30d5f4b5-e58a-4f9b-90b9-dced24be7d20.jpg

Şəhid general-mayorun xanımı Polad Həşimovla ilk görüşlərindən DANIŞDI

Baxış sayı: 185 dəfə baxılıb.

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova
həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb.

Cixisyolu.com xəbər verir ki, o, “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində ilk
görüşləri ilə bağlı xatirələrini danışıb:

“Tarixini xatırlamıram. O ay, o gün yadımda qalmayıb. Yaz ayları idi. Polad
hərbi formada deyildi, kostyum geyinmişdi. O vaxtadək onu tanımamışdım. Bizim
uzaq qohumluğumuz olub. Polad da mənim kimi Qəbələnin Vəndam kəndindən olsa da,
Sumqayıtda böyüyüb. Həm də hərbçi idi, kəndə çox az gəlirdi. Ailəsi onu
evləndirməyə qərar verəndə məni məsləhət görüblər. Deyiblər ki, belə bir yaxşı
ailənin yaxşı qızı var. Valideynlərimə də məlumat veriblər. İki ailə qərar
verdi ki, əvvəlcə bizi görüşdürsünlər. O dövrdə indiki kimi telefon, sosial
şəbəkə yox idi ki, şəkillərimizi bir-birimizə göstərsinlər. Polad Həşimov bir
dəfə kənddə toya gələndə məni görübmüş. Ancaq adımı və kimin qızı olduğumu
öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıbmış. Biz görüşəndə o anladı ki,
mən elə toyda gördüyü həmin qızam. Mən isə ilk baxışdan onun dövrünün
gənclərindən çox fərqləndiyini hiss etdim. İyirmi səkkiz yaşı vardı. Çox
çətinliklərdən keçən insanlar yaşıdlarından daha yetkin olurlar. Onun da
dünyagörüşü, danışığı, həyata baxışı, fikirləri çox fərqli idi. Mən də
magistraturada ikinci kursda oxuyurdum, iyirmi üç yaşım vardı, artıq həyata öz
baxışım, öz yanaşmam formalaşmışdı”, – deyə Ofelya Salmanova bildirib.

“Fikirləşirdim ki, bu oğlanı ilk dəfədir görürəm, söhbət edirəm, amma axı niyə
bu qədər rahat olmalıyam? Utanmalıyam, ya da naz etməliyəm. Bunları etmirəm
axı… Yaxın insanlar kimi söhbət edirdik. Özünə güvəni o qədər yüksək idi ki,
ilk andan mənimlə evlənmək barədə danışmağa başladı. Gül alsın, qızın xoşuna
gələn sözlər deməyə çalışsın… Yox, elə bir şey etmədi. İkinci dəfədir məni
görür, elə danışır, sanki dünən ayrılmışıq. Gümüş bir üzük uzatdı mənə: “Gör
barmağına olur bu üzük”, – dedi və getdi. Sanki mənə evlilik təklifi edib, “hə”
cavabı alıb və indi də qalıb üzük verməyi. Onun ardınca baxa-baxa qaldım. Sonra
məni gülmək tutdu. Öz-özümə dedim ki, bu, əsl mənim istədiyim insandır. Sanki
zaman içində zaman yaratmalı idi Polad. O uzun yollardan keçib gəlməli, məni
görməliydi. Və vaxtında hərbi hissədə olmalı idi. Bunların hamısını edə
bilmişdi. Bir-iki aydan sonra nişanlandıq”, – deyə o qeyd edib.

Source link