Səfir: “Aksiya vasitəsilə ağacların qlobal istiləşmə ilə mübarizədə faydasına
diqqət yönəltməyə çalışdıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu gün Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə
Türkiyədə başlatdığı Milli Ağaclandırma Günü hərəkatı çərçivəsində Bakıda
türkdilli dövlətlərin nümayəndələri ilə birlikdə qardaş ölkədə keçirilən
ağacəkmə aksiyasında iştirak etdik. Aksiyaya Azərbaycanda fəaliyyət göstərən
məktəblərimizin şagird və müəllim heyəti, Tacikistan səfirliyinin və FAO-nun
nümayəndələri qoşulublar. Aksiya vasitəsilə qlobal istiləşməyə, iqlim
dəyişmələrinə, yağıntıların miqdarının azalmasına, ağacların, yaşıllıqların
həmin ekoloji problemlərlə mübarizəyə faydasına diqqət çəkməyə çalışdıq. Bu
problemlərə diqqəti R.T.Ərdoğan bu hərəkat vasitəsilə yönəldib. Həyat yoldaşı
Əminə Ərdoğan isə onun bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Birinci vitse-prezident
Mehriban Əliyevanınrəhbərliyi ilə Heydər Əliyev Fondu ekoloji problemlərin
həlli istiqamətində böyük işlər görməkdədir”.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı
jurnalistlərə müsahibəsində deyib.
“Bu gün aksiya zamanı biz xeyli zeytun ağacı əkdik. Zeytun iqtisadi dəyəri
yüksək olan strateji məhsullardan biridir. Azərbaycanda zeytun əkilməsi
getdikcə artmaqdadır. Bugünkü aksiyanın bir xüsusiyyəti zeytunun iqtisadi
dəyərinə diqqətin yönəldilməsidir”, – deyə C.Bağçı qeyd edib.
C.Bağçı Türkiyədə bu gün kampaniya çərçivəsində 5 milyon 2 min 23 ağac
əkiləcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, bu ildən 11 noyabr tarixi “Türk dövlətləri Milli Ağaclandırma
Günü” kimi qeyd olunur və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə
kütləvi ağacəkmə aksiyaları keçirilir.