f18e5deb-ae0e-4a12-ab49-09cbafa01a3e..jpg

Sədr: “Dövlət maliyyəsinin idarəedilməsi sahəsində qanunvericilikdə dəyişikliyə ehtiyac var” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 646 dəfə baxılıb.

Sədr: “Dövlət maliyyəsinin idarəedilməsi sahəsində qanunvericilikdə
dəyişikliyə ehtiyac var” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprel ayında Hesablama Palatasının fəaliyyəti haqqında Hesabat Milli Məclisin
Plenar iclasında müzakirə edilərək qəbul edilib.

Qurumun hesabatı və qarşıda görüləcək tədbirlərlə bağlı Hesablama Palatasının
sədriVüqar Gülməmmədov Cixisyolu.com-a müsahibə verib:

– Vüqar müəllim, ötən ay Hesablama Palatasının 2023-cü il fəaliyyəti haqqında
Hesabatı Milli Məclisdə müzakirə edildi. Hesabatda və çıxışınızda
fəaliyyətinizdəki yenilikləri qeyd etdiniz. Sizcə, bunlardan ən önəmliləri
hansılardır? Ümumiyyətlə hesabatınızın mərkəz ideyasını 1 cümlə ilə necə təqdim
edərdiniz.

– Hesabatda, eləcə də Milli Məclisin komitə və plenar iclaslarındakı
çıxışlarımızda 2023-cü il fəaliyyətimizin və hesabatımızın fərqli məqamlarını
“yeniliklər” və “ilklər” ifadələri ilə verdik. Bunların hamısı sırf 2023-cü ilə
xas olan məqam və məlumatlar idi. Yeniliklərin vaciblərini 2 qrupa bölərdim:

Birincisi, audit fəaliyyəti ilə bağlı olanlar. Məsələn, konsolidə edilmiş
maliyyə hesabatlarının auditi. Burada 1 qurumun deyil, çox sayda qurumun
birləşdirilmiş maliyyə hesabatı audit edilir. Bu, dövlət sektoru üzrə maliyyə
hesabatlılığının mövcud vəziyyətini qiymətləndirməyə müəyyən mənada imkan
verir. Digər bir yenilik hökumət əsaslı dayanıqlı inkişaf məqsədlərinin (DİM)
səmərəlilik auditinin aparılmasıdır. Hökumət əsaslı yanaşma deyəndə ayrı-ayrı
dövlət qurumları tərəfindən müəyyən problemə ümumi həll yolu təqdim etmək
məqsədilə həyata keçirilən birgə fəaliyyət nəzərdə tutulur. Biz toxum sahəsində
bu yanaşmanı tətbiq etdik və kənd təsərrüfatı sisteminə daxil olan nazirliyin,
agentliklərin, institutların fəaliyyəti qiymətləndirdik.

İkincisi isə, qeyri-audit fəaliyyəti ilə əlaqəlidir. Bu yeniliklərin
əksəriyyəti fəaliyyətimizdə şəffaflıq və hesabatlılığın artırılması ilə
bağlıdır. Hesab edirəm ki, Hesablama Palatasının rəsmi internet səhifəsində
yerləşdirilən büdcə, satınalma, beynəlxalq tədbirlərin xərc smetasına dair
hesabatlar dövlət sektorunun digər qurumları üçün həm fəaliyyətdə, həm də
hesabatvermədə nümunə ola bilər.

Sualınızın sonuncu hissəsi ilə bağlı bildirmək istəyirəm ki, son bir neçə ildə
fəaliyyətimizi və buna dair hesabatı 2 sütun üzərində qurmuşuq: strateji
idarəetmənin gücləndirilməsi və dövlət auditinin təsirinin ölçülməsi.

– Bəs Milli Məclisin bu yeniliklərə münasibəti necə oldu?

– Həm komitə, həm də plenar iclasda millət vəkilləri tərəfindən
fəaliyyətimizlə bağlı müxtəlif fikirlər səsləndirildi. Ümumi götürsək, əksər
fikirləri müsbət istiqamətli hesab edə bilərik. Bununla yanaşı, bəzi təkliflər
də verildi. Əvvəlki ildə olduğu kimi, bu dəfə də bu təkliflərdən 2024-cü ildə
yararlanmağa çalışacağıq.

