280053da-fe59-4fdb-855d-761db7c3f6d1..jpg

Səhnədə bıçaqlandı, diskotekanı Azərbaycana gətirdi – Niyaməddin Musayev haqqında faktlar – FOTO

Baxış sayı: 682 dəfə baxılıb.

Səhnədə bıçaqlandı, diskotekanı Azərbaycana gətirdi – Niyaməddin Musayev
haqqında faktlar – FOTO

Kulis.az Xalq artisti Niyaməddin Musayev haqqında maraqlı faktları təqdim edir.

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan
olub. 1957-ci ildən, yəni 17 yaşından səhnəyə çıxmağa, mahnılar ifa etməyə
başlayıb.

Gənc yaşlarında Rayon Mədəniyyət Evində metodist və incəsənət məsləhətçisi
işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri
ansamblında bir neçə mahnısı radio fonotekasına yazılıb. 1968-ci ildə
“Muğam-68” festivalının qalibi olub.

1978-ci ildən “Röya” vokal instrumental ansamblının bədii rəhbəri olan
Niyaməddin Musayev, Azərbaycanda milli estrada janrının əsasını qoyub və həmin
il ansamblın bir valı buraxılıb.

1987-ci ildə müğənni Məmməd Arazın sözlərinə yazdığı “Dünya sənin, dünya
mənim” adlı mahnını ifa edib. Bu ifa ona böyük şöhrət gətirib.

Xalq artistinin bir evliliyi olub. Bu evlilikdən onun Röya, Günel, Orxan adlı
övladları dünyaya gəlib. Röya və Günel ingilis dili müəllimi, oğlu Orxan isə
gömrükdə işləyir, mayordur.

Çoxları bilmir ki, Niyaməddin Musayev yoqa ilə məşğul olub. Hətta efirlərin
birində müğənni Roza Zərgərli Xalq artistindən idman zamanı istifadə etdiyi
hərəkətləri nümayiş etdirməsini xahiş edib. Sənətçi onun bu istəyinə etiraz
etməyib və səhnəyə çıxaraq yoqa hərəkətləri göstərib.

Bir neçə il əvvəl Xalq artistinin Türkan adlı bir xanım müğənni ilə fotoları
mediada yayılıb. Çoxu bu xanımı müğənninin sevgilisi kimi təqdim etsə də,
Niyaməddin Musayev məsələyə aydınlıq gətirərək deyib:

“O mənim nə tələbəm idi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi.
Türkan gənc müğənnidir. Buradakı bəzi binamus adamlar götürüb o şəkli
hallandırıblar. Harada gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün
yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə
olsun ki, musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir”.

Niyaməddin Musayevlə bağlı xeyli lətifələr və zarafatlar insanlar arasında
yayılıb. Bunlardan ən maraqlısı insanların onu 100 dollarlıq ABŞ əsginasının
üzərindəki Bencamin Franklinlə müqayisəsi olub. Bu barədə Niyaməddin müəllimə
sual verəndə deyib:

“İndi məni yüz dolların üstündəki kişiyə bənzədirlər. Bundan incimirəm. Hamısı
xalqın sevgisidir. Onlar sevgilərini müxtəlif yanaşmalarla göstərirlər”.

2019-cu ildə müğənni haqqında yayılan ən xoşagəlməz şayiələrdən biri onun ölüm
xəbəri olub. Bu barədə xəbərlər sosial şəbəkələrdə yayılandan sonra müğənninin
yaxınları xəbərin yalan olduğunu və bu kimi xəbərlərin sənətçinin səhhətinə pis
təsir göstərdiyini açıqlayıblar.

Çoxları bilmir ki, Niyaməddin Musayev 1986-cı ildə Gəncədə konsert verərkən,
hər kəsin gözü önündə bıçaqlanıb. İddialara görə, sənətçini bıçaqlayan onun
fanatlarından biri olub. Konsert zamanı həmin fanatı ona gül verərkən, gül
buketinin içindən bıçağı çıxararaq sənətçinin boğazına və qarın nahiyəsinə
zərbələr endirib. Hadisənin hansı səbəbdən baş verdiyi bu günə qədər məlum
deyil. Sənətçiyə hadisə ilə bağlı sual verdikdə isə bu barədə danışmaq
istəmədiyini bildirib. Həmin vaxt ağır yaralanan sənətçinin vəziyyəti yaxşı
olmadığı üçün Moskvaya aparılıb və orada müalicə olunub.

O, 1974-cü ildə sözləri və musiqisi Bəhram Nəsibova aid olan “Şahnaz təsnifi”
(“Deyin haradadır”) mahnısı ilə sənət aləmində daha çox tanınıb.

Niyaməddin Musayev məşhur gitara ifaçısı Bəhram Nəsibovla vaxtilə çox yaxın
dost olub. Bir evdə kirayədə qalıblar, mahnılar yazdırıblar. Ancaq nədənsə
bəstəkarın ölümündən sonra Niyaməddin müəllim Şahnaz təsnifinin sözlərinin
Bəhram Nəsibova yox, başqa adama aid olduğunu qeyd edib.

Bu fikirlər isə Bəhram müəllimin ailəsi tərəfindən xoş qarşılanmayıb. Bəhram
Nəsibovun oğlu Adilin sözlərinə görə, Niyaməddin Musayev onun atasının
mahnılarını oğurlayaraq öz adına çıxarıb:

“2008-ci ildə Niyaməddin çıxıb dedi ki, “Gecələr” mahnısı mənimdir. Aləm dəydi
bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla
bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi. Ömrünün son
günlərində atam Şamo İsayev ilə Niyaməddin Musayevi görmək istəyirdi. Heç biri
gəlmədi. Əbəs yerə deməyiblər, düşmənin ən böyük hiyləsi dost olmasıdır”.

Məşhurluğunun pik nöqtəsində çoxsaylı sevgi məktubu alan Niyaməddin Musayev
özünü Azərbaycanda diskotekanın əsasını qoyan ilk musiqiçi hesab edir.

O, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq
görülüb və 2000-ci ildə “Şöhrət”, 2020-ci ildə “2-ci dərəcəli Əmək” ordenləri
ilə təltif olunub.

Source link