“Səfirin açıqlaması İranın Azərbaycana qarşı qeyri-səmimi davranışının
təzahürüdür” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Biz İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin timsalında xalqları,
dövlətləri sülhə deyil, müharibəyə səsləyən diplomatların, səfirlərin də
olduğunu müşahidə edirik”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, səfirlərin ölkələr arasında münasibətlərin
normallaşmasına, sülhə xidmət edən şəxs sayıldıqları danılmaz həqiqətdir və bu
baxımdan peşələrinin humanistliyi ilə fərqlənirlər:
“Lakin bəzən başqa cür də olur. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi
Sübhaninin timsalında xalqları, dövlətləri sülhə deyil, müharibəyə səsləyən
diplomatların, səfirlərin də olduğunu müşahidə edirik. Belə ki, Mehdi Sübhani
bu günlərdə bir daha öz peşəsinə xəyanət edərək üçüncü dövlətin qanuni ərazisi
barədə reallıqdan kənar bəyanatlar verib. Məlumata görə, səfir erməni
jurnalistin “Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının
müdafiəsi ilə bağlı İran İslam Respublikasının rəsmi mövqeyi nədir?” sualına:
“Qarabağ əhalisinin və hər bir sakininin hüquqları təmin edilməlidir. Onların
öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır
ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz”, –
şəklində cavab verib”.
Mehdi Sübhani
Milli Məclisin üzvü bildirib ki, bu, bir tərəfdən, M.Sübhaninin bütün
diplomatik etiketləri pozmasıdırsa, digər tərəfdən, rəsmi Tehranın Azərbaycana
qarşı qeyri-səmimi davranışının növbəti nümunəsidir:
“Mən bunu sıradan bir kəlmə kimi işlətmirəm. Cəmi bir neçə gün öncə İran
Prezidenti İbrahim Rəisinin Azərbaycan Prezidentiİlham Əliyevlə Daşkənddə
görüşündə səsləndirdiyi bəyanatı yada salmaq istəyirəm. İran Prezidenti həmin
görüş zamanı tamamilə birmənalı bəyanat verərək Qarabağın uzun illər sonra
əzəli ərazisinə – Azərbaycana qovuşmasına çox sevindiklərini söyləyib və: “Biz
çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik
ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi,
Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən
mühəndis-texniki sahədə, təklif etməyə hazırıq”, – deyə bəyan edib. Amma İran
dövlətinin səfiri prezidentin bu mövqeyinə daban-dabana zidd olan fikirlər
səsləndirir. Hesab edirəm ki, tez bir zamanda rəsmi Tehran bu anlaşılmazlığa,
daha dəqiq desək, bu oyuna aydınlıq gətiməlidir. Əgər səfir başından böyük
danışıbsa, yəni rəsmi Tehranın mövqeyinə zidd fikirlər səsləndiribsə, o zaman
hakim rejim buyursun, onun cəzasını versin”.