Bakı Apellasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.
İttihama görə, A.Məmmədov vətəndaşlar – Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.
Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Məmmədov altı il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.