5a930cc2-b88b-413b-b4a4-b43136e3bb0e..jpg

Şəhid kəşfiyyatçının anası: “Onlar olmasaydı, Vətənimiz əldən gedərdi”

Baxış sayı: 346 dəfə baxılıb.

Şəhid kəşfiyyatçının anası: “Onlar olmasaydı, Vətənimiz əldən gedərdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şəhidlərimiz olmasaydı, Vətənimiz əldən gedərdi”.

Bunu “Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında
“Xocavənd əməliyyatı”nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva deyib.

O, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun
şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən
müharibəsində tarixi qələbə qazanıldığını bildirib:

“Məhz həmin qələbənin sayəsində övladlarımızın şəhidliyə ucaldığı yerləri
ziyarət edirik. Şəhidlərin hamısı bizim övladlarımızdır. Biz övladlarımızı heç
bir şəhiddən seçməmişik. Şəhidlərimiz olmasaydı, bəlkə də, Vətənimiz əldən
gedərdi”.

S.Rzayeva qeyd edib ki, müharibə vaxtı oğlu universitetdə oxuyurdu: “Mənə dedi
ki, ana və bacılarımız erməni əlindədir, bizim burada qalmağımızın mənası
yoxdur. Allah onların hər birinə rəhmət eləsin”.

“Xocavənd əməliyyatı”nda şəhid olan Nizami Ələkbərovun bacısı Mətanət Əsədova
isə deyib ki, qardaşının qismətində şəhidlik zirvəsinə ucalmaq varmış: “O
deyirdi ki, torpaqlarımız düşmənin tapdağı altındadır, onu azad etməliyik.
Qardaşım dostları ilə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub”.

Şəhid Dinar Mustafayevin bacısı Şəfəq Mustafayeva artıq dördüncü dəfədir
qardaşının şəhid olduğu yeri ziyarət edir: “Biz qardaşımın şəhid olması
xəbərini iki ay sonra öyrəndik. Bu müddət ərzində ondan xəbər tuta bilmirdik.
Qardaşım dünyanın acı və şirinliyini dadmamış, 20 yaşında şəhid olub. Bu gün
bizə təsəlli qardaşımın şəhid olduğu yeri ziyarət etməkdir. Dövlətimiz
tərəfindən ona mənzil də verilib. Bütün bunlar bizə təsəllidir”.

Qeyd edək ki, Xocavənd əməliyyatı 7 aprel 1997-ci ildə keçirilib.

Source link