Şəhid xanımı: “Nə etdimsə, kiçik övladımı ürəkdən güldürə bilmədim” –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ailə ailədir, fərqi yoxdur, şəhid ailəsidir, ya yox. Ailədaxili problemlər
həmişə olub, şəhid ailəsi üzvü olması o demək deyil ki, ailədə o problem
yoxdur. Lakin onu qabartmağı, şişirtməyi mən düzgün saymıram. Çünki o ailələr
bizim dəyər daşımızdır. Bağçada, məktəbdə, universitetdə nümunə göstərdiyimiz
ailələrdir”.
Bunu şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid
Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə “Qafqazinfo”nun
suallarını cavablandırarkən deyib.
Həmin müsahibəni təqdim edirik:
– Şəhid xanımı obrazı haqqında danışanda ilk siz yada düşürsünüz. Bunun hansı
məsuliyyəti var?
– Şəhid adı bir ucalıqdır, müqəddəslikdir. Şəhid ailəsinin üzvü olmaq mənəvi
dəyərlərin daşıyıcısı olmaq deməkdir, Azərbaycan, Vətən deməkdir. Hər bir şəhid
ailəsinin üzvü bu müqəddəsliyi dərk edir. Biz həmişə çalışmışıq ki, Raquf
Orucovun ailəsi olaraq müqəddəs ada – Vətən adına layiq olaq.
– Ali məktəblərə qəbul imtahanlarında şəhid xanımlarının da iştirakının, uğur
qazanmalarının şahidi oluruq. Siz özünüz də 2019-cu ildə Vəkillər Kollegiyasına
imtahan verdiniz. Hazırda Rəyasət Heyətinin üzvüsünüz. Xüsusilə şəhid xanımları
ilə bağlı bu xəbərlər bizi çox sevindirir.
– Bəli, Aprel döyüşlərindən bir il sonra, 2017-ci ildə Talışda R.Orucovla eyni
vaxtda şəhid olmuş polkovnik Vüqar Yusifovun xanımı Lalə Əliyeva ilə birgə biz
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini yaratdıq. Şəhid ailələrini
topladıq və müqəddəs bir yolçuluğa başladıq. Çünki bizim ağrı-acılarımız eyni
idi, bu baxımdan bu təşkilat sığındığımız, dərdlərimizi paylaşa bildiyimiz bir
ev oldu. Biz bu yola 6 ilə yaxındır bizə miras qalan vətənin dəyərlərini təbliğ
etmək, canını fəda etmiş qəhrəmanları tanıtmaq üçün çıxdıq. Həmçinin şəhid
ailələrini maarifləndirmək, onların gənc ailə üzvlərinin təhsillərinə dəstək
olmaq istəyirik. Dediyiniz istiqamət bizim üçün prioritetdir, hər bir şəhid
xanımının təhsil alması onun övladlarını da düzgün istiqamətləndirməyə kömək
edəcək.
Bizim ən böyük layihələrimizdən biri “Əmanətə sədaqət” layihəmizdir. Bunu
“Azərlotereya” ASC-nin dəstəyi, Elm və Təhsil Nazirliyinin (ETN) tərəfdaşlığı
ilə həyata keçiririk. Hər il Azərbaycan və Türkiyə universitetlərinə qəbul olan
şəhid xanımlarına təhsil təqaüdü ayırırıq. Layihəmiz çərçivəsində 106 şəhid
övladı və xanımını təqaüdlə təmin etmişik. Ali təhsil almaq istəyən şəhid
xanımlarının sayı hər il artır. Düşünürəm ki, bu, həm də bizim tədbirlərimizin
nəticəsidir.
– Bir müddət əvvəl ölkədə peşəkar psixoloq çatışmazlığı ilə bağlı məsələ
gündəmə gəlmişdi. Qazilərimiz bununla əlaqədar türkiyəli mütəxəssislərə
yönləndirilirdilər. Elə telekanallarımızdakı verilişlərdə psixoloq, ekspert
kimi məsləhət verənlər haqda birmənalı olmayan fikirlər var. Siz də
ictimaiyyətə təsir edən şəxssiniz, bu baxımdan da fikirləriniz maraqlıdır.
