Sədərək voleybolçuları muxtar respublika turnirinin qalibi olublar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Heydər Əliyev İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə kişilər arasında voleybol üzrə muxtar respublika
turniri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən
“verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın son
oyun günündə keçirilən üçüncülük və final matçlarından sonra mükafatçılar bəlli
olub.
Üçüncü yer uğrunda görüşdə “Şərur”u 3:0 hesabı ilə üstələyən “Naxçıvan” bürünc
medallara sahib çıxıb.
Günün ikinci yarısı turnirin bədii hissəsi çərçivəsində Naxçıvan Dövlət
Filarmoniyasının ifaçı və rəqqasları tamaşaçılar önündə konsert proqramı ilə
çıxış ediblər. Ümummilli liderə və Vətənə həsr olunmuş mahnılar səsləndirilib.
Sonra həlledici görüş – final matçı reallaşıb. “Sədərək” – “Culfa”
qarşılaşmasında sədərəklilər 3:1 hesabı ilə qələbə qazanmaqla turnirin qalibi
olublar. “Culfa” gümüş medallara yiyələnib.
İlk üç yerin sahiblərinə diplom, medal, kubok və hədiyyələr, fərqlənən
voleybolçulara fəxri fərman verilib. Mükafatları Naxçıvan Muxtar
Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən,
nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar
Əliyev və federasiyanın baş katibi Rahil Tahirli təqdim ediblər.