Baku TV-də Vətən müharibəsi şəhidi Daşqın Ağayev haqqında reportaj yayımlanıb.
44 günlük Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu
Daşqın Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına
görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif olunub.
Oğlu ilə bağlı xatirələrindən söz açan şəhidin anası Naridə Ağayevanın
sözlərinə görə, Daşqın Ağayev işini çox sevirdi:
“Uşaqlıqda dəcəl idi və yoldaşlarından fərqlənirdi. Elə bil ki, Allah onun
işlərini hər yerdə düzəldirdi. Uşaq yaşlarından deyirdi ki, böyüyəndə ya hərbçi
olacağam, ya da çoban. Hərbi xidmətini Tovuzda başa vurdu. Daha sonra onu
hərbiyə işə çağırdılar. Oğluma çox dedim ki, işdən çıxsın. O isə razı olmadı.
Dedi ki, yox, mənim sevdiyim sənət budur”.
Şəhidin anası oğlunun müharibəyə getməyindən xəbərlərinin olmadığını söyləyib:
“Artıq müharibəyə gedəndən sonra zəng edib bizə xəbər verdi. Oktyabrın
20-21-dən sonra onunla əlaqəmiz kəsildi. Axırıncı dəfə mənimlə danışanda dedi
ki, Zəngilanı almışıq. Sonra onu axtarışa verdik, amma tapa bilmədik. Sən demə,
neytral ərazidə olublar. Müharibə bitəndən sonra komandirləri onu və digər iki
döyüş yoldaşını tapdı. Atası da hospitallara onu axtarmağa getmişdi, amma
meyitlərin içindən tapa bilmədi. Noyabrın 17-si oğlumu gətirdilər. Həmin gün
güclü yağış yağırdı. Daşqın anadan olanda da, toyunda da leysan yağmışdı”.
Naridə Ağayeva oğlunun şəhid olacağını ağlına belə gətirmədiyini söyləyib:
“Oğlum itkin düşəndə mənə Pirşağıdan bir nömrə verdilər ki, onlara zəng edib
Daşqının yerini öyrənim. Oradan mənə dedilər ki, oğlum və iki döyüş yoldaşı
eyni istiqamətə gedərək itkin düşüblər. Həmin vaxt canıma düşən qorxu indi də
məndən əl çəkmir, vahimə basır məni. Kaş heç nəyim olmayaydı, təki oğlum sağ
olaydı”.
Ətraflı süjetdə:
olaydı”
Şəhid anası: “Kaş heç nəyim olmayaydı, təki oğlum sağ olaydı”