Bir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən 20 yaşlı Şəkər Xasmətovanın dəfnində əmisi Seymur Xasmətovun vəziyyəti pisləşib.
ÇıxışYolu.Com xəbər verir ki, o, ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Lakin burada həkimlər onun müalicəsinin Bakıda davam etdirilməsi ilə bağlı qərar qəbul ediblər.
Bakıya aparılarkən S.Xasmətovun olduğu maşın Qusar-Quba magistralında qəzaya uğrayıb.
Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir. Avtomobil yol kənarındakı nişana dəyərək, dərəyə yuvarlanıb.
Hadisə nəticəsində Şəkər Xasmətovanın əmisi qızı ağır xəsarətlə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun üzərində cərrahi əməliyyat aparılıb. Hazırda müalicəsi reanimasiya şəraitində davam etdirilir.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
Ş.Xasmətova dünən doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.