Şəhid polkovnik Babək Səmidlinin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Vətən müharibəsinin iştirakçısı, şəhid polkovnik Babək Səmidlinin doğum
günüdür.
Babək Mətləb oğlu Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan
olub. 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə
həmin məktəbin məzunu olub. O, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında xidmət edib.
Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Tarixə Aprel
döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu
Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu
istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub.
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə xüsusi xidmətlərinə,
qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə
Azərbaycan Prezidentiİlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına
əsasən, Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandir müavini olan
Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində də
iştirak edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin
azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və döyüşü idarə edənlərdən biri olub.
Onun rəhbərliyi altında Suqovuşan qəsəbəsi qısa müddət ərzində işğaldan azad
edilib.
O, 2020-ci ilin noyabrın 23-də minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Babək
Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidimizin Vətənə əmanət iki oğul övladı yadigar qalıb.
Şəhid Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan
Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, polkovnik Babək
Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad
olunmasına görə” medalları ilə təltif edilib.