63052819-88f5-4160-aa7b-7143c626dd09.jpg

Şəhidin bacısından ürəkdağlayan sözlər: “Bizi necə qoruyurdusa, Vətəni də o cür qorudu”

Baxış sayı: 89 dəfə baxılıb.

Vətən uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də
Rzayev Elxan Ariz oğludur.

Rzayevlər ailəsinin tək oğul övladı Elxan 2020-ci il 29 sentyabr tarixində
Vətəni müdafiə etmək üçün döyüşlərə yollanır. Müharibənin bitməyinə cəmi bir
həftə qalmış Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Elxan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına
görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə
təltif olunub.

Xatırladaq ki, Elxan Rzayev 1994-cü il aprelin 15-də Sabirabad rayonunun Qəzli
kəndində dünyaya gəlib. Orta təhsilini 2000-2011-ci illərdə B.Rəhimov adına
Qəzli kənd tam orta məktəbində alan Elxan, orta məktəbi bitirərək Bakı Dövlət
Kompüter Kollecinə daxil olur. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılanda
təhsilini yarımçıq qoyaraq Vətənə olan borcunu yerinə yetirməyə yollanır. Hərbi
xidmət zamanı daim nizam-intizamı, səriştəsi ilə seçilən Elxan, 2014-cü ildə
ordudan tərxis olunaraq təhsilini davam etdirir. 2017-ci ildən etibarən
Qaraqaşlı kənd tam orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayır.
Daim təhsilini artırmaq barədə düşünür. 2020-ci ildə Sumqayıt Dövlət
Universitetinə qəbul olunur. İkinci Qarabağ savaşının başlanması ilə təhsilini
yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə yollanır.

“Kaspi” qəzetinin “Anım” rubrikasında şəhidin həyat yoluna nəzər salınıb.

“Yalnız onun yanında özümü rahat hiss edirdim”

Elxanın anası Gülnarə Rzayeva oğlunun uşaqlığı ilə bağlı xatirələri bizimlə
bölüşdü: “Oğlum uşaqlığından yaşıdlarından çox seçilirdi. O qədər mehriban uşaq
idi ki… Özü balaca olsa da, qəlbi böyük idi. Uşaq yaşlarından vətənpərvər
olub. Məktəbdə əlaçı idi. Valideynlərinin sözündən heç vaxt çıxmazdı. Elxan iki
bacının tək qardaşı idi”.

Bacısı Aynurə deyir ki, Elxanın qardaş kimi də haqqı ödənməz: “Bizi necə
qoruyurdusa, Vətəni də o cür qorudu. Şəhidlik uca zirvədir. O zirvə ilə hər kəs
fəxr edir. Amma biz Elxanla sağlığında da fəxr edirdik. Çünki həmişə bizim
başımızı uca edirdi. Mən həmişə fəxrlə deyirdim ki, “Elxan müəllimin
bacısıyam”. Uşaqlarla həyətdə oyun oynadıqda belə icazə verməzdi ki, kimsə bizə
qarşı artıq kəlmə işlətsin. Böyük qardaş kimi onu hər zaman arxamda hiss
etmişəm. Məktəbə gedəndə bacımla getmirdim. Gözləyirdim, Elxanla getmək
istəyirdim. Çünki onun yanında özümü çox qürurlu hiss edirdim. Həmişə deyirdi
ki, “mən oğlanam, mənimlə gəlmə, bacımın yanında get”. Mən isə həmişə israr
edirdim ki, “səninlə gedəcəyəm”. Məktəbdə də daima onun yanına qaçırdım. Çünki
yalnız onun yanında özümü rahat hiss edirdim. İndi yoxdur deyə özümü tək hiss
edirəm”.

