Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində IV tur başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, IV turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bolqarıstan təmsilçisi Veselin Topalova uduzub.
Bolqarıstanlı dünya çempionu Veselin Topalov oyundan sonra partiya haqqında bunları deyib:
“Əvvəlcədən üstünlük yox idi. Düşünürdüm ki, növbəti dəfə heç-heçə olacaq. Sonda vəziyyət dəyişdi. Şəmkirdə ilk qələbəni qazandığım üçün şadam.
Ümumiyyətlə, Şəmkirdə həmişə normal oyun sərgiləmişəm. Bu qələbə bir xal qazandırdı. Əsas mübarizə irəlidədir. Təxminən bir il böyük yarışlarda iştirak etmirəm. Bu mənada, yaxşı formada olduğumu fikirləşirəm. Məmmədyarovla əksər oyunlarımız məhsuldar alınır”.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə məğlubiyyətə səbəb kimi risk etməsini göstərib:
“Oyunda vəziyyət iki dəfə dəyişdi. Əvvəlcə üstünlük əldə etdim. Amma onu inkişaf etdirmək mümkün olmadı. Sonradan Topalov həlledici gedişlərlə vəziyyəti xeyrinə dəyişdi. İki dəfə heç-heçə etməyə imkanım var idi. Yəni istəsəydim, oyunu bərabərliklə başa çatdırardım.
Sadəcə, bu nəticəni istəmədim. Qələbə qazanmağı arzulayırdım. Düşündüm ki, nəhayət, bu gün qələbə qazanmaq vaxtıdır. Heç-heçə etmədiyim üçün peşman deyiləm. Risk etdim və sonda uduzdum. Risk etmək həmişə uğurlu sonluqla yekunlaşmır. Bəzən uduzursan.
Heç-heçə etməyərək mübarizəni davam etdirdiyim üçün özümü qınamıram. Məğlubiyyət məni daha da güclü edəcək. Motivasiya artacaq. İndi başa düşürəm ki, növbəti turlarda qələbə qazanmağa borcluyam”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com