Şəkidə törədilən qətlin bəzi təfərrüatı məlum olub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şəkinin Aşağı Küngüt kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Aşağı Küngüt kənd icra nümayəndəsi Elsevər Qasımov “Report”un yerli bürosuna
bildirib ki, 26 oktyabr tarixində saat 16:00 radələrində kəndlərində yaşayan
kürəkən və qayının mübahisəsi sonda kürəkənin ölümü ilə nəticələnib.
Elsevər Qasımov əlavə edib ki, 1982-ci il təvəllüdlü Asif Arif oğlu Həşimov
Oğuz rayon qeydiyyatıdır:
“O, Aşağı Küngüt kəndindən olan xanımla ailə qurduqdan sonra bu kənddə
müxtəlif evlərdə kirayə yaşayıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən
1988-ci il təvəllüdlü Cavid Behbud oğlu İsayev isə qətlə yetirilən Asif
Həşimovun həyat yoldaşının qardaşıdır”.
İcra nümayəndəsinin sözlərinə görə, bu vaxta qədər kürəkən və qayın arasında
hər hansı bir ədavətə şahidlik etməyib.
Kənd sakinlərinin sözlərinə görə, Asif Həşimov və Cavid İsayev kənd ərazisində
mübahisə etdikdən sonra məsələni aydınlaşdırmaq üçün avtomobillə kənddən
uzaqlaşıblar. Hadisə də həmin ərazidə baş verib.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Asif Arif oğlu Həşimovun kəsilmiş-deşilmiş
xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il
təvəllüdlü Cavid Behbud oğlu İsayev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
18:15
Oktyabrın 26-da Şəki rayon Mərkəzi xəstəxanasından rayon prokurorluğuna bir
nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Şəki Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1988-ci il
təvəllüdlü Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında
yaranmış mübahisə zamanı qohumu, 1982-ci il təvəllüdlü, Oğuz rayon sakini Asif
Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs
qismində tutulub.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
18:11
Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Asif Arif oğlu
Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər-Rayon Polis
Şöbəsinə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il
təvəllüdlü Cavid Beybud oğlu İsayev könüllü olaraq polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.