“Kompüterində şəhidlərimizin rəsmləri var idi”

Elxan bacılarını qorumaqla yanaşı, həm də onların qayğısına qalıb: “Elə ciddi
xasiyyətə sahib idi ki, ondan valideynimiz qədər çəkinirdik. O, “olmaz”
deyirdisə, bu artıq bizim üçün qanun idi. Həmişə bizə örnək olmağa, tərbiyə
verməyə çalışırdı. Birlikdə oruc tutardıq, namaz qılardıq. Səhər imsaka özü
dururdu, hər şeyi hazırlayırdı. Mənə, anama əziyyət vermək istəməzdi. Hər gün
uşaqlarımı görmək üçün bizə gələrdi. Şəkillər çəkdirib kompüterində saxlayırdı.
Elə bil şəkilləri özündən yadigar saxlayıb. Hətta kompüterində əvvəlki
şəhidlərimizin də rəsmləri var idi”.

Yalnız ailəsinin deyil, kənd camaatının da sevimlisi idi Elxan. Aynurə xanımın
sözlərinə görə, hər kəs ətrafına toplaşardı. Uşaq vaxtından həm böyüklərin, həm
kiçiklərin hörmətini, sevgisini qazanmışdı: “Olduqca savadlı idi. Danışıq
qabiliyyəti yüksək səviyyədə olduğu üçün həmişə bütün məclislərdə ona söz
verərdilər. Elxan çox vətənpərvər idi. Vətəni bizdən də çox sevirdi. Onun
haqqında fikrimizi sözlərlə ifadə etməkdə çətinlik çəkirik”.

“Uşaqlarla necə dil tapacağını çox yaxşı bilirdi”

Elxan həm də informatika müəllimi idi. Məktəbdə işlədiyi dövrdə də həm
şagirdlərin, həm də müəllimlərin böyük rəğbətini qazanmışdı: “Şagirdləri,
müəllim yoldaşları onun haqqında göz yaşı, ürək ağrısı ilə danışırlar. Uşaqlar
müəllimlərinin yoxluğunu qəbul edə bilmirlər. Şagirdləri hər dəfə deyirlər ki,
“Elxan müəllim bizə sadəcə informatika fənnini yox, həm də həyatı öyrədirdi”.

Elxanın həm dostu, həm də müəllim yoldaşı olan Xanəli Qubadovun sözlərinə
görə, o, uşaqların sevimlisi idi: “Elxan müəllimlə biz eyni ildə imtahan
vermişik və Qaraqaşlı kənd tam orta məktəbinə qəbul edilmişik. 2017-ci ildən
bərabər fəaliyyət göstərmişik. Elxan sadəcə müəllim yoldaşı deyildi. Biz onunla
həm dost, həm də qardaş idik. Elxan məktəbimizdə həm müəllimlər, həm şagirdlər
tərəfindən sevilirdi. Hər kəslə olduqca mehriban idi. Şagirdlərinə də hər zaman
vətənpərvərliyi aşılayırdı. Şagirdlər səbirsizliklə gözləyirdilər ki, həftədə
bir dəfə Elxan müəllimin informatika dərsi olsun. Həvəslə sıraya düzülüb
informatika otağına yollanırdılar. Uşaqlarla necə dil tapacağını çox yaxşı
bilirdi. Onun şəhid olması hər birimizə olduqca pis təsir etmişdi”.

“Müharibəyə gedirəm”

X.Qubadov deyir ki, dostu müharibəyə yollanmamışdan öncə şagirdlərini ona
əmanət edib: “Elxan müəllim hər zaman Qarabağ haqqında ürək ağrısı ilə
danışırdı. Sentyabrın 29-da müharibəyə yollandı. Getməmişdən öncə birinci mənə
zəng etdi. Səhər saatları idi, dərsdə idim. Dedi müharibəyə yollanıram. Birinci
qulaqlarıma inanmadım, zənn etdim ki, zarafat edir. Sonra gördüm ciddidir. Dedi
“komissarlıqdayam, səninlə vidalaşmaq üçün yığdım. Müəllimlərə, şagirdlərə
məndən çoxlu salam de, məndən dualarınızı əsirgəməyin”. Təəssüflər olsun ki,
torpaqlarımız qayıtsa da, Elxan qayıtmadı… Amma ruhən hər zaman
qəlbimizdədir, bizimlədir”.

