a7189211-825a-4b5e-bcac-7f972da9070b..jpg

Şəhid xanımı: “Axırıncı iş günü idi, gəlişini gözləyirdik” – FOTO

Baxış sayı: 804 dəfə baxılıb.

Şəhid xanımı: “Axırıncı iş günü idi, gəlişini gözləyirdik” – FOTO

“Həmin gün axırıncı iş günü idi. Səhəri, dekabrın 15-i evə gələcəkdi. Biz onun
gəlişini gözləyirdik, mən ona nələr hazırlamışdım. Çoxlu yeməklər bişirmişdim.
Qismət olmadı”.

Bu sözləri “Qafqazinfo”ya 2022-ci il dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq
kəndində minaya düşərək şəhid olan baş gizir Zöhrab Hümbətovun həyat yoldaşı
Nurlanə Hümbətova onunla bağlı xatirələrini bölüşərkən deyib.

Onun sözlərinə görə, Z. Hümbətov 20 il idi ki, hərb sahəsində olub. Yaxşı
xidmət etdiyinə görə “Komando”ya seçilib:

“Kəşfiyyata keçəndən sonra onu Kəlbəcərə göndərdilər. Orada 2 il idi ki,
işləyirdi. Oktyabrın 22-də xidmətinin 20 ili tamam oldu və pensiyaya çıxmaq
istəyirdi. Evə gəlib hərbi biletini apardı ki, pensiyaya çıxacaq. Lakin qismət
deyilmiş.

Evə gəlməyini uşaqlar çox gözləyirdilər. Biləndə ki, gələcək elə
sevinirdilər… Sevinirdilər ki, ataları onları məktəbə aparacaq. Evdə olmurdu,
heç vaxt onları məktəbə apara, gəzdirə bilmirdi. Ona görə yolunu həsrətlə
gözləyirdilər”.

N. Hümbətova deyir ki, həyat yoldaşı xasiyyətcə çox şən, deyib-gülən olub:

“Evə gələndə də musiqini qoşar, uşaqlarla oynayardı. 11 ildir evliyik, bu
dövrün yarısını çöllərdə oldu. Bundan sonra uşaqların yanında olacaqdı, o da
qismət olmadı. Vətən müharibəsindən əvvəl Aprel döyüşləri, sonra Tovuz
döyüşləri, bu ilin sentyabrındakı döyüşlərdə iştirak edib. Müharibə vaxtı əlaqə
saxlaya bilmirdik. Ancaq arada zəng edib deyirdi ki, yaxşıyam, vəssalam. Evə
gələndən sonra da danışmazdı. Deyirdi ki, hərbi sirri evdə danışmaq olmaz.

Torpaqlarımızın azad olunmasına hamı kimi sevinirdi. Amma şəhidlərimizə görə
çox pis olurdu. Neçə il bir yerdə işlədiyi yoldaşları da şəhid olmuşdu, həmişə
onları düşünürdü”.

Şəhid xanımının sözlərinə görə, həyat yoldaşı həmişə əsgərlərinə qayğı ilə
yanaşıb:

“Əsgərlərlə münasibəti də bütün hərbçilər kimi idi, onlara övladları kimi
baxırdı. Evdən gedəndə hər şey qoyardım, yolüstü şirniyyat alardı. Çaydan
almışdı, deyirdi əsgərlərə çay qoyaram. Onlara çox bağlı idi. Telefonuna zəng
edəndə bəzən məşğul olurdu. Deyirdi, telefonu əsgərlərə verirəm ki,
valideynləri ilə danışsınlar. Əsgərlərini çox istəyirdi”.

N. Hümbətova deyir ki, həyat yoldaşı işğaldan azad olunan torpaqlardan çox
danışardı, xüsusən də Kəlbəcərdən. Bir gün o torpaqlara övladları ilə birgə
getmək qəhrəman hərbçimizin arzusu imiş:

“Murovu keçib Kəlbəcərə getmələrindən, rayonun gözəlliklərindən danışardı.
İstisuya heyran olmuşdu. Oradan uşaqlara isti su gətirmişdi. Arzusu var idi,
bizə deyirdi ki, yollar açılan kimi sizi ora aparacağam.

Oğlumuz Turanın 7 yaşı var, qızlarımız Günel və Gülnarə 10 və 11
yaşlarındadırlar. Uşaqlarının hamısının təhsil almasını istəyirdi. Deyirdi
Bakıda universitetdə oxuyarsınız. Uşaqlar da yaxşı oxuyurlar, inşallah onun
arzusunu yerinə yetirərlər”.

Qeyd edək ki, şəhid Hümbətov Zöhrab Məmməd oğlu 1984-cü il Tovuz rayonunun
Böyük Qışlaq kəndində anadan olub. O, 2022-ci il dekabrın 14-də Kəlbəcər
rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində
3 hərbçi yoldaşı ilə bərabər şəhid olub. Hərbçimiz Tovuz rayonunun Aşağı Quşçu
kəndində dəfn olunub.

Source link