“Sədərək” Ticarət Mərkəzinin sahibinin ailəsi məhkəməyə məcburi gətiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan
Qədimbəylinin evindən xüsusilə külli miqdarda oğurluq etməkdə ittiham olunan
Suzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması gedir.
“Qafqazinfo”nun məlumatına görə, baxılan iş üzrə müttəhim zərərçəkmiş
şəxslərin evində xadimə işləyib.
İddia olunan cinayət hadisəsi də həmin vaxt gerçəkləşib. İttihama görə,
təqsirləndirilən xanım bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib.
Bura pulla yanaşı, qızıl-zinət əşyaları və digər avadanlıqlar daxildir. Lakin
S.Cabbarova özünü qismən təqsirli bilir. O iddia edir ki, oğurladıqlarının
hamısını geri qaytarıb.
Bundan əlavə zərərçəkmiş şəxslər qisas almaq məqsədi ilə dəymiş ziyanın
məbləğini çox şişiriblər. Təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova
dəfələrlə bu barədə vəsatət qaldırıb, Fəridə Qədimova və Orxan Qədimbəylinin
məhkəməyə gəlməsini tələb ediblər. Müdafiə tərəfi vəsatətlərini onunla
əsaslandırır ki, işlə bağlı qaranlıq qalan məsələlərə məhz zərərçəkmişlər
şəxsən aydınlıq gətirməlidirlər.
Artıq 1 ildir məhkəmə istintaqı davam edir, bu günə kimi zərərçəkmiş şəxslər
proseslərdə iştirak etməyiblər. İlk iclasdan onları nümayəndələri təmsil edir.
Qədimbəyli ailəsi hər dəfə müxtəlif səbəblər göstərərək hakim qarşısına
çıxmaqdan yayınırlar. Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyəti bu
dəfə zərərçəkmiş ana və oğlunun məhkəməyə məcburi gətirilməsi qərarı çıxarıb.
Qərarın icrası polisə həvalə edilib.