Şəhriyar Məmmədyarov: Bu geyim sponsorun mənə hədiyyəsidir

Baxış sayı: 2. 860 dəfə baxılıb.

Şəhriyar Məmmədyarov: Bu geyim sponsorun mənə hədiyyəsidir

Sözsüz ki, Maqnus Karlsen bu turnirin favoriti sayılır. Ümumiyyətlə, o bütün turnirlərin 90 faizində qalib olmağa əsas namizəddir. Amma bu dəfə birinci olmağa çalışacağam. Çünki iki dəfə qələbə qazanmışam. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri “ShamkirChess” turnirinin açılışında Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov deyib. 

O, son zamanlar uğursuz çıxışından danışıb: 

“Veyk aan Zee turniri mənim üçün uğursuz oldu. Amma sonra Almaniyada iştirak etdiyim turnirdə reytinqimi artırdım. Düşünürəm ki, peşəkar şahmatçı üçün bu normal bir haldır. Ancaq bu turnirlərdən sonra bu istiqamətdə müzakirələr aparmışıq. İnanıram ki, “ShamkirChess 2019”da yenidən uğur qazanacağam”.

Şahmatçımız iddialıların turnirinə vəsiqə qazanmaq şansından da danışıb:

“Bu il İddiaçılar Turnirinə vəsiqə qazanmaq çox çətin olacaq. Bu il reytinqə görə, iki şahmatçı deyil, bir zəka sahibi seçiləcək. Reytinqə görə, mənim İddiaçılar Turnirinə düşməyim çətinləşib. Ancaq bu il Dünya Kuboku və Qran Pri yarışlarında iştirak edəcəyəm. Bu yarışlarda uğurla çıxış edib turnirə vəsiqə qazana bilərəm”.

Məmmədyarov sponsor məsələsinə də aydınlıq gətirib. O, pencəyinin boyun hissəsində yazılmış “S” hərfindən danışıb: 

“Bu geyim sadəcə sponsorun mənə bir hədiyyəsidir. Sponsor məsələləri haqqında sonra danışacağıq”.

“Son zamanlar Azərbaycanın gənc şahmatçılarından kimi iddialı sayırsınız” sualına isə o, belə cavab verib: 

“Belə ad çəkəcəyim adam yoxdur. Şahmatın inkişafı zəifləyib. Gənclərdə o qədər perspektiv görünmür”.

İdmançımız 2020-ci ildə keçiriləcək Olimpiadada uğur qazanmaqdan da söz açıb: 

“Biz son Olimpiadada uğursuz çıxış etdik. Gümüş medal qazanmaq şansı var idi. Amma alınmadı. İndiyə qədər medal qazanmamışıq. Amma növbəti Olimpiadaya ümid var”.

Səbuhi MUSAYEV