– 2023-cü ilin yekunlarına əsasən, dövlət maliyyə idarəetməsində problemlər
arasında ən çox nələrə diqqəti çəkərdiniz?

– Plenar iclasdakı çıxışımda qeyd etdiyim kimi, qurumlar tərəfindən dövlət
vəsaitlərinin proqnozlaşdırılması prosesinə nisbətən formal yanaşılması,
büdcənin (ayrılan vəsaitin) vaxtında icra edilməməsi, bəzi xərc normalarının
aktuallığını itirməsi və onlara əməl olunmaması, xərclərin rəsmiləşdirilmə
prosesinin düzgün aparılmaması, investisiya layihələrinin sifarişçi təşkilat
tərəfindən düzgün idarəedilməməsi, qurum səviyyəsində maliyyə hesabatlarının
doğru konsolidasiya olunmaması, qurumlar tərəfindən daxili nəzarət mühitinə
diqqət verilməməsi hallarını dövlət auditi ilə hesabat ilində müəyyən olunan və
diqqət yetirilməli məqamlara aid etmişik. Bu məsələlərə dair ətraflı məlumatı
Hesabatdan tapmaq olar.

– Satınalmaları qeyd etmədiniz. Lakin həmişə bu sahədə problemləri ilk olaraq
sizin qurum deyib.

– Bilirsiniz ki, cari ildən “Dövlət satınalmalar haqqında” yeni qanun
qüvvədədir. Parlamentdə çıxışımda əvvəlki qanunun qüvvədə olduğu dövr üçün
qiymətləndirməmizin nəticələrini açıqladım. Dövlət vəsaitini istifadə edənlər
satınalmalara əlavə iş və yorucu bir proses kimi baxmamalıdırlar. Satınalmalara
gündəlik funksional fəaliyyətlərinə dəstək kimi yanaşmalıdırlar. Bundan ötrü
illik siyasətlərini və planlarını müəyyənləşdirməlidirlər. Hazırda yeni qanunun
tətbiqi ilə bağlı ortaya çıxan suallar müvafiq icra hakimiyyəti orqanı
tərəfindən öyrənilir və təhlil edilir. Ehtiyac yarandığı halda Qanunda
dəyişikliklərin edilə biləcəyini istisna etmirəm.

– Qanunun effektiv istifadəsi üçün nə etmək lazımdır?

– Satınalmalar sahəsində qabaqcıl beynəlxalq təcrübələr var. Bazar
prosedurlarının dövlət satınalmalarına inteqrasiyası və beynəlxalq ticarəti
təşviq etməklə milli qanunvericiliyin ahəngləşdirilməsinə nail olunması
sahəsində işləri davam etdirmək lazımdır. Sosial, iqtisadi, siyasi, ekoloji,
texnoloji və digər amillər nəzərə alınmadan dövlət satınalmalarının
səmərəliliyinin artırılması mümkün deyil. Nəticədə, dövlət satınalmaları
sistemi bütövlükdə dövlət idarəçiliyinin səmərəliyinə təsir göstərir.

Belə hesab edirəm ki, dövlət satınalmalarında əsas iştirakçı və inzibatçı –
dövlətin vəsaitinin sərəncamçısıdır. Sərəncamçının yanaşması və davranışı
önəmli məsələdir. Yetər ki, benefisiar qurum dövlət vəsaitinə qənaətlə
yanaşmanı özünün gündəlik fəaliyyətində əsas vəzifəsi hesab etsin.

Cari ildə apardığımız müşahidələr göstərir və ümid verir ki, bu sahədə yeni
mədəniyyət formalaşacaq və qurumlar daha məsuliyyətli olacaqlar.

– Audit nəticələrinə əsasən, qurumlar tərəfindən görülən işləri necə
qiymətləndirirsiniz? Hansı qurumların maliyyə fəaliyyəti yaxşı mənada
fərqlənib? Ümumiyyətlə qurumlar Hesablama Palatasından çəkinirlər?