“Mən getməsəm, bəs kim gedəcək?!”

Bacısı Aynurə Elxanın müharibəyə yollanmasını belə xatırlayır: “Sentyabrın
27-i müharibə başladığı gün hamımız birlikdə eyvanda oturmuşduq. Elxan eşidəndə
ki, müharibə başlayıb, sevindi. Atama dedi ki, “şükürlər olsun, torpaqlarımızı
geri qaytaracağıq”. Elə həmin gün gedib könüllü komissarlığa müraciət etdi.
Evdə olduğu dövrdə də müəllimlərlə, dost-tanışla birgə ön cəbhəyə ləvazimatlar
göndərirdi. Müharibə başlayandan sonra cəmi iki gün evdə qaldı. Biz ona
dəfələrlə dedik ki, “müəllimsən, burada şagirdlərinin sənə ehtiyacı var. Bəlkə
getməyəsən”. “Torpaqlarımızı işğaldan azad etməyə gedirəm”, – dedi. Bizim
üzülməyimizə icazə vermirdi. Cəbhəyə getməmişdən bir gün öncə axşam
dost-tanışla sağollaşdı. Biz ona “getmə” deməyə çəkinirdik. Dostları deyəndə də
sözlərini bitirmələrinə icazə verməyib. Deyib ki, “tək oğul olsam da, mən
getməsəm, bəs kim gedəcək?! Düşmən yanında başı aşağı gəzirik. Mən əzab çəkirəm
ki, torpaqlarımız işğal altındadır”. Hətta gedəndə ötürməyimizə belə icazə
vermədi. Bizə ürək-dirək verirdi ki, “qorxmayın, bu, sadəcə hazırlıq
mərhələsidir”. Çox ruh yüksəkliyi ilə müharibəyə yollandı”.

“Onun qəhrəmanlığını öz gözlərimlə gördüm”

Bölük komandirinin müavini, Baş gizir Ruslan Xəlilov Elxanı vətənpərvər, mərd,
cəsur döyüşçü olaraq xatırlayır: “Elxan könüllü şəkildə müharibəyə qatılan
əsgərlərdən biri idi. Biz sonradan bildik ki, müəllimdir. Əsgərlərdən
seçilirdi. Sentyabrın 27-dən oktyabrın 8-ə qədər bərabər döyüşdük. Füzuli və
Cəbrayıl uğrunda döyüşlərdə onun qəhrəmanlığını öz gözlərimlə gördüm. Mərd,
qorxmaz, cəsur əsgər idi. Onda heç vaxt qorxu deyilən hiss görmədim. Hər zaman
deyirdi ki, “daha da irəliyə gedək”. Sona qədər gedib torpaqlarımızın hamısını
işğaldan azad etmək istəyirdi. Bu eşqlə yanıb tutuşurdu. Deyirdi “bu yolda
şəhid də olsam, əsas odur torpaqlarımız düşmən tapdağı altında olmasın”.

Ağır yaralandığını ailəsindən gizli saxlayırdı

Elxan döyüşdə ağır yaralanıb, amma ailəsinə “yıxılmışam” deyib. Gülnarə
Rzayevanın sözlərinə görə, onlar bu xəbəri kənd camaatından eşidiblər: “Hər gün
onunla əlaqə saxlayırdıq. 15 gün sonra kənddə xəbər yayıldı ki, Elxan
yaralanıb. Danışanlar deyir ki, onları pusquya salıblar, maşınları minaya
düşüb. Həmin dövrdə də onunla əlaqəmiz var idi. Şok olduq ki, axı Elxanla
təzəcə danışmışıq. O isə bizə deyir ki, “hər şey yaxşıdır, narahat olmayın”.
Elxana zəng edəndə dedi ki, “sizə səhv məlumat veriblər. Mən yaralanmamışam,
sağ-salamatam”. Dedik ki, atanla səni görmək istəyirik. O zaman dedi ki, “bir
günlük Ağcabədiyə gələcəyəm”. Sən demə, sarğısını dəyişdirmək üçün gəlirmiş.
Onda artıq yaraları yavaş-yavaş sağalırdı. Ağcabədidə də israrla dedi ki, “biz
heç müharibəni görmürük, mən arxa tərəflərdəyəm”. Amma rabitəçi olaraq elə ən
öndə gedən əsgərlərdən imiş. Lakin mən onun yarasını hiss etmişdim. Qoluna əl
vuranda özünü çəkməyindən bildim. Soruşanda niyə özünü çəkirsən, dedi ki,
“təlimdə yıxılmışam, sadəcə qolum sıyrılıb”. Şəhid olduqda bizə dedilər ki,
yarasının tikişi sökülməyib”.

