdarda əldə etmə və saxlama cinayətlərini törətmələrinə
əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs
qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb
gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq bugün
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə
Azərbaycana gətiriliblər.