95113abc-15b0-4db6-b8bf-48f0933ff99e..jpg

Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”

Baxış sayı: 657 dəfə baxılıb.

Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düz otuz ildir ki, gözümüz yollarda idi. Qardaşım Elşad Qayımov Birinci
Qarabağ müharibəsinə 18 yaşında əsgər kimi yollanmışdı. Füzuli rayonu uğrunda
gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 1994-cü ildə valideynlərimə Elşadın
yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanaları
axtarsalar da, ondan xəbər ala bilməyiblər. Sonradan şəhid olduğu bildirilsə
də, dəfn edildiyi yer barədə məlumat yox idi”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şəhid Elşad Qayımovun
qardaşı Rövşən Qayımov söyləyib.

“Nəhayət, 30 ildən sonra qardaşım doğma kəndində dəfn olunacaq. Təəssüf ki,
valideynlərimiz bu günü görmədilər. Atam ötən il, anam isə 40 gün əvvəl
dünyasını dəyişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Aparılan
araşdırmalardan sonra qardaşımın Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən
“Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.
Aprel ayında bu barədə bizə məlumat verdilər. Elə indi dəfnə hazırlıq işləri
ilə məşğulam. Qardaşımın qanı yerdə qalmayıb. Şanlı Ordumuz Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə Qarabağı düşməndən tam azad etdi. İndi bütün
şəhidlərimizin ruhu şaddır”, – deyə Rövşən Qayımov söyləyib.

Qeyd edək ki, Elşad Şirin oğlu Qayımov 1974-cü il yanvarın 8-də Xaçmaz
rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb.
Qəhrəman döyüşçü 1994-cü il fevral ayının 19-da şəhidlik zirvəsinə ucalıb.

Mayın 7-də Elşad Qayımovla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş
və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhidin dəfn mərasimi keçiriləcək.

Source link