– Nəzarət tədbirləri üzrə Kollegiyanın verdiyi qərarların icrasını yüksək
hesab etmək olar. Belə ki, hesabat tərtib edildiyi tarixə qərarlarımızın bərpa
üzrə icra səviyyəsi 91,9%, say baxımından 63,3% olub. Qərarın hər hansı bir
bəndinin tamamilə icra olunmamasına nadir hallarda rast gəlinir. Bəzi
məsələlərin icrasına gəldikdə isə qeyd edim ki, bunun üçün bəzən zaman, bəzən
isə qurumdan asılı olmayan bəzi səbəblər ola bilər.

Plenar iclasda da qeyd etdiyim ki, biz qərarların icrasını heç bir inzibati
tədbir olmadan, yalnız dialoq əsasında təmin etmişik.

Təkrar audit apardığımız qurumlarda auditin təsirini ölçüb, qurumların
adlarını hesabatda göstərmişik. Düşünürəm ki, hesabatın bu məlumatları ilə
tanış olanlar hansı qurumların maliyyə fəaliyyətinin gücləndiyi barədə qənaətə
gələ bilərlər.

Hesab edirik ki, Hesablama Palatasından çəkinmək kimi bir məqsəd müəyyən edilə
bilməz. Ümumiyyətlə cəmiyyətdə Hesablama Palatası haqqında belə bir təsəvvürün
formalaşmaması üçün çalışırıq. Ali audit orqanlarının fəaliyyətinin məqsədi
dövlət sektorunda maliyyə hesabatlılığını, intizamı gücləndirməkdir.

– Hesabatınızda və çıxışınızda aparılmış auditlərlə əhəmiyyətli pozuntuların
aşkar edildiyi vurğulanıb. Bu pozuntuların qarşısını daha erkən ala
bilərdinizmi? Başqa sözlə, postaudit deyil, preauditlər aparıla bilər? Bu
barədə də millət vəkillərinin qeydləri oldu.

– Məlum olduğu kimi, ali audit orqanlarının Konstitusiyası hesab edilən Lima
bəyannaməsinə əsasən postaudit ali audit orqanlarının mütləq vəzifəsidir. Lakin
preaudit milli qanunvericilikdən irəli gəlir. Hazırda “Hesablama Palatası
haqqında” Qanun preauditi birbaşa vəzifə kimi müəyyən etmir. Lakin Hesablama
Palatası büdcə layihəsinə rəy verir. Bu vəzifə “ex-ante” (tədbirdən öncəki –
red.) qiymətləndirilməsini ehtiva edir və hesabat ili ərzində bu vəzifəni icra
etməklə 7 rəy vermişik.

Erkən aşkar edilmə ilə bağlı bildirim ki, hesabat ilində işğaldan azad olunmuş
ərazilərin bərpasına ayrılmış vəsaitlərin auditi çərçivəsində davam edən
layihələrin auditini həyata keçirdik. Bəzi obyektlər üzrə layihə smeta
sənədlərinə yenidən baxılması, müqavilələrin azaldılması ilə bağlı məsələ
qaldırmışıq. Hesab edirik ki, bu, dövlət vəsaitinə qənaəti formalaşdıracaq.

Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, tamamlanmamış layihələrin auditi
zamanı praktikada bir sıra məqamlar ortaya çıxır, sənədləşmə yetərli olmur ki,
nəticədə audit prosedurlarının aparılmasında çətinlik yaranır.

Ümumiyyətlə audit, ali audit orqanları (AAO) tərəfindən aparılan özbaşına bir
fəaliyyət deyil. Bütün audit növlərinin, əhəmiyyətli mövzuların demək olar ki,
hamısının beynəlxalq standartları, aparılma təlimat və metodikaları var. Biz də
bu standart və təlimatlara uyğun qəbul etdiyimiz metodiki sənədlərlə audit
aparırıq. Mövcud təcrübə preaudit metodikasının (standart, təlimat) geniş
yayılmadığını göstərir.

Qeyd edək ki, preauditlə əldə oluna biləcək müsbət nəticələrə əslində qurumlar
tərəfindən effektiv daxili nəzarət və daxili audit mexanizmlərinin qurulması
ilə nail olmaq olar. Bunun üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyacın
olduğunu da deyə bilərik.