– Çox təəssüf ki, Vətən müharibəsindən bu yana 45-ə yaxın müharibə
iştirakçısını psixoloji vəziyyətə görə itirmişik. O ağrı-acılarıyla, müharibə
dəhşətləri ilə bacara bilməyiblər. Etiraf edək ki, müharibədən sonra Azərbaycan
cəmiyyəti, səhiyyəsi, sosial müdafiə sistemi bu qədər psixoloji vəziyyəti ağır
olan insanları qəbul etməyə hazır deyildi. O zaman “YAŞAT” Fondu çox gərgin
işləyirdi, mən fondun Himayəçilər Şurasının üzvü idim. Ən çox sorğular
psixoloji problemlərlə bağlı daxil olurdu. FHN-in dəstəyi ilə Türkiyədən
Azərbaycana peşəkar psixoloji dəstək üçün heyət göndərildi. Onlar davamlı
olaraq dəstək təşkil etdilər.
Bizim qazilərə, şəhid ailələrinə münasibətimiz elə olmalıdır ki, onlar
ögeylik, biganəlik hiss etməsinlər. Bir həkimin, psixoterapevtin dəstəyindən
daha çox cəmiyyətin dəstəyi olmalıdır. Əgər 45 qazi həyatdan ümidini kəsibsə,
özünü öldürmək həddinə çatıbsa, burada hər birimizin günahı var. Demək,
haradasa səhvə yol vermişik, laqeyd olmuşuq.
Mən şəhid övladlarının hamısının baxışlarına fikir vermişəm, ataları ilə bir
yerdə olan fotoları ilə müqayisədə kəskin fərq hiss edirsən. Həmin körpələrin
gözündə o işıq yoxdur. Övlad ata-ana ilə xoşbəxt olur, artıq onlardan biri
Vətən torpağına çevrilib. Biz onun əlindən tutub aparırıq Şəhidlər xiyabanına
və göstəririk ki, atan buradadır. Bu bizim üçün fəxr, qürur ola bilər, amma
övlad üçün çox acı həqiqətdir. Artıq onun başdaşısını sevməlidir, torpağını
sevməlidir. Mən özüm də bunu kiçik övladımla bağlı yaşamışam. Nə etdimsə, onu
ürəkdən güldürə bilmədim, güvəni ona bəxş edə bilmədim…
– Şəhid olan şəxslərin evlərində Vətən müharibəsindən sonra bəzi ailədaxili
problemlərin ortaya çıxdığının şahidi olmuşuq. Təbii ki, çox vaxt belə halları
işıqlandırmaqdan çəkinirdik, sadəcə həllinə nail olmağa çalışırdıq. Necə hesab
edirsiniz, bunlar Azərbaycanda ailə institutunun problemlərindən xəbər verirmi?
– Ailə ailədir, fərqi yoxdur, şəhid ailəsidir, ya yox. Ailədaxili problemlər
həmişə olub, şəhid ailəsi üzvü olması o demək deyil ki, ailədə o problem
yoxdur. Lakin onu qabartmağı, şişirtməyi mən düzgün saymıram. Çünki o ailələr
bizim dəyər daşımızdır. Bağçada, məktəbdə, universitetdə nümunə göstərdiyimiz
ailələrdir. Ona görə də, çalışmalıyıq ki, belə problemləri üzə çıxarmadan, heç
kəsə yaymadan həll edək. O insanlar fədakarlıqla şəhid olanda bir müqəddəs ad
qoyublar. O adı daim yaşatmaq lazımdır.
– Elə bu günlərdə növbədənkənar prezident seçkisinin keçiriləcəyi elan olundu.
Adətən xalqın ictimai həyatında aktiv iştirak edən şəxslər siyasi proseslərə
qatılırlar. Siyasi prosesləri izləyirsiniz? Nə vaxtsa vəzifə sahibi olmaq və ya
deputat olmaq istərdinizmi?
