6f5e9681-d3dc-4c46-b235-e209859d1002..jpg

Səhiyyə Nazirliyi immun sistemini gücləndirməyin üsullarını AÇIQLADI – FOTO

Baxış sayı: 726 dəfə baxılıb.

Səhiyyə Nazirliyi immun sistemini gücləndirməyin üsullarını AÇIQLADI – FOTO

“İmmun sisteminin zəifləməsində anadangəlmə xroniki xəstəliklər və
infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri
var. İmmun sisteminin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız
qidalanmadır”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
terapevt Zakir Quliyev nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Zakir müəllim, öncə bilmək istərdik ki, immun sisteminin zəif olmasını
göstərən əlamətlər hansılardır?

– İmmun sistemi bədənimizdəki bütün orqan və hüceyrələri əhatə edən müdafiə
sistemidir. Bu sistem sayəsində təbiətə uyğunlaşırıq. Belə ki, immun sistemi
orqanizmi infeksiyalara, bakteriyalara və mikroblara qarşı qoruyur. İmmun
sisteminin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi
tez-tez təkrarlayan infeksiyalardır. Məsələn, qışda 3-4 dəfə yuxarı tənəffüs
yollarının infeksiyasının olması şəxsin immun sisteminin zəif olmasından xəbər
verir.

İmmun sisteminin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin müxtəlif
yerlərində ağrılar, təkrarlanan infeksiyalar, depressiya, saç tökülməsi, diqqət
pozğunluğu kimi hallar müşahidə edilə bilər. İmmun sisteminin zəifləməsi
nəticəsində orqanizm xarici və daxili mühit amillərinə qarşı həssas olur və
xəstəliklərə qarşı mübarizə qabiliyyətini itirir.

– İmmuniteti zəiflədən qidalar və vərdişlərə nələr daxildir?

– İmmun sisteminin zəifləməsində anadangəlmə xroniki xəstəliklər və
infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri
var. Araşdırmalar göstərir ki, immun sisteminin güclü olması əhəmiyyətli
dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından asılıdır.
İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır. Az
proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini
zəiflədən amillərdir.

Qeyd edim ki, A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun
sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin
olmaması bədənimizi xarici amillərə qarşı həssas edir.

Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və
yuxunun az olması, istirahət etməmək, həddindən artıq stres yükü, tez-tez
antibiotik və digər dərmanların istifadəsi immun sisteminin zəifləməsində rol
oynayan əsas səbəblərdəndir.

– Bəs hansı təbii vasitələrlə immuniteti gücləndirmək mümkündür?

– Bizim orqanizmə hansı qidaların lazım olduğunu bilmək sağlamlığımız və güclü
immun sistemimiz üçün çox vacibdir. Daha güclü immun sisteminə sahib olmaq üçün
aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:

Bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda
sürətli bir şəkildə arıqlamaqdan çəkinmək;

Bədənimizin mayeyə olan ehtiyacı qədər su için. Əgər ürək-damar sisteminizdə
və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını
öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin;

Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. Aparılmış elmi
araşdırmalar göstərir ki, keyfiyyətli yuxu ilə güclü immunitet arasında birbaşa
əlaqə var;

“Fast food”dan uzaq durun, çünki bu qidaların kalorisinin yüksək olmasına
baxmayaraq, immun sisteminə müsbət təsir göstərmir;

Keyfiyyətli və balanslaşdırılmış qidalanın qəbulu – immun sistemini
gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz yemək və mövsümə
uyğun təbii şirələr qəbul etməkdir;

Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir.
Belə ki, sadə şəxsi gigiyena qaydalarına riayət etmək sağlamlığın qorunmasına
və möhkəmlənməsinə kömək edir;

Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Elmi
araşdırmalar göstərir ki, idman immun sistemini aktivləşdirir;

Pis vərdişlərdən (tütün və spirtli içkilərdən istifadə) mümkün qədər uzaq
olmaq;

Əsəb və stresdən maksimum uzaq durmaq lazımdır.

Bundan əlavə, D vitamini immun sisteminin stimullaşdırılmasında vacib rol
oynayır. D vitamini hüceyrə mikromühitində metabolik stresi azaldaraq
orqanizmin təbii immunitetini dəstəkləyən bir vitamindir. Bədənin D vitamini
sintezinə olan ehtiyacının 90%-i dəri tərəfindən günəş işığı ilə qarşılanır.

Günəş işığından başqa ayran, pendir, qatıq, bitki yağı, balıq və balıq
məhsulları, qaraciyər, yumurta sarısı, göbələk D vitamininin ən əhəmiyyətli
mənbələrindəndir. Həmçinin D vitamini xəstəliklərə səbəb olan virus və
bakteriyalarla mübarizə aparır.

– Həkim məsləhəti olmadan qəbul edilən antibiotik və dərmanlar immun sisteminə
təsir edə bilərmi?

– Hər hansı bir xəstəlik törədən amilin orqanizmə daxil olduğu andan etibarən
bədənimizdə müdafiə mexanizmi yaranır. Xəstəlik törədən antigenlərin müxtəlif
anticisimlərlə orqanizmdən çıxarılmasını təmin edən bu sistem, həmin amillə
qarşılaşdıqda müxtəlif xəstəlik törədicilərinə qarşı müdafiə inkişaf etdirir və
orqanizmin davamlı qorunmasını təmin edir.

Bəzən həkim məsləhəti olmadan xəstəliyin müalicəsi üçün istifadə edilən
antibiotiklər və buna bənzər dərmanlar immun sistemin həmin xəstəlik
törədicisinə qarşı lazımi müdafiəni qurmasına və inkişaf etməsinə mane olur.
Misal üçün, xəstədə hər hansı bir virus mənşəli infeksiya varsa, istifadə
edilən antibiotik mualicəsi sağalma periodunu uzada, hətta xəstəliyi daha da
ağırlaşdıra bilər.

İmmun sisteminin kifayət qədər müqavimət göstərə bilmədiyi hallarda müalicə və
ya xəstəliklərdən qorunmaq üçün həkim nəzarətində dərmanlara üstünlük
verilməlidir.

Source link