– Belə başa düşmək olar ki, nəinki maliyyə intizamı və idarəedilməsində, o
cümlədən auditin aparılmasında da təkmil qanunvericiliyin rolu önəmlidir?

– Əlbəttə. Nümunə olaraq uyğunluq auditini deyə bilərik. Meyarların, yəni
audit üçün əsas müqayisə bazası olan hüquqi aktların olması həm audit olunan
quruma münasibətdə auditi aparan üçün önəmlidir. Bəzən xərc normaları ancaq
büdcə təşkilatları ilə məhdudlaşır. Halbuki, bənzər xərci digər təşkilati
formada olan dövlət vəsaitinin istifadəçisində də görürük.

Tənzimləmənin olması maliyyə sahəsindəki müxtəlif anlayışlara vahid yanaşmaya,
dövlət vəsaitinin istifadəçilərinin nümayiş etdirməli olduqları peşəkarlığa,
ümumiyyətlə maliyyə intizamına birbaşa təsir edir.

– Nəzarət tədbirlərinin nəticəsi kimi qurumların özləri tərəfindən hansısa
intizam tədbirləri görülüb?

– “Hesablama Palatası haqqında” Qanundan da göründüyü kimi, nəzarət tədbirləri
nəticəsində qəbul edilmiş qərarlarda audit obyektləri tərəfindən təqsirli
şəxsləri müəyyən edərək uyğun məsuliyyətə cəlb edilməsi mütləq göstərilir.

Təqdim olunmuş məlumatların təhlili göstərir ki, məsuliyyətə cəlbetmə
istiqamətində fəaliyyət əvvəlki illərlə müqayisədə nisbətən yetərlidir.
Hesablama Palatasına təqdim olunan məlumatlara əsasən, intizam məsuliyyətinə
cəlb olunan əməkdaşların sayı 80 nəfər ətrafında olub. Bunu qənaətbəxş hesab
etmirik. Bir məqama da toxunum. Bəzi qurumlarda rəhbər və maddi məsul şəxslər
tamamilə dəyişdirilib.

Ümumi statistikaya gəldikdə isə, nöqsanlara yol vermiş şəxslər üzrə 9 audit
obyekti tərəfindən görülən tədbirləri məqbul hesab etmək mümkün olsa da, dövlət
büdcəsinə zərər hesablanmış və aidiyyəti istiqamətdə zərərin ödənilməsini təmin
etmiş 13 audit obyekti tərəfindən əməkdaşlar demək olar ki, intizam
məsuliyyətinə belə cəlb olunmamışdır. Bundan əlavə, məlum olduğu kimi, hesabat
ilində 15 tədbir üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib ki,
həmin orqanlar tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində tədbirlər görülür.

– İnformasiya sistemlərinin auditinin artırılması ilə bağlı Milli Məclisdə
təklif səsləndirildi. Necə hesab edirsiniz, hazırda bunun aparılması üçün zəmin
varmı?

– Zəminlə bağlı bildirim ki, əlbəttə ki, son dövrlər ölkədə bu sahədə işlər
sürətləndirilir və yeni informasiya sistemləri yaradılır. Bu isə auditin
aparılması üçün ilkin şərtləri formalaşdırır.

Hazırda Hesablama Palatası tərəfindən digər auditlər çərçivəsində informasiya
sistemlərinin auditinin elementlərindən istifadə olunur. Belə ki, maliyyə və
uyğunluq auditlərində 5 halda informasiya sistemlərinin auditi elementlərini
tətbiq etdik. Bundan əlavə, “Hökumət buludu”nun (G-cloud) yaradılması və
“bulud” xidmətlərinin göstərilməsi sahəsində fəaliyyətin nəticəliliyini və
səmərəliliyini qiymətləndirdik. Hesabata həmin auditin yekun nəticəsini daxil
etmişik.

2024-cü ildə də informasiya sistemlərinin auditi sahəsində fəaliyyəti davam
etdirəcəyik.

– İclaslarda auditlərin orta davametmə müddətinin uzandığı qeyd olundu. Bunu
fəaliyyətinizə irad kimi qəbul edirsiniz? Uzanmaya nə səbəb olub?

