3f2043ff-e13f-468b-9e83-93eb7d5cae96.jpg

Səfir: “Hindistan işğal etdiyi Cammu və Kəşmirin xalqlarına işgəncələr verir”

Baxış sayı: 189 dəfə baxılıb.

“Cammu və Kəşmir mübahisəsi ən qədim həll olunmamış beynəlxalq mübahisələrdən
biridir. 1948-ci ildən bəri BMT Təhlükəsizlik Şurasının gündəliyindədir. 75 il
ərzində Hindistan bu məzlum xalqları sıxışdırmaq üçün müxtəlif cəhdlər edib.
Habelə, son beş ildə Hindistan qəddar və qeyri-qanuni işğalını davam etdirmək
üçün yenidən səylər göstərir”.

Cixisyolu.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin
Pakistan səfirliyində Cammu və Kəşmirin İşğal gününə həsr olunan tədbirdə deyib.

O bildirib ki, 2019-cu ilin 5 avqustunda Hindistan IIOJK-nın (Hindistan işğalı
altında olan Cammu və Kəşmir) xüsusi konstitusiya statusunu ləğv edib, onu
“Birlik əraziləri”nə ayırıb, Yeni Delhinin birbaşa nəzarəti altına salıb və
yerli insanlara verilən bəzi xüsusi statuslara son qoyub:

“Bu tədbirlərin əsas məqsədi ərazinin beynəlxalq səviyyədə tanınan mübahisəli
statusunu pozmaq idi”.

“Hindistan, qeyri-kəşmirlilərə işğal etdiyi ərazilərdə daşınmaz əmlak almağa
icazə verməklə, nəticədə IIOJK-nın demoqrafik və siyasi mənzərəsini dəyişə
biləcək bir proses başlatdı. Məqsəd Kəşmiri “hindləşdirmək” və yerli Kəşmir
xalqını öz torpaqlarında gücsüz bir cəmiyyətə çevirməkdir”, – səfir vurğulayıb.

Diplomat əlavə edib ki, Cammu və Kəşmirdə ifadə azadlığı ciddi problem olaraq
qalır:

“Digər təzyiq tətbiqlərinə məhkəmədənkənar qətllər, işgəncələr, zorlamalar,
itkin düşmə və əmlakın müsadirə edilməsi daxildir”.

“Hindistanın işğalçı qüvvələrinin Cammu və Kəşmirin günahsız xalqına qarşı bu
qəddar insan haqları pozuntuları BMT və İslam Əməkdaşlıq Təşkilatı da daxil
olmaqla insan haqları təşkilatları və beynəlxalq qurumlar tərəfindən də qeydə
alınıb. Hindistanın Cammu və Kəşmirin böyük hissələrində vəhşicəsinə işğal
faktını davam etdirməsi dəfələrlə regional sülh və sabitliyi təhdid edib.
Pakistan dinc yaşamaq istəyir. Bununla belə, Cammu və Kəşmir mübahisəsinin BMT
Təhlükəsizlik Şurasının qətnamələrinə və Cammu və Kəşmir xalqının arzu və
istəklərinə uyğun olaraq, ədalətli və dinc yolla həlli regionda davamlı sülh
üçün mühüm əhəmiyyət kəsb edir”, – səfir diqqətə çatdırıb.

Diplomat əlavə edib ki, Pakistan Hindistanın işğalı altında olan Cammu və
Kəşmirin məzlum xalqına göstərdiyi davamlı dəstəyə görə qardaş Azərbaycan
xalqına və hökumətinə minnətdarlığını bildirir:

“Sizin dəstəyiniz onlar üçün böyük güc mənbəyidir. Ümid və dua edirik ki,
Cammu və Kəşmirin məzlum xalqı da Qarabağın azad edilməsindən sonra
azərbaycanlı bacı-qardaşlarımızın yaşaya bildiyi azadlıqları tezliklə yaşaya
bilsin”.

Mərahim Nəsib

Source link