0ad0e40d-c272-40ee-bfa6-c68704f1ffdf..jpg

Səhiyyə Nazirliyi Laçın şəhərində ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı müayinələr edib – FOTO

Baxış sayı: 516 dəfə baxılıb.

Səhiyyə Nazirliyi Laçın şəhərində ağciyər xəstəliklərinin erkən aşkarlanması
ilə bağlı müayinələr edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin
aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi
konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə
işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir. Eyni zamanda,
bu tədbirlər çərçivəsində əhalinin tibbi bilik və məlumatlılıqlarının
artırılması məqsədilə sağlam həyat tərzi mövzularında maarifləndirici aksiyalar
və təqdimatlar keçirilir.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir aprelin 6-da Laçın
şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər
Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən “Ağciyər xəstəliklərinin erkən
aşkarlanması” proqramı çərçivəsində rayon əhalisinə tibbi xidmətlər göstərilib.

Aksiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün
mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin
sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Laçın rayon sakinlərinin
sağlamlığının qorunmasında dəstək və yardım göstərməsi, həmçinin ağciyər
sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə
məqsədini daşıyır.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın
başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq,
ftiziatr, kardioloq tərəfindən əhalinin ətraflı müayinəsi aparılıb. Diaqnostik
müayinələrdən döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının
spiroqraf vasitəsilə müayinəsi təşkil olunub. Eyni zamanda, elektrokardioqram
(EKQ), exokardioqrafiya (EXO-KQ), mantu sınağı və arterial qan qazlarının
tərkibinin təhlili aparılıb.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi
məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Aksiya zamanı 150-yə yaxın Laçın sakini hər biri ayrı-ayrılıqda beş müayinədən
keçiblər.

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı Laçın ictimaiyyəti
üçün maarifləndirici tədbir təşkil olunub.

İnstitutun direktoru İradə Axundova ətraflı təqdimatla çıxış edib. Onun
sözlərinə görə, vaxtında aparılan diaqnostika və müntəzəm profilaktik müayinə
xəstəliyin qarşısını almağa və ya patologiyanın inkişafının erkən mərhələsində
müalicəyə başlamağa kömək edir. Həmçinin profilaktik tədbirlərin ağciyər
xəstəliklərinin qarşısını alması və tənəffüs sisteminin funksionallığının
optimallaşdırmasında vacibliyi əhalinin diqqətinə çatdırılıb. Direktorun
sözlərinə görə, müasir diaqnostika tənəffüs sisteminin patologiyalarını
vaxtında müəyyən etməyə və erkən mərhələlərdə xəstəlikləri aşkarlamağa imkan
verir. Eyni zamanda, sağlam həyat tərzinin prinsiplərinə riayət və siqaret
çəkmə kimi zərərli vərdişdən imtinanın vacibliyi vurğulanıb.

Həmçinin institutun həkim-ftiziatrı Aysel Aslanova “Ağciyərlər xəstəlikləri
haqqında nə bilirik” mövzusunda təqdimatla çıxış edib. Vərəm, bronxial astma,
pnevmoniya, tütün çəkmə ilə bağlı xəstəliklərdən, həmin xəstəliklərin ilkin
diaqnostikası, klinikası və ilkin əlamətləri barədə ümumi məlumat təqdim edilib.

Daha sonra institutun skrinninq məqsədilə istifadə etdiyi ən müasir müayinə
üsullarından olan smart-rentgen aparatı haqqında bilgilər verilib.

Eyni zamanda, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası
haqqında faydalı məlumatlar verilib, maarifləndirici vizual materiallar
paylanılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər
ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə
aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Source link