– Hazırda tutduğumuz mövqe imkan verir ki, şəhid ailələrinin problemlərini
həll etməyə kömək edək. Əminəm ki, bu, belə də davam edəcək. Bizim hamımızın
məqsədi Azərbaycanın dövlət olaraq qorunmasıdır. İnşallah, prezident seçkisində
xalqımız yeganə və layiqli namizədimizə -İlham Əliyevə səs verəcək. O bizim
arzusunda olduğumuz faktları gerçəkləşdirdi. Yuxumuzda arzuladığımız Xankəndi
arzusunu gerçəkləşdirdi. Biz də təşkilatımız olaraq öz layiqli namizədimizi
dəstəkləyəcəyik.
Gələcəkdə deputat olmaq kimi bir iddiamız yoxdur. Düşünürəm, kim olursan ol,
öz vəzifəni şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirəcəksənsə, onda
Azərbaycanın dövlət olaraq heç bir problemi qalmayacaq.
– Həyat yoldaşınız şəhid polkovnik-leytenant Raquf Orucovla bağlı
danışardınız. O, peşəkar kəşfiyyatçı idi, Aprel döyüşlərinə qədər də yəqin ki,
bir sıra əməliyyatlarda iştirak edib. Hətta bildiyimə görə, işğal altında olan
Ağdamda şəhid olmuş anasının məzarını da ziyarət edirmiş…
– Raquf Orucov Aprel döyüşlərinin şəhididir. Vətən müharibəsi başlayanda
həmişə deyirdim, kaş Raquf bu müharibədə iştirak edərdi, bu günləri görərdi.
Çox əqidəli insan idi. Həmişə deyirəm, məni Raquf Orucov tərbiyə edib, özünə
oxşadıb. Onunla 17 illik həyatımda dözümlülüyü, fədakarlığı, vətəni sevməyi
öyrəndim. O, ön cəbhədə xidmət edib, biz də onunla bərabər olduğu səngərlərə
yaxın yerlərdə yaşayırdıq. Mən onun həyat eşqindən Vətən üçün necə keçdiyinin
şahidi oldum. Onun vətəni sevməkdən başqa bir amalı yox idi. Mənim üçün vətən
Raquf Orucov idi. Ən müqəddəs zirvə Raquf Orucov zirvəsi idi. Ona sağlığında
deyirdim, sənin əqidən qarşısında baş əyirəm. Həmişə dostlarımız da soruşanda
deyirəm ki, bu gördüyüm işlər istəyirəm ki, məni Raquf Orucova bir az da
yaxınlaşdırsın. Kaş ki Ağdamın azadlığını görsəydi… Kaş ki yaşayıb anasının
məzarını daha rahat ziyarət edə bilsəydi…
O, anasının məzarını hələ sağlığında ziyarət etmişdi. Onun qoyduğu işarələrlə
biz məzarın yerini asanlıqla tapdıq. Onun anası da şəhid idi və o bu acını
həmişə ürəyində daşıdı.
– Hansı işarələri qoymuşdu?
– R.Orucovun anası 1993-cü ilin 12 iyununda Cinli kəndində şəhid olmuşdu. Kənd
işğal olunduğuna görə onu orada dəfn edə bilməyiblər, gecə ilə Çullu kəndindəki
təpədə dəfn ediblər. O kənddə ən son məzar olub. Çünki ondan sonra həmin kənd
də işğal olunub. Məzarın üzərində heç bir işarə olmayıb. Ağdam azad olunandan
5-6 ay sonra biz kəndə getdik. Qəbiristanlıqda üzərində kiçik daş qırıntılarına
görə məzarı tapdıq. Bu, mənim üçün elə bil ki, bir borc idi. Raquf Orucov
anasının çox həsrətini çəkirdi, çünki onu erkən yaşlarında itirmişdi və 5 uşaq
anasız böyümüşdü. Özü şəhid, anası şəhid, torpağı şəhid Raquf…
Raquf Şirin Mirzəyevlə, Allahverdi Bağırovla, Allahverdi Qəmbərovla döyüşdü.
