b763b088-4da3-4822-a542-b73dbf262f48.jpg

Səkkiz qol və doqquz məhsuldar ötürmə: Rodri “Qızıl top”a layiq idi?

Baxış sayı: 135 dəfə baxılıb.

1956-cı ildən etibarən təqdim edilən və futbol dünyasının ən prestijli fərdi
mükafatı olan “Ballon d’Or” – “Qızıl Top” növbəti dəfə sahibini tapdı. Artıq
68-ci dəfə təqdim edilən bu mükafat “Mançester Siti” və İspaniya millisinin
yarımmüdafiəçisi Rodriyə qismət oldu. 2023/24 mövsümünün və ötən yayın daxil
olduğu periodun ən yaxşısı olaraq seçilən Rodri meydanda taktiki zəkası,
soyuqqanlı oyunu və komandaya misilsiz dəstəyi ilə futbol tarixində yeni bir iz
buraxdı.

“Kaspi” qəzetinin budəfəki yazısı Rodrinin “Qızıl top” mükafatı qazanmasına və
bunun ətrafında yaranmış mübahisələrə həsr olunub.

Rodri ötən mövsüm “Mançester Siti”nin uğurlarında əhəmiyyətli pay sahibi idi.
İngiltərə Premyer Liqasında komandasının çempionluq qazanmasında böyük payı
olan yarımmüdafiəçi təkcə müdafiə keyfiyyətləri ilə deyil, həm də hücumda
effektivliyi ilə fərqləndi. O, 34 qarşılaşmada səkkiz qol və doqquz məhsuldar
ötürmə ilə yadda qaldı. UEFA Super Kubokunu qazanan Ropdrinin komandası
Çempionlar Liqasında 1/4 final oynadı. Lakin bu turnir tarixinin şəriksiz ən
güclüsü “Real Madrid” kimi rəqiblə üz-üzə qalmaq bəzən hətta ən yaxşılar üçün
də nəticənin başqa cür bitməsinə səbəb ola bilir. Nəticədə Rodrili “şəhərlilər”
gələcək çempionla mübarizədə dayanmalı oldular.

Rodrinin ən parlaq dövrü bu ilin yay aylarında İspaniya millisi ilə Avropa
çempionluğunu qazanması oldu. Luis de la Fuentenin rəhbərliyində formalaşan
yığmanın əsas simalarından olan Rodri komanda üçün həyati əhəmiyyət daşıyan
fiqurlardan idi. O, hər matçda sanki meydanın sahiblərindən biri oldu və
müdafiə planındakı effektiv çıxışı, ağıllı ötürmələri sayəsində oyunun
gedişatına istiqamət verməsi ilə fərqləndi. Beləliklə o, İspaniya millisinin
yekun qələbəsində mühüm rol oynadı.

Rodrinin Avropa çempionluğuna nail olması onun dəyərini daha da artırdı. Yay
aylarında transfer bazarında qiyməti 90 milyon avrodan 130 milyon avroya
yüksəldi və İspaniya futbol tarixində ən dəyərli oyunçulardan biri oldu. Bu,
sıradan bir nəticə deyil, əslində Rodrinin oyun əhəmiyyətinin nə dərəcədə böyük
olduğunu bir daha göstərdi.

Bu il “Qızıl Top”a namizədlər arasında əsas rəqabət Rodri ilə “Real Madrid”in
və Braziliya yığmasının vingeri Vinisius Junior arasında gedirdi. Hər iki
futbolçu mövsüm boyunca yüksəksəviyyəli performans nümayiş etdirdilər. Yekunda
Rodri qalib seçildi, Vinisius isə ikinci yeri tutdu. İlk “üçlüy”ü Madridin
digər gənc ulduzu Cud Bellinqem tamamladı. Dördüncü sırada “kral klubu”nun daha
bir oyunçusu Dani Karvaxal yer aldı. Beşinci yer Rodrinin komanda yoldaşı
Erlinq Holanda qismət oldu.

Yekun sıralama “Real Madrid” cəbhəsində məyusluğa səbəb oldu və hətta klub
mükafatlandırma mərasimini boykot edərək öz etirazını bildirdi. Çünki onların
fikrincə, Vinisius mükafata daha çox layiq idi.

“Qızıl top”un sahibinin seçilməsi zamanı hansı meyarların əsas götürülməsinin
aydın olmaması müzakirələri kəskinləşdirən əsas amildir. Mükafat fərdi
bacarıqlara görə verilməli, yoxsa oyunçunun qazandığı titullara daha çox
əhəmiyyət verilməlidir? Bu sual futbol dünyasında tərəfdarları iki yerə bölür.
Vinisius fərdi performansı ilə diqqətləri cəlb edərkən, Rodri kollektiv oyun və
qazandığı titullarla önə çıxdı. Hətta bəzi mütəxəssislər bu mükafatın Dani
Karvaxala verilməli olduğunu da iddia edirdilər, çünki o, həm Çempionlar
Liqasının qalibi olmuş, həm də Rodri kimi Avropa çempionluğunu qazanmışdı.

“Real Madrid” azarkeşləri və klub rəhbərliyi UEFA ilə aralarında olan
gərginliyin seçimlərə təsir göstərdiyini iddia edirlər. Onların fikrincə, Super
Liqa layihəsi ilə bağlı çəkişmələr “Qızıl Top” seçimində də nəzərə alınıb. Bu
iddiaları gücləndirən məqamlardan biri də mükafatlandırma mərasiminin təşkilati
işlərində “France Football” ilə birgə UEFA-nın da iştirak etməsidir.

Ümumiyyətlə, seçim əsaslı mükafatlandırmalarda heç də hər kəsin razı qalmadığı
çoxdan məlum olan faktdır. Rodrini, Vinisiusu, hətta Karvaxalı daha layiq hesab
edənlərin hər birinin haqlı arqumentləri var. Lakin Vinisiusun Braziliya
millisi ilə Amerika Kubokunda uğursuzluğa düçar olması, Karvahalın İspaniya
yığmasında və ya “Real Madrid”də əsas lider olmaması kimi əks-arqumentlər də
irəli sürülə bilər.

Bəlkə də builki mükafat futbolda uzun müddətdir sürən fərdi bacarıq ilə
kollektiv zəfər arasında olan gərginliyi göstərən bir simvol olaraq qalacaq.
Amma hər nə olursa-olsun, Rodri artıq futbol dünyasının “Qızıl Top”u ilə
taclandırılan əbədi qalibləri sırasına qoşuldu və bu, onun gələcəkdə
xatırlanacaq ən böyük uğurudur.

Source link