Səfir: “Ermənistan Orta Dəhliz layihəsində Azərbaycanın mühüm tərəfdaşı ola
bilər” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan Orta Dəhliz layihəsində Azərbaycanın mühüm tərəfdaşı ola bilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman
Mustafayev Haaqada “Orta Dəhliz – Avropa üçün yeni üfüq” mövzusunda keçirilən
konfransda deyib.
Diplomat çıxışı zamanı konfrans iştirakçılarına rəsmi Bakının tutduğu mövqe və
bu layihədən gözləntiləri barədə məlumat verərək, layihənin ən mühüm
nəticəsinin təkcə Çin, Mərkəzi Asiya və Avropa arasında yüklərin daha səmərəli
daşınması yox, həm də layihənin bütün marşrutu boyunca regiondaxili
əməkdaşlığın intensivləşdirilməsi olacağını vurğulayıb.
O, həmçinin qeyd edib ki, Orta Dəhliz layihəsinin uğurla həyata keçirilməsi
Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa təkan verəcək. Bu kontekstdə səfir
konfrans iştirakçılarının diqqətini Bakı ilə İrəvan arasında sülh müqaviləsi
imzalandıqdan sonra Ermənistanın bu layihənin həyata keçirilməsində Azərbaycan
və Gürcüstan üçün mühüm tərəfdaş ola biləcəyinə yönəldib.
Qeyd edək ki, Niderlandın çoxsaylı işgüzar dairələri, hökumət, media və
ekspert icmasının nümayəndələrini bir araya gətirən Haaqadakı konfrans
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin Niderlanddakı səfirlikləri
tərəfindən birgə təşkil olunub.
Konfransda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh
Ziyadov da təqdimatla çıxış edib.