– Orta davametmə müddətində artım müşahidə etmişik. Lakin bu, müsahibənin
əvvəlində qeyd etdiyim audit fəaliyyətindəki ilklərlə bağlıdır. İstər konsolidə
edilmiş maliyyə hesabatlarının auditi, istərsə də hökumət əsaslı DİM
qiymətləndirməsi böyük zaman tələb edir. Sadaladığım bu auditlər əhatə olunan
qurumların sayı baxımından digər auditlərdən əhəmiyyətli fərqlənir. Bu halda
müddətin uzanması təbii haldır.

– Milli Məclisdə səsləndirilən fikirlər arasında səmərəlilik auditinin əhatə
dairəsinin aşağı olması da var idi, buna münasibətiniz necədir?

– Hesabat ilində də, əvvəlki ildə olduğu kimi, 5 səmərəlilik auditi həyata
keçirdik. Sayda dəyişiklik olmasa da, ümumi audit portfelində bu auditin payı
artıb. Qeyd edildiyi kimi, əhatə azalıb.

Bir məqamı buradan vurğulamalıyam ki, bütün dünya ali audit orqanlarının əhatə
dairəsini daha çox maliyyə və bəzi hallarda uyğunluq auditi üzrə ölçürlər.
Məsələn, bununla bağlı bütün diaqnostik qiymətləndirmələrdə də əsas diqqət bu
auditlərə yönəldilir.

Səmərəlilik (performans) auditlərində isə əhatə olunan vəsaitdən daha çox
mövzunun cəmiyyət baxımdan aktuallığı diqqətə alınır. Ola bilər ki, layihənin
və ya proqramın maliyyə tutumu çox aşağı olsun, lakin ictimai əhəmiyyətli
olsun. İllik iş planının hazırlanması zamanı səmərəlilik auditlərinin
seçilməsində bunu nəzərə alırıq. Daha bir məsələ isə bu auditlərin təsiri
(yekun dəyəri) ilə bağlıdır. Bəzən bu auditlər üzrə nəticələr bərpa edilmiş
dövlət vəsaitindən də daha əhəmiyyətli olur. Məsələn, ötən il keçirdiyimiz
auditlər kifayət qədər nəticəli hesab oluna bilər. Biz də olan məlumata əsasən,
hökumət tərəfindən atılan addımlar auditin nəticələri üzrə aşkarlanmış
nöqsanların aradan qaldırılmasına xidmət edəcək.

– İllik iş planını qeyd etdiniz. Bilmək olar Hesablama Palatası qurumları və
mövzuları necə seçir?

– “Hesablama Palatası haqqında” Qanununda təsbit olunur ki, iş planın
seçilməsi zamanı risk qiymətləndirilməsi aparılır. Müxtəlif meyarlar var: dövr
üzrə icra olunan vəsait, əvvəlki illərdə auditin keçirilməməsi, əvvəlki auditi
ilə aşkarlanmış nöqsanların həcmi, strukturun mürəkkəb olması, mövzunun
aktuallığı, maraqlı tərəflərdən təkliflərin gəlməsi və s.

Əlbəttə bizə hər gələn təklif əsasında nəzarət tədbiri də aparıla bilməz. Qeyd
etdiyim kimi, seçim zamanı risk və resurs qiymətləndirilməsi ön plana çıxır.

Haşiyəyə çıxaraq bildirim ki, risk qiymətləndirilməsində elektron alətin
istifadəsinə çalışırıq ki, bu da resurslarımızdan səmərəli istifadə xidmət
edəcək.

Yeri gəlmişkən, bu məqamla bağlı bir yeniliyimiz də var. İnternet səhifəmizdə
“Audit təklif et” bölməsi yaratmışıq. Hər kəs bu bölmə vasitəsilə asanlıqla
mövzu təklif edə bilər. Risk qiymətləndirilməsindən sonra bu təkliflərdən
bəzilərini iş planına daxil etməyi düşünürük.

– Bəzi millət vəkilləri tərəfindən DSMF, Sosial Xidmətlər Agentliyində
auditlərin aparılması ilə bağlı təkliflər irəli sürüldü. Bunları iş planlarında
nəzərə alacaqsınız?

