Səhnəmizin “Mustafa müəllimi” yubileyini qeyd edir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, “Şöhrət” ordenli Hacı
İsmayılovun doğum günüdür.
Cixisyolu.com xatırladır ki, o, 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli
orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət
Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Daha sonra Sumqayıt Dövlət Dram Teatrından dəvət alıb və 1968-ci il sentyabr
ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M.F.Axundovun “Müsyö
Jordan və dərviş Məstəlişah” komediyasında “dərviş Məstəlişah” rolunu ifa edib.
Bundan sonra C.Patrikin “Qəribə missis Səvic” dramında “Ceffi”, A.Papayanın
“Bəli, dünya dəyişib” komediyasında “Səməndər”, C.Cabbarlının “Sevil” pyesində
“Məmmədəli bəy” rollarında çıxış edib.
1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk
gündən H.Cavidin “Xəyyam” faciəsindəki “İkinci Qulam” rolunu alıb.
“Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində “Mustafa”
rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə
Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.
17 may 1989-cu ildə “Azərbaycan SSR Əməkdar artisti”, 18 dekabr 2000-ci ildə
“Azərbaycan Respublikasının Xalq artisti” fəxri adları ilə təltif olunub.
Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi
“Sənətkar” medalına layiq görülüb.
2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr
müavinidir. Ötən ildən isə ittifaqın sədr vəzifələrini müvəqqəti icra edir.
21 yanvar 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Ailəlidir, iki övladı və üç nəvəsi var.