Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun
cinayət işi üzrə ibtidai istintaq yenidən yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, cinayət işi Sumqayıt Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.
İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.
Öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabrında Ermənistanın təxribatının
qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşı olub.
Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.
Hadisə mayın 13-də saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində
yerləşən fərdi yaşayış evlində qeydə alınıb.
Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon
prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman
Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra
könüllü olaraq istintaqa təslim olub.
Daha əvvəl Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi
ilə baxılan iş zərərçəkmişin hüquqi varisinin vəsatəti əsasında yenidən
araşdırılması üçün ibtidai istintaqa göndərilib. Zərərçəkmiş Ləman Qurbanovanın
hüquqi varisi (atası) cinayətin xuliqanlıq məqsədilə törədildiyini əsas
gətirərək onun ağırlaşdırılması vəsatətini verib. Məhkəmə hüquqi varisin
vəsatətini qəbul edərək işin yenidən araşdırılması üçün ibtidai istintaqa
göndərilməsini təmin edib.