Rusiyalı keçmiş casus Serqey Skripal və onun qızını öldürmək üçün sinir sistemini iflic edən maddədən istifadə olunub.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, bu barədə İngiltərə polisi aparılan araşdırmadan sonra bəyanat yayıb.
Serqey və Yuliya Skripal bazar günün günorta saatlarında Salisburi rayonunun ticarət mərkəzində huşsuz vəziyyətdə aşkarlanıb. Hazırda onların reanimasiyada ağır vəziyyətdə olduqları bildirilir.
İngiltərənin terrorla mübarizə üzrə polis idarəsinin rəisi Mark Rouli hadisə yerinə birinci gələn polis zabitinin də xəstəxanada ölümlə çarpışdığını bildirib.
Rouli konkret olaraq hansı maddədən istifadə olunduğunu bildirməsə də, suiqəsdə cəhdin sinir sistemini iflic edən maddə vasitəsilə həyata keçirildiyini bildirib.
Habelə Rouli yaxın çevrədə yaşayan insanlar üçün hər hansı ciddi təhlükənin olmadığını diqqətə çatdırıb. İstintaq davam etdirilir.
Rusiyanın keçmiş kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Britaniyanın xeyrinə casusluğa görə həbs olunub və 13 il müddətinə azadlıqdan məhrum edilib.
O, Rusiyanın kəşfiyyat xidmətində çalışan və Avropada məxfi əməliyyatlarda iştirak edən agentlərinin kimliklərini Britaniyanın “MI6” xüsusi xidmət orqanına ötürüb.
Skripal bu məlumatların müqabilində ümumilikdə 100 000 dollar əldə edib.