Səfir: “Gündəmimiz Ermənistanla sülh, regionda əməkdaşlıqdır” – FOTO
“Bizim gündəmimiz Ermənistanla sülh, regionda əməkdaşlıqdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman
Mustafayev Niderlandın aparıcı nəşrləri – “De Volkskrant” (Xalq qəzeti), “NRC
Handelsblad” və “Holland Times”, eləcə də ümumavropa nəşri olan “Diplomatic
Magazine”nin bir qrup jurnalistinə açıqlamasında deyib.
Səfir jurnalistlərə sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror
tədbirlərinin səbəb və nəticələri, həmçinin Azərbaycanın regionda humanitar
səyləri və erməni sakinlərin reinteqrasiyası ilə bağlı planlar, danışıqlar
prosesinin perspektivləri və Ermənistanla sülh sazişinin imzalanması haqqında
danışıb. O, Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli formatda
regional əməkdaşlığın mümkünlüyü ilə bağlı jurnalistlərin suallarını da
cavablandırıb.
R.Mustafayev Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının əsassız olduğunu
vurğulayıb. Əlavə edib ki, 1987-1991-ci illərdə Ermənistanda, 1991-1993-cü
illərdə isə Qarabağ və ona bitişik 7 rayonda azərbaycanlılara qarşı etnik
təmizləmə aparılıb. Onun sözlərinə görə, bu, avropalı siyasətçilərin və ictimai
rəyin diqqətindən kənarda qalıb.
Bu kontekstdə səfir Ermənistandan didərgin salınan azərbaycanlı əhalinin öz
yaşayış yerlərinə qaytarılması ilə bağlı Azərbaycanın planları barədə məlumat
verib, bu yanaşmanın beynəlxalq hüquq baxımından əsaslı olduğunu vurğulayıb.
Bundan başqa, R.Mustafayev Cənubi Qafqazda sülhün bərqərar olmasında
beynəlxalq ictimaiyyətin rolu ilə bağlı sualları ətraflı cavablandırıb. O,
Niderland hökumətini İrəvanın destruktiv yanaşmalarını deyil, Bakının regionda
sülh, əməkdaşlıq mühitinin yaradılması, həmçinin sülh sazişinin imzalanması
istiqamətində səylərini dəstəkləməyə çağırıb. Eyni zamanda, diplomat təəssüflə
qeyd edib ki, beynəlxalq hüququn və ədalətin paytaxtı olan rəsmi Haaqa
Azərbaycan ərazisində beynəlxalq hüquq normalarının və ədalətin məhz Bakının
qətiyyətli addımları və fəal diplomatiyası sayəsində bərqərar olduğunu hələ də
etiraf etmir.
Daha sonra jurnalistlərə qanunsuz erməni silahlı birləşmələrinin mövqelərinin
məhv edilməsindən və müsadirə edilən silah-sursatlardan bəhs edən sənədli film
nümayiş etdirilib.
Qeyd edək ki, “De Volkskrant” və “NRC Handelsblad” müvafiq olaraq Niderlandın
üçüncü və dördüncü ən böyük nəşrləridir.