“İskəndər” raketləri ətrafındakı qalmaqal getdikcə böyüyür. Bir neçə günlük susqunluq və inkar cəhdlərindən, habelə “vurulan “İskəndər”lərin qalıqlarının Suriyadan gətirilməsi” kimi sui-qəsd nəzəriyyələrinin informasiya məkanına sızdırılmasından sonra, Rusiya tərəfi azərbaycanlı minaaxtaranların aşkar etdikləri raket qalıqlarının məhz adıçəkilən operativ taktiki komplekslərə məxsus olduğunu etiraf etməyə başlayıb.
Məsələn, Rusiyanın ən nüfuzlu hərbi ekspertlərindən biri Pavel Felgenhauer “Kavkazskiy Uzel” resursuna verdiyi müsahibədə Ermənistanın “İskəndər”in ixrac edilməyən versiyasına sahib olması ehtimalını təsdiqləyib. Onun sözlərinə görə, hazırda “İskəndər” raketlərində heç bir ixrac nişanı yoxdur.
“Deyəsən, yalnız Əlcəzair üçün “İskəndər”in ixrac variantı hazırlanıb. Lakin başqaları üçün belə bir məhsul istehsal edilməyib, raketlərin adi variantı buraxılıb. Düzü, Ermənistan üçün ixrac versiyası hazırlamadıqlarından, adi versiyanı satdıqlarından şübhələnirdim. Bu barədə danışmırdılar, amma onlara satılanların ixrac variantı olduğunu da söyləmirdilər, sadəcə susurdular. Bu raketlər Rusiya Silahlı Qüvvələri üçün hazırlanarkən istehsal prosesini pozmaq və xüsusi ixrac variantını buraxmaq nəyə lazımdır ki? Ermənistana “yerli məhsullardan” müəyyən bir miqdar göndərmək, orijinaldan daha zəif olan ixrac variantının buraxılışını təşkil etməkdən daha asandır”, – deyə ekspert bildirib.
Analitik “İskəndər” kompleksinin ilkin olaraq ixrac üçün nəzərdə tutulduğunu da xatırladıb.
“Məhz buna görə də ona “İskəndər” adı verilib. Belə ki, Şərq ölkələrində Makedoniyalı Aleksandrı məhz belə adlandırırlar. Bu ad rus silahları üçün səciyyəvi deyil. Bunun uğurlu bir marketinq gedişi olacağı düşünülürdü, amma “İskəndər”lərin ixracı baş tutmadı və kompleksin “Tochka U”nun əvəzinə Rusiya ordusunun raket briqadaları üçün kütləvi şəkildə istehsalına başlanıldı” – deyə P.Felgenhauer izah edib.
Mütəxəssis qeyd edib ki, əgər Rusiya ordusu üçün istehsal olunan məhsullar Ermənistana verilirsə, bu, beynəlxalq öhdəliklərin pozulmasıdır. Bununla belə, o, sözügedən faktın mənfi siyasi nəticələrə səbəb olacağını ehtimal etmir.
“Bu fakt Rusiya Federasiyasının raket texnologiyalarının ixracını məhdudlaşdırmaqla bağlı beynəlxalq öhdəliklərini pozur. Uçuş məsafəsi 300 km-dən çox ola bilməz. Görünür, tədarükçülər də bu öhdəliklərin pozulmasına göz yumublar. Ermənistanda rus ordusu üçün istehsal olunan adi “İskəndər”lər varsa, buna təəccüblənmərəm. Burada hər hansı bir “qara bazara” ehtiyac yoxdur. Hərçənd, orada hansı raketlərin tapıldığı hələ dəqiq məlum deyil”, – deyə ekspert qeyd edib.
Pavel Felgenhauer müharibənin sonunda Ermənistan silahlı qüvvələrinin “İskəndər” raketlərindən istifadə etməsini mümkün sayır və düşünür ki, erməni tərəfi bu addımı “ümidsizlikdən” ata bilər. Hərçənd, onun fikrincə bu vəziyyətdə adıçəkilən komplekslərdən istifadəyə praktiki ehtiyac yox idi.
Hərbi elmlər doktoru, eyni zamanda hökumətə bağlı bir media fiquru olan Konstantin Sivkov da “İskəndər”in ixrac edilməyən versiyasının birbaşa Ermənistana çatdırılmasının mümkünlüyünü qəbul edir.
“Ermənistan Rusiya Federasiyasının etibarlı müttəfiqidir. Ona görə də bu ölkəyə “İskəndər”lərin yerli versiyası da verilə bilərdi və burada təəccüblü heç nə yoxdur. Əgər Ermənistanda “İskəndər” varsa, onda niyə istifadə edilməsin? Yəqin ki, istifadə olunmasaydı, daha məntiqsiz olardı”, – deyə ekspert bildirib.