“Rüsumlar zorakılığa məruz qalan üçün ölüm hökmünə bərabərdir” – Niyə mühafizə
orderi pulladır? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda məişət zorakılığının qarşısının alınması məqsədilə iki cür:
qısamüddətli və uzunmüddətli mühafizə orderi verilir.
Amma uzunmüddətli mühafizə orderi rüsumla verilir ki, buna da hər kəsin gücü
çatmır.
Zorakılığa məruz qalan, onu müdafiə etmək üçün vəkil belə tutmağa pulu olmayan
şəxs mühafizə orderi almaq üçün vəsaiti necə tapsın?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
Cixisyolu.com-a açıqlamasında bildirib ki, məişət zorakılığının qurbanı olan şəxs
mühafizə orderi almaq və ya vəkil tutmaq üçün çalışmalıdır ki, bu da həmin vaxt
üçün təhlükəlidir:
“Çünki həmin şəxs həyatını təhlükəyə atır və rüsumu düzəltməkdən ötəri işə
çıxır. Bu zaman ona zorakılıq edən şəxs əməlini təkrarlaya, hətta onu öldürə
bilər. Rüsumlar zorakılığa məruz qalan şəxslər üçün ölüm hökmünə bərabərdir.
Həmin şəxslər bütün təhlükələrə baxmayaraq, iş axtarırlar. Nəzərə alsaq ki,
əksəriyyəti ya çalışmır, ya da təhlükəsizliyi təmin olunmayan yerlərdə çalışır,
nəticədə onların həyatları üçün təhlükəli vəziyyət yaranır”.
M.Zeynalova qeyd edib ki, Qeyri-Hökumət Təşkilatları tərəfindən də dəfələrlə
vəkillərin pulsuz məhkəməyə çıxması barədə təkliflər səsləndirilib:
“Bu zaman gərginlik bir az azalardı. Şəxs özü də həyatının təhlükəsizliyinə
görə, qaldığı yerdən çıxıb, məhkəməyə getməzdi. Bu məsələlər hər dəfə müzakirə
olunur. Hələlik məsələ həllini tapmayıb və məişət zorakılığının qurbanı olanlar
üçün təhlükə qalır”.
Qeyd edək ki, uzun müddəti mühafizə orderi dərhal icra edilir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Murad Mirzəzadənin
sözlərinə görə, məişət zorakılığı barədə zərərçəkmiş şəxsin özünün və ya onun
ailə üzvlərinin şikayəti, digər fiziki və ya hüquqi şəxslərin, dövlət və
qeyri-dövlət təşkilatlarının müraciəti daxil olduqda araşdırma aparılır:
“Əməldə cinayət tərkibi olmadıqda, məişət zorakılığının araşdırılması yalnız
zərərçəkən şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı əsasında başlanılır
və davam etdirilir. Məişət zorakılığının xarakterindən, mahiyyətindən asılı
olaraq, zərərçəkən qısamüddətli və uzunmüddətli mühafizə orderi verilməsi üçün
müraciət edə bilər. Hər iki mühafizə orderinin spesifik cəhətləri və verilməsi
üçün xüsusi prosedurları vardır.
Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti orqanı tərəfindən
zorakılıq törədən şəxsə xəbərdarlıq edilməklə 30 gün müddətinədək, uzunmüddətli
mühafizə orderi isə məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs ona
verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl
etmədikdə məhkəmələr tərəfindən 30 gündən 180 günədək verilir”.
Vəkil vurğulayıb ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
305.1.11-ci maddəsinə görə, uzunmüddətli mühafizə orderinin verilməsi üzrə
işlərə zərərçəkmişin və ya qanunla müəyyən edilmiş digər şəxslərin ərizəsi
əsasında məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır:
“Həmin məcəllənin 108.1.3-cü maddəsinə görə xüsusi icraat qaydasında baxılan
işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməlidir. Qanunvericiliyin
göstərişlərindən aydın olduğu kimi, uzunmüddətli mühafizə orderinin verilməsi
üçün məhkəmələr xüsusi icraat qaydasında məhkəmə işi aparır ki, “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə, bu cür
xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat
məbləğində dövlət rüsumu ödənilməlidir.
İstinad edilən qanunvericlik normaları məhkəmə icraatı ilə bağlı olduğu üçün,
rüsumun ödənilməsi tələbi də xüsusi icraat qaydasında məhkəmələr tərəfindən
baxılan işlərə aiddir. Lakin qısamüddətli mühafizə orderi verilməsi
məhkəmələrin deyil, yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti olduğu üçün
istinad etdiyimiz maddələr və rüsum ödənilmə tələbi bu qisim orderlərə şamil
edilməyib”.
İlhamə Əbülfət