– Bəli, deputatlarımızdan 2-si DSMF-də auditin aparılması ilə bağlı təklif
irəli sürdü. Qeyd etmək istəyirəm ki, hazırda biz DSMF-də auditə başlamışıq.
Mövzu Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin və xərclərinin
icrasının, eləcə də sərbəst vəsaitlərinin idarə edilməsinin auditidir. Auditin
iyun ayına kimi davam etməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası üzrə Sosial Xidmətlər Agentliyinin də auditinə
başlanılıb. Ölkə üzrə bu agentliyin auditinə gəldikdə isə, bu istiqamətdə
auditorlarımız tərəfindən risk və resurs qiymətləndirilməsi aparıldıqdan sonra
fikir irəli sürə bilərik.

– Dövlət sosial müdafiə, işsizlikdən sığorta büdcədənkənar dövlət fondlarının
büdcəsinin icrasına rəyin verilməsi məsələsini də plenar iclasda qaldırdılar.
Bu fondların büdcə icrasına rəyin verilməməsinin səbəbi nədir?

– Məlum olduğu kimi, həm “Hesablama Palatası” haqqında, həm də “Büdcə sistemi
haqqında” qanunlar bu büdcələrə rəy verilməsi ilə bağlı mandatımızı müəyyən
edib. Lakin bu fondların büdcəsinin icrasının qanunla parlamentdə təsdiq
edilməsinə dair hüquqi tənzimlənmədə qeyri-müəyyənliklər var. İcra hesabatı
parlamentə təqdim edilmir və bu səbəbdən biz bu fondların büdcəsinin icrasına
rəy verə bilmirik. Buna baxmayaraq, biz bu fondların büdcə layihəsinə rəy
veririk.

Eyni zamanda, audit etməklə bağlı mandatımız var, qeyd etdiyim kimi, 2024-cü
ilin iş planına əsasən bu fondlardan birinin auditinə birinə artıq başlamışıq.

– Hesablama Palatasının bir rəyini maliyyə auditi üzərindən vermisiniz. Bunu
digər rəylərdə niyə tətbiq etmirsiniz?

– Ümumiyyətlə bir faktı deyim ki, beynəlxalq təcrübədə büdcə icrasına dair
rəylər əsasən maliyyə hesabatları və ya maliyyə auditi üzərindən verilir. Biz
də keçən il bu yanaşmanı Dövlət Neft Fondunun (DNF) büdcəsinin icrasına tətbiq
etdik və bu il də davam etdirmək niyyətindəyik. Yuxarıda qeyd etdiyim kimi,
digər fondların büdcəsinin icrasına rəy vermirik. Lakin bu istiqamətdə maliyyə
auditlərini planlaşdırmışıq.

Dövlət büdcəsinin icrasına dair rəyin audit üzərindən verilməsi isə bu sahədə
aparılacaq islahat nəticəsində ola bilər. Büdcənin icrası ilə bağlı parlamentdə
müzakirələrin vaxtının dəyişdirilməsi, ölkə üzrə illik konsolidə edilmiş
maliyyə hesabatlarının hazırlanması və s. proseslərdən sonra bu ola bilər.
Hələlik isə mövcud qanunvericilik çərçivəsində ildən-ilə dövlət büdcəsinin
icrasına rəy verilənə kimi rəy verilən büdcə ili üzrə auditlərin əhatəsinin
artırılmasına çalışırıq.

– Hesablama Palatası dövlət maliyyəsinin idarəedilməsində vacib yer tutan
orqanlardan biridir. Bu sahə üzrə gələcək dövr üçün nə təklifləriniz var?

– Hesab edirik ki, dövlət maliyyəsinin idarəedilməsinin və ona nəzarətin
təkmilləşdirilməsi üçün ilk növbədə qanunvericilikdə və institusional
dəyişikliklərin aparılması zərurəti var. Mövcud qanunvericilik tam mənada bu
sahənin təkmilləşdirilməsinə imkan vermir.

Hazırda ali audit orqanı olaraq dövlət maliyyəsinin idarəedilməsinin
gücləndirilməsi üçün təkliflər üzərində işləyirik.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Source link