Rüşvət alan xəstəxana direktoru yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru
Fövzi Tahirovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlkin Rəcəbovun sədrliyi
ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 30-na təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fövzi Tahirov təkrar rüşvət
almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, rəsmi məlumata görə, Fövzi Tahirov qeyd olunan vəzifədə
işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata
keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik
dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara göndərilməsi
müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28
400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına
əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb
müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd
olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini
xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən
edilib.
İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin
311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.