Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş ikinci futbol turniri start
götürüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi
futbol turnirinin açılış mərasimi keçirilib.
Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə
şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm
İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, Azərbaycan tarixən çətinliklər
görüb və ərazi bütövlüyünün bərpası yolunda şəhidlər verib:
“Bu sırada jurnalistlərimiz də var. Müharibə dövründə 9 jurnalist şəhid olub.
Turnirin təşkilində məqsəd həm şəhidləri yad etməkdir, həm də idmanın
təbliğidir”.
Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İlqar Tağıyev əvvəlcə turnirin
təşkilatçılarına təşəkkür edib. İstər Birinci Qarabağ, istərsə də 44 günlük
Vətən müharibəsi dövründə şəhid olan jurnalistlərin qarşısında baş əydiyini
söyləyən İ.Tağıyev vurğulayıb ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər
kəs Azərbaycan əsgəridir:
“Hər birimiz ölkəmizin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə
yetirməliyik. Əminəm ki, öz borcunu yerinə yetirən zaman şəhid olan insanların
ruhu şaddır. Çünki ərazi bütövlüyümüz təmin olunub”.
O, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.
Daha sonra söz Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərova verilib.
O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun
torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün tam bərpa
olunduğunu vurğulayıb. P.Ələkbərov hər bir azərbaycanlının bütün şəhidlərin, o
cümlədən, şəhid jurnalistlərin xatirəsini daim əziz tutmalı olduğunu, onların
əbədi olaraq qəlblərdə yaşayacağını qeyd edib.
Açılış mərasimində çıxış edən AZƏRTAC-ın əməkdaşı Səlahət Yusifov keçmiş iş
yoldaşı və həmkarı şəhid Məhərrəm İbrahimovun hərbi vətənpərvərlik və idman
redaksiyasında çalışarkən ən qaynar nöqtələrdən materiallar hazırladığını
vurğulayıb. Bütün şəhidlərə Allahdan rəhmət diləyən S.Yusifov Prezidentİlham
Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edib.
Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub. Topa rəmzi
toxunuşu Əsgər İbrahimov, İlqar Tağıyev və Pərviz Ələkbərov ediblər. Ardınca
isə “Ardanış” ilə “Zəngəzur” komandaları arasında açılış oyunu start götürüb.
Qarşılaşma “Ardanış” komandasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Daha sonra meydana “İrəvan” və “Loru-Borçalı” komandaları çıxıblar. “İrəvan”
rəqibini 9:5 hesabı ilə məğlub edərək, turnirə inamlı qələbə ilə başlayıb.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə həvəskar komandalar arasında
təşkil olunan turnirdə komandalar “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”,
“Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında
mübarizə aparırlar. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı
ilə AzTV təmsil edir.
Qruplarda dairəvi sistem üzrə keçiriləcək mübarizə nəticəsində birinci və
ikinci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Turnirin
razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki
hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib
müəyyənləşməzsə, penaltilər seriyası oynanılacaq.
Xatirə turnirində qaliblərə, eləcə də “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”,
“Nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələrin verilməsi
nəzərdə tutulub.
Bugünkü oyunların nəticəsi və növbəti matçların təqvimi aşağıdakı kimidir:
14 oktyabr
I tur
B qrupu
19:30 “Ardanış” – “Zəngəzur” – 5:3
A qrupu
20:30 “İrəvan” – “Loru-Borçalı” – 9:5
15 oktyabr
A qrupu
19:30 “Qərbi Azərbaycan” – “Göyçə”
B qrupu
20:30 “Qaraqoyunlu” – “Çəmbərək”
21 oktyabr
II tur
A qrupu
19:30 “İrəvan” – “Qərbi Azərbaycan”
B qrupu
20:30 “Ardanış” – “Qaraqoyunlu”
22 oktyabr
A qrupu
19:30 “Loru-Borçalı” – “Göyçə”
B qrupu
20:30 “Zəngəzur” – “Çəmbərək”
28 oktyabr
III tur
A qrupu
19:30 “Qərbi Azərbaycan” – “Loru-Borçalı”
B qrupu
20:30 “Qaraqoyunlu” – “Zəngəzur”
29 oktyabr
B qrupu
19:30 “Ardanış” – “Çəmbərək”
A qrupu
20:30 “İrəvan” – “Göyçə”
4 noyabr
Yarımfinal
19:30 A1-B2
20:30 B1-A2
5 noyabr
19:30 – III yer uğrunda görüş
8 noyabr
FİNAL
19:30.
Qeyd edək ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ müharibələrində
canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən
müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid
jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun timsalında erməni
terrorunun qurbanı olan media nümayəndələrinin – Çingiz Mustafayev, Kazımağa
Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və
Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam və vətənpərvər
ruhda böyüməsinə verdiyi töhfələri unutdurmamaqdır.
Onu da əlavə edək ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı
qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata
keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər
rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il
təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru,
1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti
başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif
Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar, dörd nəfər isə
yaralanıb.
Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də Sirac Abışov, Məhərrəm
İbrahimov və Arif Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
təltif edilməsinə dair Sərəncam imzalayıb.