Səbinə Hacıyeva: “Torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə Ağdam
dağıdılaraq kabus şəhərə dönüb”
“Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tarixi şəhərlər müasir tələblərə
uyğun olaraq daim dəyişməkdədir. Daimi olan bu proses nəticəsində tarixi
şəhərlərimiz dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalıb və müasir
formalarını alıblar”.
Cixisyolu.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva
“Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (Livable and Sustainable Heritage
Cities) mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Bakının mərkəzində yerləşən qədim İçərişəhər müxtəlif dövrlərə
aid olan tarixi, memarlıq və arxeoloji abidələri ehtiva edir:
“İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına orta əsrlər şəhərsalma
strukturunu qoruyub-saxlayan bir şəhər kimi düşsə də, həmin dövrdən daha öncə
olan sivilizasiyaların və dövrlərin memarlıq əsərləri burada saxlanılıb. Burada
mədəni təbəqələr çoxdur. Bir çox abidələr sonralar, XIX-XX əsrlərdə tikilib.
Bunların hamısı İçərişəhərin ayrılmaz mədəni, tarixi, memarlıq dəyərləridir.
Ona görə də bugünkü tədbirimizin mövzusuna İçərişəhərin nümunəsində baxılması
düzgün olardı. Bu tədbirin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
tərəfindən təşkil olunması olduqca təqdirəlayiqdir.
Tarixi şəhərlərin qorunması barədə danışanda belə şəhərlərdə də insanların
yaşadığını unutmamalıyıq. Tarixi şəhərlərdə qeyd etdiyim dəyişikliklər məhz
burada yaşayan insanların fəaliyyəti nəticəsində baş verir və yeni tələblərə
uyğun olaraq dəyişikliklərə məruz qalır. Ona görə də tarixi şəhərlərin
qorunması barəsində danışarkən tərəzinin bir tərəfində abidələrin qorunması
durursa, digər tərəfində də insanların yaşaması üçün uyğun şəraitin yaradılması
durmalıdır”.
Səbinə Hacıyeva onu da əlavə edib ki, tarixi şəhərlərdə təkcə ayrı-ayrı
abidələri saxlamaqla kifayətlənmək olmaz:
“Eyni zamanda, düzgün idarəetmə sistemi yaradılmalıdır ki, hər bir abidə
ayrılıqda eyni mexanizmin tərkib hissəsi kimi qorunsun. Tarixi irsin
qorunmasında bir çox məsələlərə diqqət edilməlidir. Bunlara ziyarətçilər,
abidənin düzgün istifadəsi, maliyyələşmə kimi məsələlər daxildir. Müasir dövrdə
təbii fəlakətlər, müharibə və münaqişələr tarixi irsin dağılmasına səbəb olan
amillərdəndir.
Ermənistan Respublikası tərəfindən işğal dövründə beynəlxalq hüququn norma və
prinsipləri kobud şəkildə pozularaq digər şəhərlərimiz, eləcə də Ağdam,
tamamilə dağıdılaraq kabus şəhərə çevrilib. Təsadüfi deyil ki, buna görə də
Ağdam “Qafqazın Xirosiması” adlanır.
Bütün bunlara baxmayaraq, dövlətimiz tərəfindən işğaldan azad olunmuş
ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir. Əminik ki, azad
olunmuş bütün şəhərlərimiz bərpa olunaraq, yenidən həyat qaynayan məkanlara
çevriləcək”.
Könül Cəfərli