“Yarası sağalmamış yenidən döyüşlərə qayıtdı”

Elxanın yaralandığı döyüşdə Ruslan Xəlilov onunla birgə olub: “Oktyabrın 8-də
Cəbrayıl-Hadrut istiqamətində kəşfiyyat xarakterli dayanmaq məcburiyyətində
qaldıq. Bu zaman bizi pusquya saldılar. Elxan həmin döyüş zamanı yaralandı. Biz
axşama qədər düşmənlə mübarizə apardıq. Vəziyyət səngidikdən sonra digər
yaralıları və Elxanı hospitala yola saldıq. Ondan sonra onunla əlaqəm kəsildi.
Lakin sonradan eşitdim ki, Elxan yenidən ordu sıralarına geri qayıdıb. Ağır
yaralansa da, yarası sağalmamış yenidən döyüşlərə qatıldı. Noyabrın 2-də bir
gün əvvəl Qubadlı istiqamətində Yaz düzü uğrunda gedən döyüşlərdə şəhid olduğu
xəbərini aldıq”.

“Sanki əvvəlcədən bilirdi…”

Elxan döyüşə yenidən qatıldıqdan sonra ailəsi ilə daha az danışmağa başlayıb.
Müharibənin bitməsinə sayılı günlər qaldıqda isə ailəsinə acı xəbəri verilib.
Bacısı Aynurə deyir ki, onun şəhid olması xəbərini də Rzayevlər ailəsindən
gizlədiblər: “Bir neçə gün xəstəxanada müalicə alıb, amma tam sağalmamış
yenidən könüllü şəkildə Vətənə borcunu ödəmək üçün döyüş bölgəsinə geri
qayıdıb. Anama, atama ürək-dirək verib, onları geriyə yola salıb. Ağcabədidə
olanda bizi də yığmışdı. Mən kövrəldim, danışa bilmədim. Bizə təsəlli verdi,
tapşırdı ki, möhkəm olun. Sanki əvvəlcədən bilirdi ki, döyüş bölgəsinə getsə,
bir daha geri qayıtmayacaq. Həmin gün axşam məni yenidən yığmışdı. Amma evdə
olmadığım üçün uşaqlarımla danışıb. Bəlkə də mənə sözü var idi, amma danışa
bilmədik. O gündən sonra onunla cəmi bir ya iki dəfə danışa bilmişdik. Sonra
isə şəhid xəbəri gəldi. Noyabrın 1-i – o, şəhid olanda bütün kənd bilirmiş,
amma heç kim cəsarət edib bizə deməmişdi. Noyabrın 2-i bizə dedilər ki, “Elxan
yaralanıb, onun yanına gedirik”. Elxanı kəndimizə gətirməyənə qədər şəhid
olduğuna inana bilmirdik. Yalnız gətiriləndə şəhid olduğunu bildik”.

Elxan cismən dünyadan köçsə də, sevdiklərinin qəlbində daim yaşayır. Artıq
dörd ildir hər il noyabrda Elxan Rzayevin şərəfinə anım tədbirləri keçirilir.

Elxan və onun timsalında bütün şəhidlərimiz hər zaman qəlbimizdə var olacaq və
daim yad ediləcək. Allah hər birinə rəhmət eləsin!

Source link