7cfea48c-e615-4fb7-96a9-1b9840b8a25c..jpg

Səhvən ermənilərin maşınına minən, oğlu ilə birlikdə döyüşən komandir – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 496 dəfə baxılıb.

Səhvən ermənilərin maşınına minən, oğlu ilə birlikdə döyüşən komandir –
MÜSAHİBƏ + FOTO

Bu gün 27 Sentyabr – Anım Günüdür. Müqəddəs savaşımızda can vermiş igidləri
hörmətlə anırıq.

Lent.az-ın qəhrəmanı I və II Qarabağ savaşlarının iştirakçısı Çingiz
Qəhrəmanovdur. O, 44 günlük savaşda oğlu ilə bərabər çiyin-çiyinə döyüşüb,
ölümün gözünə dik baxıb, dəfələrlə düşmənin hədəfinə gəlsə də, sağ qalmağı
bacarıb.

– Çingiz bəy, 58 yaşınız var. Üç il öncə necə oldu ki, savaşlara qatıldınız?
Axı yaşıdlarınızı döyüşə aparmırdılar…

– Mən döyüşlər başlamazdan öncə Səfərbərlik Xidmətinə müraciət etmişdim ki,
cəbhəyə getmək istəyirəm. Keçmiş hərbçiyəm, o günlər yayılan xəbərlərdən bilmək
olurdu ki, müharibə qaçılmazdır. Mənə nazirlikdən zəng gəldi, dedilər, özün
kimi bir 10-15 nəfər tap, Qarabağın meşələrini, dağlarını yaxşı tanıyan adamlar
olsunlar, siz kəşfiyyatçı kimi lazımsınız. Evdə bunu deyən kimi, oğlum məndən
qabaq tərpəndi ki, mən də gedirəm. Gecə ilə yük maşınına çoxlu sayda keçmiş
döyüşçülər, mən, oğlum, daha bir neçə gənc doluşduq, üz tutduq Qarabağa tərəf.

– Cəbhədə oğlunuzla ayrıldınız, yoxsa eyni döyüş mövqelərində idiniz?

– Əvvəldən axıra qədər eyni ərazidə olduq.

– Bəs sizə çətin deyildi? Ataların, adətən, qoruma instinkti var. Bir gözünüz
oğlunuzda qalmırdı?

– Yanımda elə oğlum yaşında igidlər can verirdilər… Onların hamısı mənə
oğlum qədər əziz idi. Övladdır, əlbəttə, düşünürsən. Amma cəbhədə elə bir
ovqatda olursan ki, ancaq zəfəri, qalib gəlməyi, düşməni məhv etməyi düşünürsən.

– Ən çətin günü necə xatırlayırsınız?

– Füzulidə müharibənin ilk günlərində döyüşlərdə düşmən yüksəkliklərdə
yerləşmişdi, biz açıqlıqda idik. Top mərmiləri, güllə leysan kimi yağırdı. Göz
açdırmırdılar. Öz səsini belə eşidə bilmirdin. Bununla belə, heç kim geri addım
atmırdı, hamı irəli şığıyırdı. Çoxlu şəhidlərimiz oldu. Bax həmin döyüş ömrümün
ən unudulmaz günü oldu. Müharibə bir dəhşətdir, fəlakətdir. Orada başım nələr
çəkmədi, nələr görmədim? Ölümlərdən döndüm. Bizim dinimizdə öldürmək yoxdur,
onlar bizi öldürməyə vadar elədilər. Mən Laçında ermənilərlə qonşu olmuşam,
evimizdə çörək kəsiblər. Gəlib bal alırdılar. Yaylaqlarımızda heyvan
otarırdılar, acanda istənilən laçınlının qapısını döyüb yemək yeyirdilər.
Hamısına naxələf çıxdılar.

– Heç şəhid olacağınızı, öləcəyinizi düşündünüz?

– Ya şəhidliyə layiq deyildim, ya da Allah qoruyurdu. Məncə, kimsə deməz ki,
mən ölmək istəyirdim. Bunu deməyim yalan olar. Müharibəyə ölməyə yox, öldürməyə
gedirdim. Mən dəfələrlə ölümdən dönmüşəm.

Heç unutmuram, 1994-cü ilin mart ayının dördü idi. Səhər saat 11 radələrində
Füzuli istiqamətində ermənilərin hücuma keçdiyi bildirildi. Biz hücumun
qarısını ala bildik. Cəbhəni yarmaq istəyirdilər. Ara sakitləşdi, mən asfalt
yola düşüb, geriyə, öz postumuza qayıdırdım. Yolda bir ağ “Niva”, arxasınca da
təcili tibbi yardım maşını göründü. Əl elədim ki, maşınla gedim. Yorulmuşdum.
Təcili yardım maşınının qapısını açdım, içəridə beş-altı hərbiçi oturmuşdu. Heç
birini tanımadım. Orada əksəriyyətimiz bir-birimizi üzdən tanıyırdıq. Ermənilər
də, biz də sarı “əfqanka” deyilən hərbi formalarda olurduq. Ordu
formalaşmamışdı. Keçib “Niva”da oturdum, sürücü mayor idi, salam verdim, mayor
üzümə ikrahla baxdı. Bir xeyli getdik, şübhəli suallar verirdi, ləhcəsindən
anladım ki, bu ermənidir. Maşını saxladı, dedi, əlini qaldır. Mən avtomatı
bunun qarnına dirədim, o da mənim sinəmə. Tibbi yardım maşını 50 metr qədər
aralıda idi, içindəki ermənilər də düşdülər, atışma başladı. Dörd nəfəri, mayor
qarışıq öldürdüm, o birilər qaçdılar. “Niva”nı minib gəldim hərbi hissəyə.
Həmin gecə bu barədə Ali Baş Komandanımız Heydər Əliyevə məruzə edildi, o da
bildirdi ki, “Niva”nı Qəhrəmanova qəhrəmanlığının qəniməti olaraq veririk. O
maşın hələ də məndədir, bu gün də işlək vəziyyətdədir. Budəfəki döyüşlərdə də
Laçın istiqamətində içində olduğumuz avtomobil 20 metr məsafədə iki dəfə minaya
düşdü. Həkəri çayı yaxınlığında yeddi nəfər zirehli maşında gedirdik. Biri tank
əleyhinə, digəri piyada əleyhinə mina idi. Zirehli maşında olmasaydıq, ölərdik.
Təəssüf ki, bizdən qabaqkı maşında olanlardan əlini, ayağını itirənlər oldu.

– Bakıda, İsmayıllıda evlər tikdiniz, təsərrüfat qurdunuz. İllər içində
alışdınız bu yerlərə. Laçına köçmək niyyətiniz var?

– Yaralı yerimdir bu mənim. Allah eləməsin ki, buralarda qalam, gedə bilməyəm.
Allah məni bu qədər ölümlərdən qoruyub, yəqin, orada yaşamağı da nəsib edər.
Müharibə günlərində Laçınımın doğma Səfiyan kəndindəki ata evimə getdim. İçində
yaşayış olmuşdu. Amma tökülmüş, viranə halda idi, damı uçmuş, dağıdılmışdı.
Oğlumla bir gecə o divarların arasında yatdım. Ömrümün ən şirin yuxusu idi, 30
illik həsrətimin sonu idi o gecə.

Source link