Ağdam I Qarabağ müharibəsində ən çox şəhid vermişdi. Həmin qəhrəmanları
görmüşdü, onlarla bağlı danışmaqdan doymazdı.
– Birinci Qarabağ müharibəsində Raquf Orucovun birgə döyüşdüyü əfsanəvi
komandirlərdən danışdınız. Şəhid general Polad Həşimovla da, bildiyimə görə,
dostluğu var idi.
– Bəli, Polad Həşimovla da eyni illərdə xidmət etmişdilər, dostluqları var
idi. Raquf kəşfiyyatçı idi, Polad Həşimov isə quru qoşunlarında komandir. Raquf
çox az adam haqqında söhbət açardı, amma onun haqqında deyirdi ki, çox yaxşı
insandır. Mənim Raqufdan sonra ümidlərim var idi ki, onun qisasını alacaqlar.
Güvəndiyim insanlardan biri idi Polad Həşimov. O, şəhid olanda elə bil bütün
ümidlərim puç olmuşdu. Lakin bir şeyi unutmuşdum ki, onların yetişdirdiyi əsgər
və zabitlər var. Onların qisasını alacaqlar. Bunu Raquf Orucovun dəfnində də
görmüşdüm. Biz cənazəyə yaxın dura bilmədik, xalq özü qəhrəmanını Şəhidlər
xiyabanınadək əllərində daşıdı.
– Bayaq sizinlə söhbətimizdə dediniz ki, övladlarınız xaricdə təhsil almaq
istəyirlər.
– Bəli, iki övladımız var. Çalışmışıq ki, hər bir addımımızda Raqufa layiq
olaq. Böyük oğlumuz atasının arzusuna uyğun olaraq ADA Universitetinə qəbul
olunub. Artıq magistr təhsilinin sonuncu ilindədir və yenidən təhsilini xaricdə
davam etdirmək niyyətindədir. Kiçik övladımız da bu il ADA Universitetinin
kompüter mühəndisliyi ixtisası üzrə qəbul olunub. İnşallah, hər ikisi
xalqımıza, millətimizə, dövlətimizə layiqli övlad olar.
– Raquf Orucov yaşasaydı, nə başqa cür olardı?
– Çox şey… Bir qadın kimi mənim, övladlarımızın üzü gülərdi, ürəkdən
sevinərdik övladlarımızın uğurlarına. Ondan sonra onun arzuladığı uğurların
hamısı oldu, amma mən heç vaxt ürəkdən sevinmədim. Qadın kimi, ana kimi
sevinmədim. Özümə o sevinməyi yasaqlamışam. Çünki bu, ən çox onun haqqı idi.
Onun ayağından botinka, əynindən əsgər mundiri çıxmadı. Zülm çəkdi, illərlə
xidmət etdi ki, bu xoş günləri görsün. Ona görə həmişə təəssüflənirəm. Həmişə
evimizdən gülüş səsi gələrdi. Əmin olardıq, övladlarımız çox xoşbəxt olardı.
Bizim ailə olaraq xoşbəxtliyimiz yoxdur, onu dərk etmişəm. Mən bir qadın kimi
sabah nə edərəm düşünməyi özümə qadağa qoymuşam. Nə qədər çox işləsəm,
düşünməyə o qədər az vaxtım olar. Acını hər gün yola verirəm. Onun yoxluğunu
hiss etdikcə yaşamaq çətinləşir. Çalışıram, xüsusən kiçik övladımın yanında bu
barədə çox danışmayım. Yaşasaydı, mən onun sevincini görərdim Ağdam alınanda. O
sevincə biz tamarzı qaldıq. Mən onun gözündəki gülüşü görərdim. O həsrətin
yerini bir sevinc əvəz etdiyini görərdim. Bunların heç birini görə bilmədik.
Bunların hamısı yarımçıq qaldı…