Səbinə Hacıyeva ICCROM-un Baş Assambleyasında Ermənistan nümayəndəsinə tutarlı
cavab verib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı
Romadakı mərkəzi qərargahında Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının
Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş Assambleyasının 33-cü
sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi və
Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti
ilə təmsil olunub. Nümayəndə heyətinə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva
rəhbərlik edib.
Azərbaycan adından çıxış edən S.Hacıyeva zəngin mədəni irsimiz, ICCROM ilə
qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən söz açıb.
Azərbaycan nümayəndəsi Baş Assambleyada cavab hüququndan istifadə edərək
Ermənistanın Mədəniyyət Nazirliyinin əməkdaşının təxribat xarakterli çıxışına
tutarlı cavab verib:
“Mən Ermənistan nümayəndəsinin bu gün etdiyi çıxışa cavab hüququmuzdan
istifadə etmək istərdim. Bu çıxış beynəlxalq ictimaiyyətin diqqətini təkcə
Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində deyil, həm də Ermənistanın
özündə aparılan mədəni təmizləmə faktlarından yayındırmağa yönəlmiş növbəti
təxribat cəhdidir. Otuz il ərzində Ermənistan Azərbaycanın mədəni irsini geniş
miqyasda dağıdıb, talan və vandalizmə məruz qoyub. Azərbaycanın əvvəllər işğal
olunmuş ərazilərində yerləşən mədəni abidələrindən 100 mindən çox artefakt
oğurlanaraq qanunsuz olaraq Ermənistana aparılıb. Ermənistan hakimiyyəti bütün
azərbaycanlıları öz tarixi vətənlərindən – bu gün Ermənistanda olan Qərbi
Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi və Vedidən qovmaqla, Azərbaycana qarşı
təcavüzü daha da artıraraq işğal və etnik təmizləmə aparıb. Ermənistanda
azərbaycanlıların fiziki izlərinin qəsdən məhv edilməsi onların tarixi
torpaqlarından silinməsinin vacib elementi idi. Azərbaycanın bütün ərazilərinin
və toponimlərinin adları dəyişdirilib, Azərbaycanın tarixi-mədəni irsi,
məscidləri və qəbiristanlıqları məqsədli şəkildə Ermənistan ərazisində hədəfə
alınıb, vandalizmə məruz qalıb və ardıcıl olaraq məhv edilib”.
O vurğulayıb ki, Azərbaycan öz tarixi-mədəni irsinə qarşı törədilmiş
vəhşilikləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, UNESCO-ya
və digər beynəlxalq təşkilatlara müraciət edərək bu irsin qorunmasını təmin
etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
Həmçinin bildirilib ki, Azərbaycan üçün müharibə bitib və ölkə öz
suverenliyini tam bərpa edib. Eyni zamanda, Azərbaycan bu bölgənin əsl və
tarixi simasını və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və
bərpa işlərinə başlayıb.